Dillər Universitetində yeyinti ilə bağlı cinayət işi açıldı

Azerbaijan- Azerbaijan Language University-19Sep2012

-

Respublika Prokurorluğu Azərbaycan Dövlət Universitetində dövlət pullarının mənimsənməsi barədə cinayət işi açdığını bildirir. Prokurorluğun sentyabrın 24-də yaydığı xəbərdə deyilir ki, Hesablama Palatası 2007-2012-ci illərdə bu universitetdə dövlət büdcəsinin necə xərclənməsini araşdırıb və əldə etdiyi materialları Korrupsiyaya qarşı mübarizə idarəsinə göndərib.

Prokurorluq yaydığı rəsmi məlumatda bildirir ki, universitetin məsul şəxsləri əlavə dərs saatlarına görə ödənişləri düzgün hesablamayıb, bəzi universitet əməkdaşlarına normadan artıq iş yazıb onlara əməkhaqqı verib, bəzi hallarda isə heç bu universitetin əməkdaşları olmayan şəxslərin adına əmək haqqı kartlarına pul köçürüblər: “Bundan başqa, universitetdə müxtəlif tədbirlərin keçirilməsi adı altında müvafiq təsdiqedici sənədlər olmadan kassadan saxta ödəmə cədvəlləri tərtib edilməklə, həmçinin yanacaq xərclərinə görə külli miqdarda dövlət vəsaiti mənimsənilib.”

Prokurorluq qeyd edir ki, bu hallara görə Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və ya israf etmə), 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanıb.

Bu ittihamlar sübut olunsa, günahkar adamlar əmlakı müsadirə olunmaqla 7 yeddi ildən 12 ilədək müddətə azadlıqdan məhrum edilə bilərlər.

Azərbaycan Dillər Universiteti isə yaydığı məlumatda bildirib ki, Hesablama Palatasının ali məktəbdəki yoxlama aparılmasını universitetin özü Hesablama Palatasından xahiş edib.

Bu qurumun ortaya çıxartdığı sənədləri isə universitetin rektoru, millət vəkili Səməd Seyidov Korrupsiya ilə mübarizə idarəsinə göndərib: «Biz inanırıq ki, yol verilmiş nöqsan və pozuntulara görə cavabdeh şəxslər aşkarlanacaq, bununla bağlı lazımi tədbirlər görüləcək və məsələlərə aydınlıq gətiriləcək» - deyə universitetin yaydığı rəsmi xəbərdə deyilir.