«Avro-2012»dən Kiyevə nə qalır?

Kiyevdə İsveç azarkeşləri

«Avro-2012»də oynanmamış bircə oyun qalıb – final. İkinci yarımfinal isə Ukraynanın Konstitusiya Günü ilə eyni tarixə təsadüf edirdi. Bu münasibətlə «Maydan»da bayram atəşfəşanlığı gözlənsə də, olmadı. Amma əvəzində feyerverk oldu, Almaniya millisinin oyunçusu Mesut Özil İtaliya qapısına penalti vuranda.

Əsl atəşfəşanlıq isə final fitindən sonra başladı. Xoşbəxt italyan futbolçuları və onların Ukraynadakı azarkeşlərinin aşıb-daşan emosiyaları, coşqunluğu elə əsl atəşfəşanlığı xatırladırdı. Axı Ukraynada İtaliyaya həmişə azarkeşlik ediblər. Xüsusən də Andriy Shevchenko «Milan»da oynayandan bəri.

İtalyan futbolçu Mario Balottelli'nin vurduğu qollar isə həm də bir incə siyasi məsələni həll etdi: Almaniya kansleri Angela Merkel'i Kiyevə getmək və Ukrayna prezidenti Viktor Yanukovych ilə görüşmək zərurətindən xilas etdi. «Avro-2012» ərəfəsində Merkel eyhamla demişdi ki, milli yığmanın Ukraynadakı oyununa getməyəcək. Səbəb də Ukraynanın sabiq Baş naziri Yulia Tymoshenko'nun Xarkov həbsxanasında çəkdiyi əziyyətlər idi. Alman yığmasının kapitanı Philipp Lahm isə bəyan etmişdi ki, komandası birincilik əldə edərsə, mükafatın təqdim olunması mərasimində prezident Yanukovych'ə əl verməyəcək. Amma artıq məsələ çözüldü. Almanlar bürünc mükafatı alıb evlərinə qayıdırlar...

GÖZDƏN ASILAN PƏRDƏ

Polşalı futbol azarkeşləri

​Kiyevdə isə çempionat zamanı olan qələbəlik seyrəlməkdədir. Bulgakov'un «Ağ qvardiya»sında əbədiləşdirilmiş Andreyev yoxuşundasa simvolik mənzərəyə tamaşa etmək olar. Kiyevin başlıca turist küçəsində çempionata qədər bərpa işləri başa çatdırılmayıb. Ancaq çıxış yolu tapılıb: binaların fasadına dekorativ pannolar asılıb, ordasa elə həmin evlərin pəncərə, balkon və qapıları təsvir olunub. Çox təbii və gözəl görünür.

Bəs niyə bu «Avro-2012» üçün simvolikdir? Bütün turnir boyu tənqidlər eşidilirdi ki, guya burda əcnəbilər üçün kənd salıblar. Sadəcə fasadlara əl gəzdiriblər, ölkənin özündəsə az şey dəyişib. Bunda həqiqət payı da var. Amma bu çempionatın təşkilindəki və keçirilməsindəki uğurları azaltmır. Eləcə də idman yarışmasının əhəmiyyətini və insanlarda yaratdığı xoş ovqatı zərrə qədər də əskiltmir.

Stadionların hazırlığına, mətbuat mərkəzinin qurulmasına söz yoxdur. Mətbuat mərkəzi İdman Sarayında yaradılıb. Mətbuat işçilərinisə arenada yerləşdiriblər.

Ukrayna-Fransa oyununda leysan

Orda kompyuterlər də, bütün məsələlərin həllinə canla-başla hazır olan könüllülər də yetərincədir.

«MƏN DONETSKDƏ OLMUŞAM, DAHA HEÇ NƏ MƏNİ QORXUTMUR»

«Avro-2012»yə daha bir simvolu isə Donetsk hədiyyə edib. Ukrayna-Fransa yığmalarının qarşılaşması zamanı leysan tökürdü, bu da oyunu yarıda kəsməyə vadar etdi. Azarkeşlərsə suyla dolmuş tribunlardan qaçmağa başlamışdılar. Bu situasiyada kimin hansı komandanın azarkeşi olduğunu kəsdirə bilmirdin. Hamı bir-birinə qarışmışdı, qarşıdurma və münaqişə yox idi. Kameralar hər iki komanda fanatlarının zarafatlaşmasını, gülüşlərini, çıxardığı hoqqaları göstərirdi. Və bütün bunlar az qala cinayətkar şəhər kimi qələmə verilən Donetskdə baş verirdi. Yəqin, buna görə də çempionat zamanı yerli biznesmenlər iti ağıllarını işə saldılar, qısa zamanda üstündə yazı həkk olunmuş köynək istehsalına başladılar. Yazıda deyilirdi: «Mən Donetskdə olmuşam, daha heç nə məni qorxutmur!».

Ukraynalı fanatlar

Bu köynəkləri çempionat ərəfəsində hamıdan çox qorxudulan ingilis fanatlar göydə qapırdılar. İspan qonaqlarsa göstərdilər ki, rusların «kalinki-malinki»si varsa, onların da öz mahnıları var: «Mən ispanyolam!».

GÖZƏL QIZLAR, DADLI YEMƏKLƏR, UCUZ PİVƏ

Varşava yarımfinalında, İtaliya-Almaniya fantastik qarşılaşması zamanı isə başqa simvolik mənzərə gözə çarpırdı: avropalı fanatlar (ispanlar, almanlar, italyanlar, norveçlilər...) ukraynalı qızlarla şəkillər çəkdirir, onlardan poz vermələrini istəyirdilər. Skeptiklər deyirlər ki, avropalı qonaqlar Ukraynada nə gördülər? Gözəl qızlar, dadlı yemək və ucuz pivə? Bəs Avropa standartları, insan haqları və yerdə qalanlar? İndi nə deyəsən?

Milislərə ingilis dili öyrətmək mümkün deyilsə, hər patrulun yanına bir könüllü qoşmaq olar. Tıxacların qarşısını almaq olmursa, mərkəzi küçələri bağlamaq olar, təmiri bitməmiş binaları isə dekorativ pannolarla əvəzləmək mümkündür. Vəssalam, şüttamam.