FEYZİYYƏ. Zərdüşt, səni gözləyirik...

Feyziyyə

-

...Gözlərin gəlib-qayıdan zənbillərdə qalar - meyvə dilimlərini də bir dil bilərsən - xəsətlik dili, ölüm dili. Yanındakı hər kəsə paylamaq istəyərsən, yanındakı hər kəsin yeməsini istəyərsən, hər kəsin bu dili bilməsini istəyərsən...


Bu yazı ötən ayın əvvəli vaxtsız dünyasını dəyişmiş gənc yazar Zərdüşt Şəfinin xatirəsinə həsr edilib.


FEYZİYYƏ


ZƏRDÜŞT, SƏNİ GÖZLƏYİRİK...


Bu yeganə yazıdır ki, dördüncü dəfədir ilk cümləsini yazıram. Bu yeganə yazıdır ki, yazmaq istəmirəm, amma yazmalıyam. Bu yeganə yazıdır ünvanını dəyişmək istərdim, elə istərdim, elə istərdim ki...

Bilmirəm. Hardan başlayacağımı bilmirəm, anlaya bilrsənmi məni, bilmirəm? Payızdı. Külək əsir, yemək masası pəncərənin qabağında, üstündə necə gəldi atılmış kitablar var, iki kitab əlləri duaya açılmış və qəfil külək əsir, “barmaqlar”ını qatlayır kitabların, nəyisə sayır, kimisə sayır.

Yadıma pəncərələr düşür, xəstəxana pəncərələri-payız pəncərələri. Yadıma masalar düşür xəstəxana masaları - üstündəki dərman reseptlərini ölüm əlinə alıb ayaqlarının ucunda, dar ağacından asılmış kimi boynu uzanılı qalıb sənə sarı.

Yadıma payızlar düşür, Zərdüşt. Evlərin pəncərələrindən həyat həmişə eyni görünür, eyni küçə, eyni ağac, eyni pişiklər keçir, eyni sözlər eşidir hamı öz pəncərəsi altından keçən adamlardan...

Amma xəstəxana pəncərələri.... Xəstəxana pəncərələrinin şüşələri müsbət-mənfi eynəklər kimi rəngini açır həyatın, həriflərini oxunan edir, rəqəmlərini hesablanan. Heç bir kitabda qarşına çıxmayan cümlələri oxumağa başlayırsan - tale yazılarını, həm də yalnız öznünküləri yox. İllərin dostları, illərin qonşuları, illərin qohumları gözündə bambaşqa görünür. Dünən yanına gələndə dostunun sol yanağında çapıq gördün, “amma bu, illərin çapığıydı axı deyəsən, yoox?” - deyə fikir səni götürür. Qardaşımın alnında nə yaman qırışlar varmış, necə olub gözümdən yayınıb, - deyinirsən.

Gözlərindən heç nə yayınmaz, heç kim qalmaz diqqətindən kənarda - bircə orda. Gözlərin gəlib qayıdan zənbillərdə qalar - meyvə dilimlərini də bir dil bilərsən - xəsətlik

Zərdüşt Şəfi

dili, ölüm dili. Yanındakı hər kəsə paylamaq istəyərsən, yanındakı hər kəsin yeməsini istəyərsən, hər kəsin bu dili bilməsini istəyərsən, “nolar, izn verin getsin” - deməsini istəyərsən.

Xəstəxana divarları səs keçirməz, ağrı keçirməz, xəstəlik keçirməz həyata, həyatdakılara... canın bir parçası olsa belə, qoyub çıxdımı o ağ divarlı, ağ xalatlı, ağ reseptli-ölüm yaylıqlı-binadan çıxdımı, çıxar həyata-yaşama-unutmağa.

Xəstəxana otaqları – palatalar paltarlar kimidi. Yeni aldığın paltarlar kimi ilk gördüyündə sevindirər, dəyişəcəksən daha, elə biləcəksən hər şeyini gizlədəcək – içindəki ağrıları, qorxuları. Amma onlar palatadır - unudacaqsan. Yadından çıxacaq ki, onlar paltar deyil, istədiyin vaxt kəmərini çıxardıb atasan, düymələrini açıb soyunasan, soyunasan və yalnız özün qalasan. Onlar palatadır - qulağına səslər gələr, elə hey kimlərisə çağırarlar...

