Zəlimxan Yaqub. Şairəm, siz məni qınamazsınız

-

Şairəm, siz məni qınamazsınız

Ey məni duyanlar, məni sevənlər,
Ömrüm bağçasında bahar-yazsınız.
Telləri gümüşdən, üzü sədəfdən,
Siz mənim qəlbimdə dinən sazsınız.

Şeytanın zəhməti hədərdi-hədər,
Dost olan ürəkdən gen düşər kədər,
Sayınız olsa da, ulduzlar qədər,
Mənimçün azsınız, yenə azsınız.

İsti yuvamsınız - uçan quş olsam,
Dərmanım sizsiniz - dərdə tuş olsam.
Arada kimisə unutmuş olsam,
Şairəm, siz məni qınamazsınız.

zalimxanyaqub.com