«Mono Lisa»nın məzarı açıldı

«Mono Lisa»

«CƏHƏNNƏM ÇİÇƏKLƏRİ»NİN MÜƏLLİFİ VƏFAT ETDİ

ABŞ və Avropanın bir çox KİV-i ömrünün 31 ilini həbsxanalarda keçirən vyetnamlı müxalif şair Nguyen Chi Thien-in 73 yaşında Los-Anceles şəhərindəki xəstəxanalardan birində öldüyünü bildirib.

Kommunist rejimini tənqidə tutan şeirlərinə görə dəfələrlə həbsə məhkum olunan Thien-in həyatı həm totalitar rejimlərə, həm də həbsxanalarda yoluxduğu vərəmə qarşı mübarizədə keçib.

1960-cı ildən 1977-ci ilədək həbsxanada qalan Thien «Cəhənnəm çiçəkləri» kitabının əlyazmasını Hanoyda İngiltərə səfirliyindəki diplomatlara verdiyi üçün təkrar həbs olunmuş və yalnız 1991-ci ildə sərbəst buraxılmışdı.

1995-ci ildən ölənədək ABŞ-da yaşayan Thien Beynəlxalq Şeir Mükafatına da layiq görülüb.

Vyetnamlı şairin «Cəhənnəm çiçəkləri» kitabı bir çox dillərə çevrilsə də hələ də Azərbaycan oxucularına bilinməz qalıb.

YAŞAR KAMAL «BİR ADA HEKAYƏSİ» ROMANLAR SİLSİLƏSİNİ BİTİRDİ

Türkiyənin «Cumhuriyet» qəzetinin xəbərinə görə, tanınmış türk yazıçısı Yaşar Kamalın «Çılpaq dəniz. Çılpaq ada» adlanan son - 4-cü romanı oktyabrın 5-dən satışa çıxarılıb.

Adi insanların yaşam savaşını diqqət mərkəzində saxlayan, qırğın, sürgün və yerdəyişmələrdən söz açan «Bir ada hekayəsi» silsiləsi 4 romandan ibarətdir: «Fərat suyu qanlı axır, baxsana», «Qarışqanın su içməsi», «Dan yeri xoruzları» və «Çılpaq dəniz. Çılpaq ada».

Yaşar Kamal son romanlarında təkcə yazar təxəyyülünə dayanmayıb. Onun ata-babaları və özü də sürgün və köçəri yaşayaraq, rus işğalı dönəmində Anadolunu başdan-başa dolaşdıqdan sonra Çukurova kəndlərindən birinə yerləşdirilib.

«Bir ada hekayəsi» romanlar dördlüyü məhz o dönəmlərin yaşantılarını Yaşar Kamala xas incə və bənzərsiz dillə çatdırır.

«MONA LİSA»NIN MƏZARI AÇILDI

İtaliyanın ANSA agentliyinin xəbərinə görə, ünlü rəssam Leonardo da Vinci-yə poza verən modelin əsl üzü bərpa ediləcək.

Tədqiqatçılar 500 illik «Mona Lisa» tablosunun arxasındakı ismin Renessans dönəmində yaşayan Lisa Gherardini del Giocondo olduğunu düşünürlər.

Mütəxəssislər Florensiyanın keçmiş Müqəddəs Ursula monastırının ərazisində yerləşən məzarı açaraq, ordan götürülən sümük və DNT nümunələrini öyrənməklə da Vinci-yə poza verən xanımın əsl kimliyini dəqiqləşdirmək istəyirlər.

Tanınmış rəssama məhz xanım Gherardini-nin poz verməsi barədə ilk dəfə da Vinci-nin müasiri Jorge Vazari yazıb.

Ehtimallara görə, Lisa Gherardini Florensiya tacirlərindən Francesco del Giocondo-nun xanımı olub və bu tacirin sifarişiylə sonralar «Mona Lisa» adıyla məşhurlaşan sirli tablo yaranıb.