Nuranə Nur.. Çərpələng

-
ÇƏRPƏLƏNG

Gözlərim hələ də,
uşaqkən uçurtduğum çərpələngi axtarır göylərdə.
Bəlkə də hardasa,
hansısa buludun üstündə yaşayır hələ də...
Bəlkə, bulud da o vaxtdan ağlamır onun xətrinə.
Günlərdən bu gün deyildi onda,
tumurcuq hisslərim hələ açılmamışdı.
Bilmirdim,
hər mələyin qorumağa bəndəsi olduğunu.
Əllərimi də uçurmuşdum göylərə,
körpə əllərimi...
O gündən hər üfüqə dalanda
əllərim əl yelləyir mənə.
Siz heç,
birini vuraraq ona vuruldunuzmu?
Yoxsa siz də mənim kimi...
Ehh...
Vurmaq üçün mənə əllərim gərək olmadı.