.
ABŞ-ın Azərbaycandakı səfiri Richard Morningstar AzadlıqRadiosuna müsahibəsində Bakının BP şirkətinə iradlarından tutumuş, Ramil Səfərovun əfvi, Azərbaycanda iqtidar-müxalifət dialoquna cəhdlərə qədər gündəmin əsas mövzularına toxunulur.
ABŞ-ın Azərbaycandakı səfiri Richard Morningstar AzadlıqRadiosuna müsahibəsində Bakının BP şirkətinə iradlarından tutumuş, Ramil Səfərovun əfvi, Azərbaycanda iqtidar-müxalifət dialoquna cəhdlərə qədər gündəmin əsas mövzularına toxunulur.
Cənab səfir, gəldiyiniz üçün çox sağ olun. Azadlıq radiosunun studiyasında xoş gördük sizi.
Dəvətiniz üçün çox sağ olun. Sizinlə söhbət etməyə şadam.
Amerikadan başlayaq. Prezident seçkiləri irəlidədir. Debatları izləyirsizmi?
Amerikalıların çoxu kimi seçkini yaxından izləyirəm. Sabah səhər tezdən, saat 6-da oyanacam ki, (debat ABŞ-da axşam saatlarında, Bakı vaxtilə isə səhər erkən olacaq – red.) prezident Obama ilə qubernator Romni arasındakı debata baxım.
Richard L. Morningstar
Amerika Birləşmiş Ştatlarının Azərbaycan Respublikasındakı səfiri Richard L. Morningstar Prezident Obama tərəfindən bu vəzifəyə təyin olunduqdan sonra 20 iyul 2012-ci ildə dövlət katibi Clinton qarşısında and içib. O, bu təyinatdan əvvəl 2009-cu ilin aprel ayından dövlət katibinin Avrasiya enerji məsələləri üzrə xüsusi nümayəndəsi olub.
Səfir Morningstar bundan əvvəl Harvard universitetinin Kennedi adına dövlət idarəçilik fakültəsində və Stanford hüquq fakültəsində mühazirələr oxuyub. O, Braun universitetində və Boston kollecinin hüquq fakültəsində də dərs deyib.
Səfir Morningstar 1999-cu ilin iyun ayından 2001-ci ilin sentyabr ayına kimi Amerika Birləşmiş Ştatların Avropa Birliyindəki Səfiri vəzifəsində çalışıb. O, bundan əvvəl Prezidentin və dövlət katibinin Xəzər Hövzəsinin Enerji Diplomatiyası üzrə xüsusi müşaviri vəzifəsində çalışıb.
Səfir Morningstar bu vəzifədə Xəzər hövzəsində Birləşmiş Ştatların enerji hasilatı və nəqli üçün icraedici hakimiyyəti ilə digər hökumət və beynəlxalq təşkilatlar arasında maksimum əlaqələndirmə üçün məsul olub. O, 1995-ci ilin aprel ayından 1998-ci ilin iyul ayına kimi Prezidentin və dövlət katibinin keçmiş Sovet İttifaqının yeni müstəqil dövlətlərinə yardım üzrə Səfir və xüsusi müşavir vəzifələrində çalışıb.
Səfir Morningstar bu vəzifədə yeni müstəqil dövlətlərdə ABŞ-ın bütün ikitərəfli yardım və ticarət fəaliyyətlərinə rəhbərlik edib. O, 1993-cü ildən 1995-ci ilə kimi Xarici Özəl İnvestisiya Korporasiyasının (OPIC) baş vitse-prezidenti vəzifəsində çalışıb.
Səfir Morningstar 1945-ci ildə Massaçusets ştatının Nyuton şəhərində anadan olub. O, bakalavr dərəcəsini 1967-ci ildə Harvard universitetində, hüquq doktoru dərəcəsini 1970-ci ildə Stanford hüquq fakültəsində almışdır. Səfir Morningstar Feys Pirs Morningstar ilə evlidir, dörd övladı və altı nəvəsi var.
