ADU-da yoxlamanı Səməd Seyidov özü istəyibmiş?

Səməd Seyidov

-
Azərbaycan Dillər Universiteti Hesablama Palatasının ali məktəbdəki yoxlamaları ilə bağlı açıqlama yayıb.

Məlumatda deyilir ki, ali məktəbdə yoxlama aparmaq təşəbbüsü universitetə aid olub. Bu məqsədlə 2012-ci ilin mayında universitet Hesablama Palatasına məktubla müraciət edib.

ADU-nun ictimaiyyətlə əlaqələr və mətbuat xidmətinin adından yayılan məlumatda belə deyilir.

Məlumatda həmçinin bildirilir:

«Hesablama Palatasının göndərdiyi təftiş qrupu ADU-ya ayrılmış büdcə vəsaitlərinin proqnozlaşdırılması və istifadə olunması üzrə mövcud vəziyyəti araşdırıb, universitetin maliyyə işlərində nöqsanlar, çatışmazlıqlar, mənimsəmə və pozuntu hallarının olduğunu müəyyən edib. Təftişin nəticələri haqqında hesabat ADU-nun rektoruna təqdim olunub».

Məlumatda o da deyilir ki, rektor hesabatla tanış olduqdan sonra daha ciddi araşdırmaların aparılmasını məqsədəuyğun sayıb. Bu məqsədlə materiallar Respublika Prokurorluğuna göndərilib.

ADU-nun məlumatı bu sözlərlə bitir:

«Biz inanırıq ki, yol verilmiş nöqsan və pozuntulara görə cavabdeh şəxslər aşkarlanacaq, bununla bağlı lazımi tədbirlər görüləcək və məsələlərə aydınlıq gətiriləcək».

Sentyabrın 18-də Hesablama Palatasının kollegiya iclasında ADU-ya dövlət büdcəsindən ayrılmış vəsaitin istifadə olunması üzrə auditin nəticələri müzakirə edilib. Müzakirələrdə universitetin məsul şəxslərinin vəzifə səlahiyyətlərindən sui-istifadə hallarına, ciddi maliyyə pozuntularına, saxtakarlıq və mənimsəmə hallarına yol verdikləri deyilib.

Kollegiya qərara alıb ki, yoxlamaya dair materiallar Baş Prokurorluğa göndərilsin və bu barədə Milli Məclisə məlumat verilsin.