Zahir Əzəmət. Sən və ayaqqabım

-

Sən və ayaqqabım

sevmirsən sevmə
daha yuxularıma girib
ujas filmlər niyə göstərirsən

sən gedəli onsuz da
televizorum xarab olub
mırıq dişləriylə sirk göstərən
məmiş kişi də öldü
son günlər isə yenə kəskin düşüb
Nyü-York birjasında
Bir azərbaycanlının dəyəri

cəhənnəmə ki
sevmirsən sevmə
daha rəqsanənin mahnısına oynamağın nəydi

bu da ilk bahar yağışı
havalar küçələr qəzet köşkləri
araq qoxuyur
adamlar evə tələsmir
adamlar darıxır
sən də sevmirsən sevmə
daha ayaqqabım niyə su buraxır

kult.az