Şair Qabil niyə başqasının ayağını qaşıyırdı (Lətifələr)

-

İsmayıl Şıxlının “Dostum Qabilin qəribə əhvalatları” və “Mahir Qabiloğlunun “Atamın qəribə əhvalatları” kitablarından seçmə lətifələr...


Hüsü Hacıyev küçəsində yazıçılara təzə ev tikilmişdi. Bir ay idi ki, bölüb qurtara bilmirdilər.

Hər gün Rəyasət Heyətində yığışıb müzakirə edirdilər. Evsiz cavanlar isə qapının ağzını kəsdirib gözləyirdilər. Bir gün yenə içəridə müzakirə gedirmiş. Qabillə Davud Ordubadlı dəhlizdə, köhnə divanın üstündə oturub, qulaqlarını qapıya söykəyiblərmiş ki, görsünlər içəridə nə danışırlar.

Bir də Davud görür ki, Qabil əyilib onun çəkmələrinin bağını boşaldır. Dinmir. Gözləyir ki, görsün sonra nə edəcək. Qabil əlini salıb Davudun ayağını qaşımağa başlayır. Davud dözür və başa düşür ki, bir az da keçsə Qabil qaşıyıb onun ayağını qanadacaq. Həyəcanla soruşur:

- Qabil, nə edirsən?

- Heç nə, ayağımı qaşıyıram.

- Kimin ayağını qaşıyırsan?

- Necə, yəni kimin, özümün.

Davudu gülmək turur.

- Sən özünün yox, mənim ayağımı qaşıyırsan.

- Deyirəm axı, bu şoğərib qaşınmam niyə kəsmir.

***

Bir gün zəngimiz çalındı. Qapını yoldaşım açdı.

- Ümidə bacı, bizim açarları ver.

- Nə açar, Qabil?

- Bəyimə demişdim, dərsə gedəndə evin açarlarını sizə versin.

- Verməyib, Qabil

- Nöşün verməyib?

- Bilmirəm.

Əsəbiləşdi və asta-asta dördüncü mərtəbəyə qalxdı. Ümidə maraqdan qapını aralı qoydu ki, görsün bu məsələnin axırı nəylə qurtaracaq. Qabil zəngi çaldı. Azacıq sonra Bəyim xanım qapını açdı. Qapının hirsli səsi eşidildi.

- Mən deməmişdim, açarı Ümidə bacıgilə ver, nöş verməmisən?

- Hələ işə getməmişəm, evdəyəm.

- Nə olsun, evdəsən. Gərək açarı verəydin.

Ərinin xasiyyətini bilən Bəyim xanım, onu içəri çağırdı.

- Yaxşı gəl evə, işə gedəndə açarı verərəm.

- Bax belə, arvad həmişə kişinin sözünə baxar.

***

Qapımıza tez-tez açar salırdılar. Şaqqıltıyla vurub açırdım. Görürdüm ki, Qabildir, qan-tər içində əlləşir. Üzr istəyib bir mərtəbə yuxarı çıxırdı. Bir dəfə yenə qapımıza açar saldılar. Durub açdım. Şübhəsiz, Qabil idi, qan-tər içində əlləşirdi. Gülməyim tutdu.

- Qabil, deyəsən qapımı ayrı rənglə boyamalı olacağam ki, dəyişik salmayasan.

- Pis olmaz, - deyə sakitcə cavab verdi və pilləkənləri qalxdı. Birdən geri döndü:

- Mirzə, hansı rəngi vuracaqsan? Məsləhətdi, mavi rəngi vurasan, mənim ondan xoşum gəlir.

“EO və KO”

Volqamızın dövlət nömrə nişanını dəyişmişdik. “AZ 10 EO 545”. Dayılarım baxıb qımışırdılar. Fikrət dayımın maşınının nömrəsi isə “AZ 10 KO 137” idi

- Bu nömrə, nə nömrədir e, ay Qabil?

- Nömrədir də. Mahir seçib.

- Bildik e, nömrədir. Bəs bu “EO” nədir?

Atam bildi ki, dayılarım nəyəsə işarə edirlər. Sadəcə onun dilindən bunu eşitmək istəyirlər:

- “EO” . Yəni eşşək oğlu. Sonra.

