QİSMƏT. Mənə bədənində vətəndaşlıq ver! (Yeni şeirlər)

-

QİSMƏT


YENİ ŞEİRLƏR


Gecənin sakinlərinə...

Hanı ədalət şossesinin həqiqət polisləri?
Çoxmu telefon zəngi yandırmalıyıq,
dara düşəndə,
radara düşəndə?!

Şəhvət projektorunun altında
par-par yanan,
bar-bar bağıran,
bir verdə boşboğazlığa
bir damcı tərif qatıb müştəri gəzən
gecələrin təcrübəli sakinləri,
bu şəhər ən çox sizindi.
Ayaqlarınız var olsun!
Hər gecə atası dəyişən
uşaqlarınız var olsun...

Siz bilərsiniz,
ruhuna hamburger yedizdirən,
ürəyinə kola içirdən,
bu makdonalds adamların
dillərindəki sükut quşu
hansı həqiqətə kürt yatıb?
Səssizliyin əlifbasında neçə hərf var?


Parisin Yelenayla söhbəti.

Fəth olundu qəlbimin Troya krallığı,
İndi yanır ürəyim hər tərəfi duman, sis...
Yelena, məndə hardan tapmısan sakrallığı,
Məni sevmək əzabdı, dərddi, yoxsa katarsis?

Mən müqəddəs deyiləm,
qoy səni aldatmasın –
Gözlərimdə gördüyün o təmizlik, o ziya.
Hər şey qəfildən oldu,
vaxtın başı batmasın,
Vaxtına düşməyənin hər şeyi illüziya...

Ömür axır su kimi, arzu qoyuruq dəmə...
Özü özünə çökən boz dumanam, Yelena.
Dünya dolub-boşalan bir qədəhmiş sən demə,
Mən isə yaşamağa narkomanam, Yelena.

Mənim adım cücərsin qoy sənin dodağında,
Adıma kölgələnim, sevinim, qürurlanım.
Bu yaralı gəminin qaranlıq otağında,
Baxışında yuyunub, səsində qurulanım...

Bilirəm, gedəcəksən, budur mənim qədərim
Ömrün çoxu gecədir, sən səhərsən, Yelena.
Gəl, uduzaq savaşı, qudurtmayaq zəfəri,
Sənə at bağışlasam götürərsən, Yelena?


Klassika məşqləri silsiləsindən - V

Bizim pəncərədən sizin eyvana,
Bu gecə ulduzlar pay getsin, getsin.
Mənsiz gözlərinə yuxu getmirsə,
Uzan ulduzları say, getsin, getsin.

Yolun qadağası yoldan çoxdusa,
Gizli yaşamaqdan gözün qorxdusa,
Bu yasaq sevdaya gücün yoxdusa,
Vaz keç bu sevdadan, cay, getsin, getsin.

Gərək ürəyimiz elə düz olsun,
Sonra ayrılsaq da, bizdə üz olsun,
Sevgisiz nə gecə, nə gündüz olsun,
Günəş getsin, getsin, ay, getsin, getsin.


Açıqca

Necə gözəldi, qayğısızdı
günəşi sarıdı, dənizi mavi,
ağacı yaşıldı,
adamları xoşbəxtdi
açıqcalardakı yerlərin...


HEN

Yalvardığını görmüşəm adamın adama:
“mənə bədənində vətəndaşlıq ver!”
Nə verəcək bizə
kiminsə səadətindən kopyalanıb
ömrümüzə montaj olunmuş bu təsəllilər?
Aynaya baxanda əsəbiləşmək olmaz ki,
niyə dünənki sifətdəyəm
və niyə dünəndənqalmışlığım onun vecinə deyil.
Çünki üzü üzlər görmüş ayna
yeganə nəsnədir ki,
səni sənə qaytarır, olduğun kimi,
nə bir artıq, nə bir əskik.

Sənin əllərin əllərimdə təngnəfəs,
baxışların ürəyimə yeraltı keçid...
saçlarına küləkdən qanad taxırsan,
fikrə gedirsən, baxırsan və birdən
gözlərin hüzn elmləri namizədi...

bilirəm, aynaları söydüyün olub,
yumruğunla dizlərini döydüyün olub,
darıxdığın olub ömürdən uzun gecələrdə
amma zarafatların var axı
var axı gülüşlərin
öpüşlərin var axı...
bəs nolur qəfil
dərindən nəfəs alırsan
köks ötürürsən və birdən
gözlərin hüzn elmləri namizədi...