«Maşını eşşək kimi saxlayanlar»ın saytı işə düşdü [Video]

Sizin brauzer HTML5-i dəstəkləmir

Qazaxıstanda "Maşını eşşək kimi saxlayanlar" saytı işə başlayıb

-
Qazaxıstanın ən böyük şəhərlərindən olan Almatıda «Maşını eşşək kimi saxlamışam» adlı internet saytı işə başlayıb. Şəhərdə maşını pis saxlayan sürücülərin əlindən boğaza yığıldığını deyən Roman Slegin adlı kompyuter proqramçısı xüsusi sayt yaradaraq belə sürücüləri ifşa etmək qərarına gəlib. Qısa müddətdə onun həmin saytı ölkədə məşhurlaşıb.

İnternetə əli çatan hər kəs namünasib yerdə dayanıb yolları bağlayan, hərəkətə mane olan maşınların şəkillərini çəkib bu sayta göndərər bilir.

Hazırda 3 nəfərin çalışdığı bu sayt təkcə Almatıdan deyil, ölkənin başqa şəhərlərindən də «eşşək kimi saxlanmış maşınların» fotolarını yayır.

İnternet istifadəçiləri həmçinin öz maşınlarının nömrəsini saytda axtarışa verib özlərinin də nə vaxtsa şəhərdə maşınlarını «eşşək kimi saxlayıb-saxlamadıqlarını» yoxlaya bilirlər.

Sayt rəhbərliyi maşınların saxlanmasına dair qanunvericiliyi, qaydaları da yerləşdiriblər.

POLİS SAYTLA ƏMƏKDAŞLIĞA BAŞLAYIB

Saytın populyarlığı yol polisinin də diqqətini çəkib, polis onlara əməkdaşlıq təklif edib. İndi bu saytda şəkli olan maşınların sürücülərini həm də polis tapıb, rahatca cərimələyə bilir. Amma bunun üçün şəkli sayta yollayanlar onu harada, nə zaman çəkdikləri barədə məlumatları da göndərməlidirlər.

Maşını pis saxlayanlar əleyhinə internet saytı 2010-cu ildə ABŞ-da, Nyu-Yorkda da yaradılıb. Youparklikeanasshole.com adlı sayt təkcə pis park edilmiş avtomobillərin fotolarını verirdi. Buradan həm də xüsusi xəbərdarlıq qeydi çap etmək, həmin qeydi yolda pis park edilmiş maşınların şüşələrinə yapışdırmaq imkanı vardı.

2008-ci ildə Britaniyada internet fəallarının bu məzmunda fəaliyyətini isə polis pisləmişdi. Britaniya polisi hesab edirdi ki, belə təşəbbüslər kimlərinsə özləri bildikləri kimi qaydalar yaratmalarına (viqilantism) gətirib çıxara bilər.

Almatıda da «Mən maşını eşşək kimi saxlamışam» saytına hamının münasibəti xoş deyil. Bəzi sürücülər bildirirlər ki, bu saytdan kimlərsə kompyuterdə «Photoshop»dan yararlanaraq bir başqasını biabır etmək üçün istifadə edə bilər.