Dostoyevski Azərbaycan ilahiyyatçılarını da çaş-baş salıb

İlqar İbrahimoğlu

-
“Mən rus dilini akademik səviyyədə bilirəm, amma konkret “besı” sözünün bizim dildə hansı mənanı verə biləcəyini şərh etməkdə çətinlik çəkirəm. Ona görə də hər hansı fikir söyləyə bilmərəm”.

Bunu “Oxu zalı”na açıqlamasında ilahiyyatçı Hacı İlqar İbrahimoğlu deyib.

Bir neçə gün öncə “Oxu zalı”na bir sual elan etmişdik ki, “Dahi rus yazıçısı F.Dostoyevskinin “Besı” romanının adının Azərbaycan dilinə “Şeytanlar” kimi çevrilməsi düzgündürmü?” Məsələn, roman Türkiyə türkcəsinə “Cinlər” adıyla çevrilib.

Şərqşünas alim, “Quran”ın Azərbaycan dilinə tərcüməsinin müəllifi Nəriman Qasımoğlu isə məsələ ilə bağlı bunları deyib:

“İslam dininə görə İblis təkdir. Şeytan isə ondan törəmədir. Buna Şəyatin də deyirlər, yəni şeytanlar. Bu mənada insanda şeytandan nə isə əlamət varsa, şeytan ona yoldaş olur. Əgər şeytan bir dənədirsə, eyni zamanda insanlara necə yoldaş ola bilər? Şeytan tək olsa, hər yerdə ola bilməz. Zamansızlıq, məkansızlıq tək ilahi qüvvəyə aiddir.

Belə təxmin eləmək olar ki, Allah dərgahından İblis qovulub, ondan törəyənlərə də şeytanlar deyirlər. Bunun teoloji araşdırmasını aparmamışam, daha doğrusu, üstündə düşünməmişəm. Əslində, “Şeytanlar” ifadəsinin özünü də mübahisəli hesab etmək olar, amma xalq arasında deyim kimi işlənir. Ərəblərdə Şeytan təkdə, Şəyatin cəmdədir.

Cinlər tamam ayrı məxluqatdır. Quranda da bu haqda yazılıb. Cinlərin Şeytana, İblisə heç bir dəxli yoxdur. Cinlərin içində iman gətirənləri də, imansızları da var. Bu iki varlıq ümumiyyətlə, müqayisə olunmaz varlıqlardır. Yəni bunun teoloji əsası yoxdur.

İblis mənfiliyin təcəssümüdür. Cinlər isə mənfiliyin təcəssümündə yer almırlar. Cinlərin içində insanları yoldan çıxardanları yoxdur, amma özləri öz yollarını aza bilərlər. İnsanı

Şahin Həsənli

yoldan ancaq şeytan çıxara bilər. Cinlərin də içində iman gətirənləri, kafirləri var. İnsanlar kimi.”

Məsələ ilə bağlı İlahiyyətçi Hacı Şahin Həsənlinin də fikirlərini öyrəndik:

“Mən maraqlanmışam, düzü, bu sözün Azərbaycan dilində qarşılığını tapmaq olmur. Açığını deyim, bu məsələ mənim özümə də aydın deyil. Şeytan Quranda haqqında danışılan bir varlıqdır. İnsanları haqq yolundan azdıran şərin mənbəyi hesab olunur.

Hədislərdə buyurulur ki, Cin də, Şeytan da oddan yaranıblar. Amma cinlərin içində iman gətirmişləri də var, yolunu azmışları da. İnsanlar kimi Cinlər də doğru yola dəvət olunur. Şeytan isə belə deyək, bu istedaddan məhrumdur.

Şeytan mütləq şərdir. İblislə Şeytan arasında isə, belə bir müqayisə aparmaq olar: İnsan və Adəm. Yəni Adəm konkret insandırsa, İblis də konkret şeytandır. Həzrəti Adəmə səcdə etməyən şeytanın adı İblisdir. Şeytan İblisdən törəmədir. İnsanları doğru şüarla yanlış yola dəvət etmək daha çox, şeytana məxsusdur”.


Bəs sən nə düşünürsən, “besı” sözü necə çevrilməlidir?