Nilufər Muğantürk. Sən uzaqda olanda soyuq olur havalar...

-

Sən uzaqda olanda soyuq olur havalar.
Payızın ortasında yağış dönüb qar olur...
Sən uzaqda olanda üşüyürəm hər axşam,
Gah həzin Xəzri əsir, gah da Gilavar olur...

Üzümdəki təbəssüm kəpənək ömrü qədər!
Sən uzaqda olanda mən kədərli oluram...
Sonsuz qaranlıq içrə acı həsrət qıvranır,
Sən uzaqda olanda içimdə böyük boşluq...
Qaranlıqdan qorxuram...


Kəlimələr anlamsız... Bilinməyən yad dildə...
Sən uzaqda olanda doğma da yad görünür...
Xəyallar sınıq-sökük...
Bom-boş baxır gözlərim...
Sən uzaqda olanda acı gəlir, şirin söz...
Bütün sevda yolları çıxmazlara sürünür...

Hər nəfəsdə ögeylik...
Gözlərdə donuq nisgil...
Sən uzaqda olanda adama bum buz gəlir,
isti baxışlar belə...
İntihar, ölüm o an elə yaxın gəlir ki...
Bütün əzablara SON!
Düşünürsən nə etsəm,
Tanrı bağışlar yenə!!!


Sən uzaqda olanda gecə də uzun olur...
Ulduzlar kefsiz-kefsiz, gözə dəymək istəmir!
Sən uzaqda olanda AY yaman Asiləşir...
Sübhədək qarovulda... Çəkilmir yer üzündən,
Aydınlığı gözləyir... Günəşi görmək üçün,
Gecənin inadına boyun əymək istəmir!

Sən uzaqda olanda cümlələrimin sonu
üçcə nöqtəylə bitir!
Sən uzaqda olanda mən də yarım qalıram...