BP rüşvət qalmaqalına görə podratçı şirkətlə müqaviləni dayandırır

BP

-

BP neft şirkəti bir qədər əvvəl adı Azərbaycandakı layihələrlə bağlı rüşvət qalmaqalında hallanan podratçı şirkətlə müqaviləni dayandırmağı qərara alıb.

Bu barədə APA-ya BP-nin Bakı ofisindən bildirilib.

BP Böyük Britaniyanın Ciddi Fırıldaqla Mübarizə İdarəsinin (SFO) apardığı istintaqa cəlb olunub.

«The Daily Telegraph» qəzetinin məlumatına görə, istintaq BP-nin podratçı şirkətlərindən birinin Azərbaycandakı layihələrində rüşvət iddiaları ilə bağlı aparılır.

BP-nin London ofisindən bu hal təsdiqlənsə də, bildirilib ki, istintaq BP-nin bu rüşvət iddiasında əli olduğunu və ya ondan faydalandığını iddia etmir. Üstəlik, adı hələlik çəkilməyən podratçı şirkət rüşvətlə bağlı məlumatı ötən il özü SFO-a təqdim edib. Rüşvətin BP işçiləri tərəfindən verildiyinə dair heç bir iddia olmasa da, «Telegraph» qəzeti güman edir ki, podratçı müqəssir bilinirsə, BP də cavabdeh kimi məsuliyyətə cəlb oluna bilər.

«Rüşvət halı ötən il iyulun 1-dən sonra baş veribsə, həm BP, həm də podratçı Rüşvət Aktı ilə istintaqa cəlb oluna bilər. Bu akta görə, istənilən şirkət öz işçiləri, agentləri və podratçıları tərəfindən edilən cinayətlərə görə məsuliyyət daşıyır», - deyə qəzetin məlumatında

Tamam Bayatlı

bildirilir.

«BP-Azerbaijan» şirkətinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Tamam Bayatlı bildirib ki, pozuntunun baş verməsi barədə məlumatı nəzarət orqanlarına şirkət özü verib:

«BP-yə bir podratçı şirkət tərəfindən məlumat verilib ki, həmin şirkət keçmişdə BP-nin Davranış Qaydalarını pozub. Bizim bildiyimizə görə, həmin şirkət bu məlumatı nəzarət orqanlarına özü xəbər verib».

Bununla əlaqədar olaraq BP həmin şirkətlə əməkdaşlığı dayandırmağı qərara alıb.

«Biz hazırda həmin podratçı şirkətlə müqaviləni dayandırmaq prosesindəyik», - deyə T.Bayatlı bildirib.