Şairlərin valideynləri narahatdır

Şair Fərid Hüseyn və Şəhriyar Hacızadə (Foto: PressTV)

Həbsdə olan gənc şairlər - Fərid Hüseyn və Şəhriyar Hacızadənin valideyinləri İran rəhbərlərinə müraciət edərək Ramazan bayramı xatirinə övladlarının azadlığa buraxmasını istəyirlər.

Bunu AzadlıqRadiosuna Şəhriyarın atası Mail Hacızadə bildirib. O deyib ki, İranda tanınmış azərbaycanlı şair və jurnalist Səid Muğanlının bu günlərdə azadlığa çıxdığını eşidib çox seviniblər. Ümid edirlər ki, İran liderləri onların da gözlərini yolda qoymayacaq:
«Biz- mən və Fəridin anası Ayətullah Əli Xamneyiyə, Mahmud Əhmədinejata müraciət edirik. Rəva bilməsinlər ki, o uşaqlar bu Ramazan ayında zindanda qalsınlar. Mən bilirəm ki, indi onlar orada oruc tuturlar. Şərait yaratsınlar ki, onlar bu ayı azad gəzsinlər. Ramazan ayının, bu ayda nazil olan «Quran»ın hörmətinə, İslam dini yolunda canını fəda etmiş müqəddəslərin xatirinə övladlarımızı azad etsinlər. Ağayi Xamneyi bilsin ki, Hacı Mail din xadimidi, o sizə müraciət edir».

Səid Muğanlı

Mail Hacızadə deyir ki, oğlu ilə sonuncu dəfə iyulun 17-də danışıb. Şəhriyar atasına deyib ki, darıxır, tezliklə İrana gəlib onunla görüşməsini istəyir.

ŞAİR SƏİD MUĞANLI AZADLIĞA ÇIXIB
APA-nın məlumatına görə, İranda tanınmış azərbaycanlı şair və jurnalist Səid Muğanlının barəsində çıxarılmış 6 aylıq həbs cəzası bitirdikdən sonra o, Təbrizin mərkəzi həbsxanasından azadlığa buraxılıb.
Poeziya festivalında iştirak etmək üçün İrana səfərə yollanmış şairlər Fərid Hüseyn və Şəhriyar del Gerani (Hacızadə) Bakıya qayıtmalı olduqları gün – bu il mayın 2-də İranda həbs ediliblər. İran tərəfi son vaxtlar onlara valideynləri ilə görüş vəd etsə də hələlik bu məsələ həllini tapmayıb.