Diplomat kimi siyasətə qarışa, siyasi tərcihlərimi söyləyə bilmərəm. Amma amerikalıların çoxu 6 noyabrı gözləyir. Həmin gün kimin qalib gəldiyi məlum olacaq və ölkə seçkinin qalibi ilə yoluna davam edəcək.
Bu, Amerikada son illərin ən qaynar kampaniyasıdırmı? Bundan əvvəlki seçkilərdə izlədiyim debatlarda siyasətçilərin az qala əlbəyaxa olduqlarının şahidi olmamışdım heç.
Düşünmürəm ki, məsələ əlbəyaxaya gedib çıxacaq qədər pisdir. Bu seçkilərin daha qaynar keçdiyini də deyə bilmərəm. Amerikanın yeni tarixində seçki debatları həmişə qızğın keçir. Hətta dövlətimizin lap ilkin çağlarında belə debatlar qızğın olub. Bu demokratik prosesin bir hissəsidir.
Yaxşıdır ki, bizdə belə debatlar var. Çünki bu, namizədləri öz baxışları barədə açıq danışmağa məcbur edir, vətəndaşlara, o cümlədən mediaya siyasətçilərin dediklərinə münasibət formalaşdırmaq imkanı yaradır.
Düşünmürəm ki, məsələ əlbəyaxaya gedib çıxacaq qədər pisdir. Bu seçkilərin daha qaynar keçdiyini də deyə bilmərəm. Amerikanın yeni tarixində seçki debatları həmişə qızğın keçir. Hətta dövlətimizin lap ilkin çağlarında belə debatlar qızğın olub. Bu demokratik prosesin bir hissəsidir.
Yaxşıdır ki, bizdə belə debatlar var. Çünki bu, namizədləri öz baxışları barədə açıq danışmağa məcbur edir, vətəndaşlara, o cümlədən mediaya siyasətçilərin dediklərinə münasibət formalaşdırmaq imkanı yaradır.
Dövlətinizin erkən çağlarındakı seçkilər barədə Mark Tvenin əsərlərindən öyrənmək imkanımız var. Amma gələk Azərbaycana. Gələn il Azərbaycanda da seçkilər olacaq. Sizcə, Azərbaycanın ABŞ seçki təcrübəsindən, prosesdən örnək götürəcəyi nəsə varmı?
Məncə, Amerika seçkiləri əlbəttə ki, azad seçki nümunəsidir. Namizədlərin hamısı üçün azadlıqlar var, onlar istədiklərini cəmiyyətə çatdıra bilirlər. Medianın namizədlərin dedikləri barədə istədiyi şəkildə şərhlər etmək imkanı var.
Mən düşünmürəm ki, bizim seçkilərin mükəmməl olduğunu deyə bilərəm, siyasi reklamla, ona xərclənən pullarla, xüsusilə də hər iki tərəfdən olan müstəqil qrupların kampaniyaya yatırımları ilə bağlı çoxlu müzakirələr gedir. Amma bu, səsvermə hüququ olan bütün amerikalılar üçün kimin prezident olacağına qərar vermək, seçim etmək və səs vermək imkanıdır. Məncə bu, ümumilikdə müsbət təcrübədir.
Amerikanın Azərbaycandakı gündəminə baxaq. İndiyə kimi deyilib ki, gündəm əsasən enerji, təhlükəsizlik və demokratiya mövzularını əhatə edir. Gündəm dəyişməz olaraq qalırmı?
Sadə dillə ifadə etsək, belədir. Amma biz enerji deyəndə sadəcə nefti nəzərdə tutmuruq, Biz əlbəttə ki, Azərbaycanın öz iqtisadiyyatını şaxələndirməsində çox maraqlıyıq. Haqlısınız ki, demokratiya və insan haqları gündəmin əsas hissəsidir. Əminəm ki, bu barədə sonra soruşacaqsınız. Təhlükəsizlik də gündəmin bir hissəsidir, amma ora bir sıra məsələlər daxildir – Dağlıq Qarabağ, İran, Azərbaycanın Əfqanıstanda tərəfdaşlığı, bizim təhlükəsizliyə yardım sahəsində necə əməkdaşlıq edə biləcəyimiz – bütün bu mövzular vacibdir.
