Ədalət Əsgəroğlu. Soydaş

-

Ədalət Əsgəroğlu


SOYDAŞ


(Poema)


…Məmləkətim, canım
mənim….
Üzümü sənə sarı tutdum
Adım, andım sən oldun.
Səni anıb
ağrıları
ovutdum.

Ə.Əsgəroğlu

Sibirin qarı mənəm,
Gün düşər ərimərəm.
Qorxma, möhkəmdir canım
Qürbətdə çürümərəm.
bir soydaşın dilindən


Novosibirskdə yaşayan,
Özümə dost, qardaş
bildiyim soydaşlara



…Vətənin içi
yürüyən uşağın
ürəyi kimi çırpınır…
Sevgilər
üzüm salxımları kimi
üzlərə gülümsəmədə…
Həsrətlər havalı
rüzgarlara oxşar
Tamarzı gözlərə tərəf
dartınır
Könüllər gərilmiş
yay kimi
işıq üzünə qəribsəmədə
Yarpağını payıza bağışlamış
Xan Çinar
Həmişəyaşıl,
boyu uzanıb gedən
küknar…
Biri dillənir
budaqlarını çırpa-çırpa,
Birinin budaqlarında
bəyaz qar topa-topa.
Qumrular soyuq qar
dənələrini
üstlərindən çırpıb uçar,
Qəriblər tələsə-tələsə,
qaça-qaça
Ümid ocağı bildiyi
qapıları açar.
Qürbət
isti iqlimlərin
soyuqluğunu çəkən
məkan
çox ağrılı olur bəzən
ya nimdaş geyin,
ya da tovuz quşu kimi bəzən
və yaxud da
təndir kimi
ocaqlar qala
fərqi yoxdur,
soyuqluq canındadır yenə
Bir yandan da
yaşadığın yer
Sibir ola

***

Ob çayı
Rəngi açılıb tutulan
Ömür yazısıdır sanki…
Mil-mil olub axar,
dairələnər, nidalanar.
Qışda buz bağlayar
qalınlığı topdağıtmaz…
Yayda sevdalanar,
tel-tel olub dalğalanar.
Dərinliyi boydan ötər,
neçə-neçə boya sığmaz.
Aşağı-yuxarı üzən
gəmilərin fitləri
gecələrin sirrini
oxuyar…
Sehirlənmiş röyaları
bənd-bənd kəsər yerindən
Bu səslərə amanabənd
müştəri həvəsiylə
taksi sürücüləri
bir ah çəkər dərindən…
Ləpə döyən yerlərin acısına
məlhəm olan ay işığı
həsrət dolu ürəklərin
bacasını gözlərinə təpən
qürbət…
Məni səndən soruşsalar
başı havalı gördüm
denən.
Səndən gəlib
səndən ötən
Kim olursa olsun
sənə yoldaş,
Mənə doğma, doğma
misallı qardaş.
göz ağardan
uzun-uzun yolların
yorğunu soydaş!
Doğma məmləkətin
qurbət boyu
səpələnən oğulları
Dalğa-dalğa
qalxıb enən
Misra-misra
sətirlənən,
sətir-sətir
səhifələnən
Gerçəkliyin
məsum-məsum üzəbaxan
qapılar.

***

Soydaş dedim,
bənövşə ömrünrə yandım,
Soydaş dedim,
qartal kimi
vüqarlandım.
Soydaş dedim
brkimiş əllər kimi
qabarlandım.
içindən qan püskürən
körpülər kimi
qeyb olub buxarlandım.
Qürbətin hər üzündən
yüz minlərlə soydaş keçir…
Bu oranı
bu buranı,
başqa birisi
haranı seçir
orda da dayanır.
Çölçülükdən doyanı
geri qaytarmaq da çətin,
amma həmişə
üzü soyuqdur qürbətin
həmişə sevgiyə
köklənib yaşamaq olmur,
Ya da nifrət
havasına dolanmaq…
keçməkeşli ömür yazıları
tutub düzü - dünyanı…
Nə qədər ağır olsa da
şərəflə yaşatmalıyıq
Azərbaycanı.
soydaşım Sən,
İnsanlığın,
vətəndaş qeyrətinin
fövqündəsən…
gah udan,
gah da uduzan
Azərbaycan!
Əziz deyilmi
canımızdan.

***

Novosibirsk şəhərinin
boyun bağısıdır
Ob çayı
Əzəmətdə,
şöhrətdə
Heç görən varmı tayı?
Meşələr üzzük qaşı kimi
dövrələnib
alıb sevimlisini
ağuşuna
bağ-bağatlar
vələs nar kimi
dənələnib
zinnət vurur
şəhərin şahanə duruşuna.
Rusiya ərazisinin
Mərkəzi olduğuna
bir nişanə…
qədim kilsə binası
tarixin abidələşən
aynası.
Sapanda qoyulmuş
daş kimidir yaddaş,
Atlanır,
ünvanlanır
xatirələrin günahsız
məkanına.
Bu küçə tanış,
bu döngə
yarımçıq içilmiş şərab kimi
necə vardısa
durub beləcə…
insan alnına
yazılan ömür-gün
dolayları
yaşandıqca əriyir
bircə-bircə…
Yaddaş silkələndikcə
dəbərir,
qımıldanır
qaranlıq kölgələr
bürünüb işıq selinə
gözlərin önünə gələr
doğmalaşan,
yadlaşan
bölgələr…
Novosibirsk
sevgili can
çox möhtəşəm
bir şəhər.