Və sonra dəhlizdə kimlərsə ağlayar. Qapıya tərəf getmək istəyərsən, amma dönüb pəncərəyə baxarsan. Bayırda külək əsir və pəncərənin önündəki masanın üstündə dərman reseptlərini kimsə yelləyir. Bircə orada hiss edərsən, torpağın altında küləklər əsir, yağış yağır qarışqaların başına, bircə orda üşüyərsən torpağın altında qıvrılıb qalan soxulcanların yerinə, ovcuna yığıb qoynunda isitmək istəyərsən, bir qətifəyə bürüyüb qurulamaq istəyərsən onları - bircə orda. Bircə orda sənə elə gələr ki nəfəsinin bir buğuna torpağın altı isinər. Torpağın altındakılarıni isitmək istəyərsən, bircə orda torpağın altına istəyərsən, orda - xəstəxanada.

Xəstəxana maşınları...

Yəni heç qazan qapaqlarını ovcunun icində firladıb, siqnal səslərini yamsılaya- yamıslaya həyətin o başına, bu başına qaçmayan bir uşaq oldumu? Guya ki, harasa tələsirlər, guya ki, yol gedirlər, guya ki, yoldan gəlirlər...

Yer üzündə bütün yollar bir uşağın boyu hündürlüyündən yerə düşən qazan qapağının dığırlana biləcəyi uzaqlıqdı, ayrılıqdı. O uzaqlıq, o ayrılıq baş barmağına düşən elə həmin qapaq qədər ağrıdar, ağladar, küsdürər səni. Barışdırmağa, unutmağasa o qədər oyun var, bir bu deyil ki....

Yadıma masalar düşür - üstünə adını bildiyim-bilmədiyim dərmanlar, iynələr düzülmüş masalar...

Bax, yaza bilmirəm. Bax ağlayıram, ağrıyıram. Bir tərəfdən də bu payız, bir tərəfdən də bu külək. Havalar soyuyur, yadıma meşələr düşür, kürəyimin düz ortasına buz yapışıb elə bil. Əlim də çatmır ovcumda isidəm, kürəyimin ortasında bir yer üşüyür.

Hə, axı pəncərələrdən danışırdım sənə? Bax oranın pəncərələrindən hamının, hər şeyin qolu qırılmış görünər gözünə. Ağaclar var haa...Ən hündür ağaclar, ən uca, sevmədiyim günəşə ən yaxın budaqlar - o yekəxana budaqlar da şah damarından qırılıb üzü torpağa görünər gözündə. Hamı pıçıldayar dodağının altında, heç vaxt heç kimin anlamayacağı, heç vaxt heç kimin eşitmədiyi piçıltılar batırar qulağını. Hamı yalvarır - bircə bunu bilərsən. Mən bilirəm bu nə deməkdi, eşidirsən? Bu da mənə yanında gülüş işarəsi qoyub son yazdığın “məni başından eləmə” deyib dağ çəkməyin deyil, eşidirsən? Mən

Zərdüşt Şəfi

hələ unutmamışam bir gün - o gün ağ paltarlı adamlara yalvarmağımı. Hələ unutmamışam...

İnsanı yalvardır oralar, bilirəm. Ayaqyalın yolboyu qaçırda bilər küçələrboyu. Qarşına çıxan ilk adamın, ondan sonrakının, yenə sonrakının yaxasından yapışıb silkələdər oralar, bilirəm. Mən hələ unutmadım, mən hələ çoxunu demədim. Görürsən, mən hələ xeyli şey bilirəm?

Amma sən çox şeyi bilmirsən. Məsələn, bilmirsən ki, mən xəstəxanalarda böyümüş, xəstəxanalarda yurd salmış biriyəm. Yaşıdlarımın dəftərləri arasından gül qurusu çıxanda, kitablarına tort kremi yaxılanda mənimkilərdən ürkək xəstəxana tarakanları qaçışırdı, bunu bilmirsən. Yaşıdlarım üzü lövhəyə yüyürən o iyrənc həşaratları görüb qışqıranda mən onlar ovcuma alıb dəhlizə qaçırdım, bunu da bilmirsən. Bilmirsən, onları dəftər vərəqinə büküb xəstəxanaya gətirdiyimi. Niyə? Onu da bilmirsən.

Gecələri hər yarım saatdan bir telefonun zəngini qurub tibb bacılarını təzyiq ölmək üçün oyatmaq nə deməkdi, termometri altıncı barmağın kimi özünlə gəzdirmək necə olur, bunu bilirsən, bilirəm. Ömrü xəstəxanalarda keçən insanın alın yazısı məktəb yolundakı atılmış beton parçasının altında gizlədilməkdən nəm çəkmiş, vərqləri alma qabığı kimi bürüşmüş qiymət gündəliyindəki qiymətlər kimi, imzalar kimi, minnətdarlıq və şikayət qeydləri kimi qarışıq, dolaşıq, oxunmaz olar - qara-qırmızı. Hətta müəllimlərim də bilmədilər, xəstəxana qapıları insanı bir məktəbə yola salır, otaqları bir fənni öyrədir, bir kitabı oxudur, o da...

