Kilsədə xuliqanlıq etməkdə suçlanmış rokçulara böyük dəstək

"Pussy Riot" həbsdə olan üzvləri - Yekaterina Samuseviç, Nadejda Tolokonnikova və Maria Alyoxina

Moskvanın mərkəzindəki “Xilaskar Məsih” kilsəsində xuliqanlıq etmək ittihamı ilə həbs edilmiş “Pussy Riot” pank-rok qrupunun üzvlərinə Rusiyanın tanınmış mədəniyyət adamlarından dəstək gəldi.

Oleq Basilaşvili, Liya Axedjakova, Eldar Ryazanov, Fyodor Bondarçuk, Yuriy Şevçuk və başqa tanınmış sənət adamlarının birgə bəyanatında deyilir ki, onların çoxu kilsədəki aksiyanı düzgün saymasalar da, musiqiçilərin azadlığa buraxılmasını vacib sayırlar.

Onlar bəyanatı işə baxacaq Moskva Şəhər Məhkəməsinə də göndəriblər.

Qızlardan ibarət “Pussy Riot” qrupunun üzvləri bu ilin fevralında kilsədə “Məryəm ana, Putini qov” məzmunlu “pank-dua” etmişdilər.

Onlar bu dua-mahnını oxuyub qurtarmamış kilsənin xidmətçiləri tərəfindən mehrabdan uzaqlaşdırılmışdılar.

Bu, böyük qalmaqala səbəb olmuş, pravoslav kilsəsi olayı pisləmişdi.

Həbsdə olan “Pussy Riot” qrupunun həbsdə olan 3 üzvünün - Yekaterina Samuseviç, Nadejda Tolokonnikova və Maria Alyoxinanın işinə indi Moskva Şəhər Məhkəməsi baxmalıdır.

Vəkilləri hesab edirlər ki, qızların həbs müddətinin təkrar uzadılması qanunsuzdur.

Təqsirli bilinəcəkləri halda isə qızları 7 il həbs cəzası gözləyə bilər.

"Pussy riot"a dəstək aksiyası keçirən fanatlar polis tərəfindən həbs edilir. Moskva, 20 iyun 2012


Mariya Alyoxina Moskvanın Taqanski Məhkəməsində, 20 iyun 2012


"Pussy riot" qrupunun Moskvadakı Qızıl meydanda aksiyası, 20 yanvar, 2012