Ermənistan müxalifəti H.Clinton'dan narazı qaldı

Hillary Clinton və Serzh Sargsyan

İyunun 4-də Ermənistanda səfərdə olarkən ABŞ Dövlət katibi Hillary Clinton ölkədə bir ay əvvəl keçirilən parlament seçkilərindən məmnunluq ifadə edib. Prezident Serzh Sargsyan'ın iqamətgahında keçirilən mətbuat konfransında H.Clinton bildirib ki, 6 may seçkiləri «rəqabətli və açıq» olub:

«Biz Ermənistanda demokratik institutların gücləndirilməsi, şəffaflığın təmin edilməsi, mətbuat azadlığının artırılması, korrupsiya ilə mübarizə, insan hüquq və azadlıqları sahəsində işlərin davam etməsini görməkdən məmnunuq».

H.Clinton həmçinin beynəlxalq müşahidəçilərin seçkilərə verdiyi müsbət qiymətdən şad olduğunu deyib:

«Düzdür, bəzi seçici problemləri olub. Biz ümid edirik ki, Ermənistan daha yaxşı seçkilər keçirmək üçün gələcəkdə də ATƏT və digər təşkilatlarla işləyəcək».

ABŞ Dövlət katibi Ermənistanın iqtisadiyyatı gücləndirmək üçün atdığı addımlara da müsbət qiymət verib:

«Sahibkarlar müstəqil məhkəmə sistemi, biznes mühitinin şəffaf tənzimləndiyi, vergi və gömrük sistemi açıq olan mühit axtarır. Biz Ermənistanın bu sahədə irəliləyişlərini görməkdən məmnunuq».

Eduard Sharmazanov

Dağlıq Qarabağ münaqişəsindən danışan H.Clinton münaqişənin güc yolu ilə həllinin yolverilməz olduğunu deyib. Ermənistan-Türkiyə münasibətlərinə toxunarkən isə o, qeyd edib ki, ABŞ heç bir ilkin şərt olmadan Ermənistan-Türkiyə protokollarının ratifikasiyasını dəstəkləyir. Dövlət katibi «hazırda topun Türkiyənin sahəsində olduğunu» deyib.

«CLINTON'UN RƏYİ ÇOX VACİBDİR»

Ermənistan parlamentinin vitse-spikeri, hakim Respublikaçılar Partiyasının mətbuat katibi Eduard Sharmazanov hesab edir ki, H.Clinton'un ölkəsində keçirilən son parlament seçkiləri ilə bağlı müsbət rəyi çox vacibdir:

«Çünki bu vaxta qədər Dövlət Departamentinin mövqeyi tənqidi olub, ancaq indi ABŞ kimi ölkənin Dövlət katibi demokratik islahatları yüksək qiymətləndirir».

E.Sharmazanov ABŞ-ın Ermənistan-Türkiyə münasibətlərinin yoluna qoyulmasında Ermənistanın göstərdiyi səyləri müsbət dəyərləndirməsini də vacib amil hesab edir.

VAŞİNQTONUN GÖZLƏNTİLƏRİ VAR

Müxalif «İrs» Partiyasının nümayəndəsi Stepan Safarian isə düşünür ki, Vaşinqtonun bu münasibətlərin normallaşmasından bəzi

Stepan Safarian

gözləntiləri var:

«Hillary Clinton Ermənistan-Türkiyə məsələsində rəsmi Yerevanın əlindən gələni əsirgəmədiyini deyib. Dolayı yolla bundan sonra geri çəkilməyəcəyini gözlədiklərinə də işarə vurub».

S.Safaryan'ın fikrincə yaxın gələcəkdə Ermənistan-Türkiyə münasibətləri məsələsi yenidən aktuallaşacaq, ancaq bunun nə ilə nəticələnəcəyi hələlik məlum deyil.

«BU, DÖVLƏT KATİBİNİN ŞƏXSİ FİKRİDİR»

Müxalif «Respublika» Partiyasının lideri Aram Sargsyan hesab edir ki, 6 may parlament seçkilərinə verilən qiymət Dövlət katibinin özünün şəxsi fikridir:

«O, öz şəxsi fikrini bildirib. ABŞ öz rəsmi qiymətini Dövlət Departamentinin illik hesabatında verir. Bu qiymət digər ölkələrlə müqayisədə daha ədalətli olur. Hesab edirəm ki, bu dəfə də qiymətləndirmə ədalətli olacaq».

Alexander Arzumanian

«ƏSAS XALQIN FİKRİDİR»

Ermənistanın keçmiş Xarici İşlər naziri, hazırda Azad Demokratlar Partiyasının üzvü Alexander Arzumanian'ı isə bu və ya digər şəxsin fikri narahat etmir. Onu xalqın ötən seçkilər barədə nə düşündüyü daha çox maraqlandırır:

«Həm müşahidəçilər, həm də ayrı-ayrı qurumlar hər zaman bəyan edirlər ki, bu, bizim seçkilərdir və onun nəticələri ilə biz yaşamalıyıq. Ona görə xaricdən verilən qiymət məni bir o qədər maraqlandırmır. Mənə maraqlıdır ki, özümüz seçkiləri necə qiymətləndiririk. İctimaiyyət nəticələri qəbul edirsə, deməli, hər şey normaldır. Qəbul etmirsə, deməli, problem var. Biz seçkinin nəticələrini qəbul etmiriksə, ancaq hamı onun yaxşı keçdiyini deyirsə, onda heç nə dəyişmir – biz eyni vəziyyətdə qalırıq».