***

Dəmir yolu vağzalı –
hallı-havalı…
hay-küylü,
«xoş gedən», xoş gələn»
insanlarla dolu…
Bütün şəhərlərdə
olduğu kimi…
Qatar təkərlərinin səsilə
qoşa şütüyən xəyallar…
Hər insan taleyinin
özünə həmahəng
qatarı var.
Vağzal –
Xatirələrdə romantik
duyğular məkanı,
Kədər burulğanı,
Sevinc həyacanı…
Soydaş qarşıdan gələnə:
—Hardansan zemlyak?
(zemlyak ona görə deyir ki, birdən
gürcü, çeçen olar
ya da türkmən)
—Bakıdanam,
—deməli Millətsən…
canımsan, ciyərsəm.
Buradan başlanan
soydaş tanışlığı…
keçən qatarların
qulaqlarında yaddaş sırğası,
Millətin üz qarası,
və yaxud üz ağlığı.
Çölçülüyün öz ampulası var -
müəyyən davranış
etiketləri..
Danışığına fikir verməyin
Vacibdir,
gərək aldatmayasan
heç kəsi.
Səbirli olmaq
hava-su kimi qiymətli,
çox vaxt ölüm «təravəti»
gətirir bir kimsənin
tələsməsi…
Öz dilinə, millətinə
baş əyməyən soydaşı
sevməz bir ölkənin
vətəndaşı.
Uzaq başı
oynadar qamçı yeməyə hazır
yabı kimi.
Çölçülük də bir məktəbdir
xoşbəxti var, bədbəxti var
O da baxır
tapır kimi.
Vağzal qabağı kefelərdə
beş-on nəfər soydaşım,
yığılıb süfrə başına.
qarmaq atır yaxına,
dünyanın o başına
Bu da bir bəhanədir
bir yerə cəm olmağa,
bir-birini görməyə,
bir-birinə köməyə…
Dəb havasına,
dəm havasına,
qəm havasına
gəzən də,
gəzib-gəzib bəzən də
yaşamaq «məhkumluğu»
içində əsir.
Sevgidən o yana
dan yeri, sabah.
Nifrət
sevgi məkanlarına
yolları kəsir.
Harda olursan ol,
Həyat eşqini
bakirə məbəd kimi
qorumaq gərək.
Yaşayıb, yaşatmaq
zor işdi
özü də sevərək.

***

Yaz yağışına
həmlə gələn çətir,
torpağın necə sevinməsini
bilməsə də olar…
hər halda sahibinin
dodaqaltı qımışması
ürək açan işdi deyə
o da qırışa-qırışa
açılar, yumular.
Tumurcuqlar gözlərin
alasını, qarasını
sonalayar.
Tuma oxşar girdə gözlərdə
ləçəkləyər
yazın gözəlliyini
öz içinə çəkilən
böcəklər daha yaxşı deyər.
Yaddaşın ürəyə diqtəsi
yağan yağışa mübtəla…
Əzizlənən adlardan savayı
damcılar başqa adları
yuyub aparır az qala.
Xoş günlərə çıraq adlar,
dar günlərə yaraq adlar…
İnsanlığı
Sevgi haləsi kimi
dairələyən Göy qurşağı:
Sədərəkli Mirəkbər,
Mirtağı,
Aqstafalı İlqar,
Qubalı Murad,
Göyçaylı Bəxtiyar
Qafanlı Eldar
Ordubadlı Akif
Nehrəmli Fərman,
Qaxlı Sarvan…
Daha iki ad
Xanabad, Xaldan –
Sibirxan, Ruslan.
Biri də Bakıdan
İbrahim oğlu Elşən,
Dağ qüssəli,
Astarxanbazarlı
Ramazan.
Ulaşlıdan Mərdan,
Heydər oğlu Mirkazım
daha kimi yazım?
Yetərincə adlar toplusu,
aydınlığın
nəcabət tablosu.
Yaz yağışından sonra
göyərən çiçək-çiçək
tostlar,
Bir az da yaxın gəlir,
axın-axın gəlin!
Dünənə, bu günə baxın
gəlin!
ürəyimiz kimi
süfrəmiz də açıqdır
dostlar!

***

Qarsımış yaraların
iç göynəyi
darıxdırsa da ürəyi,
kiriyəcəyinə ümid var deyə
tələsimə öz bəxtindən
haqq, nahaqq
deyinməyə
Axtarıb arayacaqlar səni,
ürəyinə girənlər də
olacaq…
Mələk kimi, iblis kimi…
Qaralayacaqlar da səni,
həmişə yolunu gözləyən
iştəhası ülgüc kimi iti
polis kimi:
—uçaqdan düşdümü
ilişdirin qardaşını!
dama qoyun övladını!
Sonra rəis əllərini
ovuşdurar:
—Hə, soydaşım durma, gəl!
gözləyirik, pulla gəl!
Dərisi soyulan,
amma inamı soyumayan
soydaş!
Belə şeylər də olur.
Vətənə dönməyin
hərdən çox baha
gəlsə də,
Mat qoysa da
səni bu ağrı, acı,
məmləkət sevgisi üzünü
sarı sünbül torpağın
qarışığını açan
kimi açır.
Ancaq, yenə də
hər şey gözəl olacaq
deyə
Ümidlə baxırsan
gələcəyə.
Üz tutduğumuz məbəd
Üzü mübarək Vətən!
Onun necə sevimli
olduğunu
sən hamıdan
yaxşı bilirsən.
Xoşca qal, həsrət!
Xoş günlərin çox olsun, soydaş!

Bakı – Novosibirsk
2005