Dəli sevdanın simvolu - 4213 siqaret kötüyü...

Türkiyə - Orxan Pamuk "Məsumiyyət muzeyi"nin açılışı ərəfəsində keçirdiyi mətbuat konfransında, İstanbul, 27 aprel, 2012

-

İstanbuldakı “Məsumiyyət muzeyi” ziyarətçilərini artıq foyedə təəccüblənirir...

...divara səliqə ilə 4213 siqaret kötüyü vurulub.

Muzeyi yaradan Nobel mükafatlı türk yazıçısı Orxan Pamuk Britaniyanın “İndependent” qəzetinə müsahibəsində deyir ki...

...bunlar onun “Məsumiyyət muzeyi” romanının qəhrəmanı Füsunun 1976-1984-cü illər arasında çəkdiyi və ona dəlicəsinə aşiq olan Kamalın çırpışdırdığı siqaret kötükləridir...

...hər bir siqaret kötüyündə də çəkilib atıldığı gün haqda qeyd var.

Füsunun ovqatından, düşüncələrindən asılı olaraq həmin siqaretlərin bəziləri sonacan çəkilib, bəzilərisə yarımçıq atılıb.

Pamuk qəzetə deyib ki, muzey eksponatlarının hazırlanması işi xeyli vaxt aparıb:

“Əgər həmin siqaret kötüklərinin içinə doğruçu tütün qoysaydıq, altı aya zay olub gedəcəkdi. Bunun əvəzində 4213 siqaretin içi boşaldılıb və görünüşcə tütünə bənzəyən xüsusi kimyəvi maddə ilə doldurulub. Daha sonra həmin siqaretlər xüsusi aparatla "çəkilib" və müxtəlif ölçülü kötüklər halına gətirilib. Hər bir kötüyə də Füsunun pomadasının izi əlavə edilib”.

Amma Pamukun dediyinə görə, kötüklər hazır olandan sonra hiss ediblər ki, bir az “ağ eləyiblər”, kötüklərin pomadası çox olub. “Füsun o qədər pomada vurmurdu” – deyə yazıçı izah edir. Bundan sonra hər şeyi yenidən başlayıblar.

Muzeylə bağlı daha bir xəbər odur ki, indən belə orada təcrübə toplamaq da mümkün olacaq.

Bu haqda Türkiyənin “Habertürk” qəzeti xəbər verir.

Söhbət sosiologiya, kütləvi kommunikasiya və jurnalistika, eləcə də sənətşünaslıq sahəsində təhsil alan tələbələrin muzeydə staj keçməsindən gedir.

Məsumiyyət muzeyi

Məsumiyyət muzeyinin İdarəçilik Departamentinə üz tutan tələbələr “mətbuat arxivi”, “sosial media” və “rəqəmsal muzey avadanlığı” sahələrində təcrübə toplama proqramlarına qatıla biləcəklər.

Arzulayanların info@masumiyetmuzesi.org electron poçtundan yararlanması mümkündür.

Məşğələlər ildə 2 dəfə -- oktyabr-yanvar və fevral-may aylarında keçiriləcək.

Xatırladaq ki, tanınmış türk yazıçısı Orhan Pamuk aldığı Nobel mükafatını “Masumiyet Müzesi”nə xərcləyib.

Dünyada tayı olmayan romantik muzey bu il aprelin 28-də İstanbulda açılıb.

Muzey İstanbulun Bəyoğlu səmtində Çukurcuma küçəsində 1897-ci ildə tikilmiş üçmərtəbəli tarixi bir binada yerləşir.

Muzeyin eksponatları romanın 83 bölümünü təmsil edən 83 qutuda sərgilənir.