Dayılarım gülüşdülər. Amma prikol bitməmişdi. Fikrət dayım “Onda belə çıxır ki, nömrəm “KO”-dur, mən də “köpək oğlu”?..”

- Yox. Sən “kişi oğlusan”.

VAXT TAPDIN ÖLMƏYƏ?

1983-cü il idi. Orta məktəbi bitirirdim. Qarşıda ən böyük problem dururdu. Universitetin filologiya fakültəsinə daxil olmaq. Məndən çox atam həyəcanlanmışdı: “Birdən girə bilməz, sonra əsgərlik, kim bilir o vaxta da mən sağ qalacağam, yoxsa yox?” Vaxt yaxınlaşdıqca həyəcanlar da artırdı. Universitetdə rektor Faiq Bağırzadədən tutmuş sıravi müəllimə qədər hamı atamın xətrini istəyirdi. “Bunların ehtiramına bax e, mən xahiş eləməkdən, səni tapşırmaqdan, özləri yaxınlaşıb mənə ürək-dirək verirlər ki, Qabil müəllim, narahat olma, oğlun daxil olacaq”. Onlardan biri də prorektor Yəhya Məmmədov idi. O, həm bir alim kimi, həm də şair Cabir Novruzun qudası kimi atamla çox yaxın idi.

İmtahana 2 ay qalırdı. Şüşəli bazarın qabağında biz Yəhya müəllimlə qarşı - qarşıya gəldik.

- Yəhya, necəsən?

- Necə olacam, Qabil? Bu təzyiq, ürək lap məni birtəhər edib. Ölürəm.

Belə halda əsasən “Allah eləməsin” və digər ürək-dirəkverici sözlər dilə gəlir. Lakin qəbul imtahanlarının həyəcanını yaşayan atam:

- Hara ölürsən. Qoy uşaq qəbul olsun sonra da.. Vaxt tapdın sən də ölməyə?

ARA YERDƏ ORDEN KÖPƏCƏK

70 yaşının tamamına bir həftə qalırdı. Hansı qəzetdən, xüsusilə də müxalifət qəzetlərindən zəng edirdilərsə müsahibədən, məqalədən imtina edirdi. Yox ki, yox. Sonra da əlavə edirdi ki, avqustun 12-dən sonra... (atam avqustun 12-də anadan olub.) Birinə bu sözü dedi, ikisinə dedi. Axırda biri qır-saqqız olub yapışdı ki:

- Bəs niyə indi yox, məhz avqustun 12-dən sonra?

- Müsahibə verəcəyəm, bir də gördün getdiniz bir şeyi tərsinə verdiniz. Mən də onu sübut edənəcən ki, “Yox bunu mən deməmişəm, jurnalistin səhvidir”, buna da vaxt gedəcək. Ara yerdə mənim ordenim köpəcək.

“PİT ZAPREŞAETSYA”

1984-cü ildə ürəyindən və qan təzyiqindən bir müddət xəstəxanada yatdı. Evə gələndə dostları soruşdular ki, Qabil, bəs vurmaq olar, ya yox? Dedi ki, olar. Maraqlandılar ki, bəs həkim icazə verdi?

- Dedi ki, hə.

- Ola bilməz?

- Necə yəni ola bilməz. Həkim dedi ki, “kurit stroqo zapreşaetsya, a pit zapreşaetsya”. İcazə verməsəydi içməyə də “stroqo” sözünü əlavə edərdi də. Deməli olar.

“EFES”

Atamın pivədən xoşu gəlmirdi. İstər yerli olsun, istər xarici. 90-cı illərin əvvəllərində də Türkiyənin “Efes” pivəsi xüsusilə dəbdə idi. Dayılarımdan biri zəng edir ki, Qabil neyləyirsən? O da deyir ki, bəs Efeslə vururam. Dayım da yaxşı bilirdi ki, atamın pivədən xoşu gəlmir. “Qabil səndən nə əcəb, pivə içirsən?”

- Pivə işmirəm e… Efeslə içirəm. Yəni Fikrət Sadıqla. Bütöv deməyə hövsələm çatmır. Adının, təxəllüsünün baş hərfini deyirəm: “Ef. Es”