Tofiq Abdin. Yarpaq tək əsirsən, Zəlimxan Yaqub...

-

Baxma qəlbin ağrılara hədəfdi,
Harda olsan üzün haqqa tərəfdi.
İstanbulda ölməyin də şərəfdi
İstabulda yaralanan, Zəlimxan.

Zəlimxan Yaqub


Elə yaşayırsan içim tirtrəyir
Yarpaq tək əsirsən, Zəlimxan Yaqub
Unutma sevdiyin şair nə demiş
Demiş ki:
«Heç yerə, yana mən tələsmirəm»
Hara tələsirsən, Zəlimxan Yaqub!

Zamandan nəyisə almaqmı qəsdin
Zamanın özünü yormaqmı qəsdin
Zamana qəsdinə durmaqmı qəsdin
Ömrünə əsirsən, Zəlimxan Yaqub!

Sənə bəxş olunan o qəniməti
O ali hörməti, ali qisməti
Paylasan qurtarmaz, qurtarmaz qəti
Bilinməz bir sirsən, Zəlimxan Yaqub

Allahın sevdiyi bir balasan sən
Sözdən hörgülənmiş bir qalasan sən
Bu elin bəxtində qalacaqsan sən
Nə əsir-yesirsən, Zəlimxan Yaqub

Kənardan baxana ömrün bir saray
Haray bu ellərin dilindən haray
Sən bəstə boyunla yüksələn bir Ay
İşıq səpələrsən, Zəlimxan Yaqub

Səni sözmü yaxdı,Vətənmi yıxdı
Dərdin parça-parça canından çıxdı
Sənin dözümünün adı da yoxdu
Daşsanmı-dəmirsən, Zəlimxan Yaqub