Bir də yalan danışmağı, bir də yalan eşitməyi öyrənirsən oralarda, bunu da bilirəm. Amma mənə “yaxşı olacaq” deyib gözümün içinə baxa-baxa yanımadakılara başını yellədən o adamları, o ağ adamları, ağ paltarlıları heç cür tanıya bilmirəm şəhərdə. Üzlərini xatırlaya bilmirəm ki, yaxalarından yapışıb deyəcəklərimi deyim. Səni aldadanlar, sənə aldatmağı öyrədənləri görsəm birdən, qəfil qarşıma çıxsalar, bəs onlardan nə soruşum, bəs onlara nə deyim? (facebookda son yazişmamız - ixtisarla, redaktəsiz, korrəktəsiz)-

Zərdüşt Şəfi

- Zerdust?
sene ne olmusdu xestelenmisdin

- Zerdusht Shefi
hmmmm
bir az nasaz idim
düzəldim gəldim
indi yenə xarabladım.

- nasaz idim yox
ne olmusdu

-beni ukraynaya götürün )))
nə biim
soyuqdəyə zəhərlənmə vermişd

- o nece olur
yalan deme
derman filan icmisdin?

- nə bilim olmuşdu da
qanım zəhərlənmişdi

- bes indi necesen
faceden bilmisdim ukraydanada oldugunu

- indi soyuqdəyməm var yenə
qanım zəifdi hələ
ona görə xəstəik canımdan çıxmır
yaxşı olacaq hər şey
narahat olma


Yoo, narahat deyiləm ki. Insan bilmədiklərindən narahat olur. Mənsə çox şey bilirəm. Baxma ki, indi deyə bilmirəm, danışmağa gücüm yoxdur sadəcə. Sənə dedim axı, payızdı, soyuqdu, taybatay açılmış pəncərənin qabağındayam. Kürəyimin düz ortasında bir sancı var, ağrısı iliklərimə işləyir.

Bunlar sənə demək istədiklərimin hamısı deyil, bir gün bunları sənə yenidən danışacam - lap başdan, amma başqa yerdən başlayacam bu dəfə - bu da ömür deyil ki, olmaz olsun.

Məsələn, gələn dəfə sənə pilləkənlərdən danışacam birinci, xəstəxana pilləkənlərindən. Yuxunda dənizə düşən pilləkənlərin üstünə daş yağdığını görsən nə vaxtsa, görsən ki, yağan daşlar çay kimi ayağının altından axıb dənizə tokülür, amma nə göydən düşəni çiynini əzmir, nə ayağının altından keçəni topuğuna toxunmur, bax onda Dino Busatinin “Yeddi mərtəbə” hekayəsini tapıb mərtəbə-mərtəbə, palata-palata ucadan oxuyarsan.

Bilirəm, onlar bir gün o hekayəni unudacaqlar və yalnız bir doğma xəstəsini aldanıb rahat bildiyi aşağı mərtəbənin palatasına köçürdəndən sonra xatırlayacaqlar və hər şeyi anlayacaqlar - artıq imza atılıb. Sonra elə hey aləmi qat bir-birinə, elə hey tezcə əvvəlki mərtəbəyə qaytar onu. Tezcə zəng elə ən yaxın dostuna, ağlaya-ağlaya elə hey danış o hekayədən, danış özündən, doğmandan, qorxundan, elə hey danış guya nəyisə dəyişdiyindən...

Bizsə eləcə, sadəcə xəstəxanada olduğunu eşitdik uzaqdan uzağa. Səni o pilləkənlərdən nə qalxan görmədik, nə düşən. Səni ölən də görmədik. Sən hardan çıxdın xəstəlikdən, xəstəxanadan - həyata, yaşamağa, unutmağa? Hamımız səni gözləyirik. Bax, həbsdə olanlarımız da gəldi. Vaxt yoxdu, hamımız növbədəyik, hamımızı gözləyirlər. Xəstəxana palatalarında hərəmizi öz dərman resepti ilə əlində yelləyib ölüm çağırır bizi, Zərdüşt, səni gözləyirik, gəl görüşək gedək.