Mənim gündəmimin bir hissəsi təkcə hökumətlə yox, həm də bütövlükdə ölkə ilə təmas qurmaqdır – ictimai və özəl sektorlar, vətəndaş cəmiyyəti ilə işləmək, regionlara səfər etmək. Lənkəran, Şəki və Oğuzda olmuşam. Başqa səfərlər planlaşdırıram. Bu səfərlər mənim üçün olduqca faydalıdır, Azərbaycan barədə daha çox öyrənmək imkanı var.
Biz jurnalistləri regionlar və Bakı arasındakı inkişaf fərqini tənqid etdiyimizə görə neqativlikdə suçlayırlar. Bizə qoşulmaq istərsiz?
Mənim qısa təcrübəm mühakimə üçün o qədər də imkan vermir. Mənim Şəki, Oğuz və Lənkərana qısa səfərlərimdən onu deyə bilərəm ki, bu bölgələrin üçü də çox cəlbedicidirlər, onlar gözəl və təmizdirlər. Dağların qoynunda qərar tutmuş Şəkinin coğrafi mövqeyi xüsusidir.
Mən olduğum yerlərdə insanların mənə nümayiş etdirdiyi ilıq və qonaqpərvər münasibətdən riqqətə gəldim. Olduğum hər yerdə qadın qrupları, gənclərlə görüşdüm. Onların qayğıları və narahatlıqları elə Bakıda görüşdüyüm insanlarınkı ilə eynidir. Regiondakı insanların məqsədləri və istəkləri Bakıdakılardan fərqlənmir.
Bəs inkişaf və sərmayədəki fərqlər?
Mənim üçün həqiqətən də söyləmək çətindir. Mən Şəkidə bir neçə gün keçirsəm, ordakı müəssisələrə getsəm, daha çox adamla görüşsəm... İndi demək çətindir. Ora xanımımla getmişdik, bəzi müəssisələrə də apardılar, ABŞ Beynəlxalq İnkişaf Agentliyinin ordakı layihələrindən biri ilə tanış olduq. Müəyyən fəaliyyət var, amma mən müqayisə edə bilmərəm.
Azərbaycan hökuməti iddia edir ki, onlar korrupsiya ilə mübarizə aparırlar. Prezident bu barədə bəyanatlar verir. Korrupsiya ilə mübarizədə ABŞ səfirliyinin hər hansı köməyi mümkündürmü?
Aydındır ki, bu, bizim üçün çox böyük məsələdir. Korrupsiya harda olmağından asılı olmayaraq, korroziyaya səbəb olur. Hökuməti bu problemlə mübarizəyə nə qədər təşviq edə bilsək, bu, Azərbaycan xalqının və dövlətinin xeyrinə olacaq. Korrupsiya iqtisadiyyatı məhv edir, insanların şanslarını boğur, xüsusilə də gənclərin istədikləri karyeranı qurmasının qarşısını alır, azad rəqabətin boğulması təcrübəsi kiçik və orta sahibkarlığın inkişafına əngəl törədir.
Məncə, istənilən neft iqtisadiyyatında olduğu kimi, burda da ümumi bir problem var, amma hesab edirəm ki, bunu BP-nin proqnozu doğrultmaması kontekstində müzakirə etməyin yeri yoxdur.
Hökumət də bəyan edir ki, korrupsiyanın ciddi problem olduğunu başa düşür. Biz hökumətə korrupsiya ilə mübarizə qanunvericiliyinin hazırlanmasında, müxtəlif anti-korrupsiya layihələrində kömək etmişik.
Amma qanunlar bir şeydir, onların tətbiqi başqa şey. Biz hökuməti antikorrupsiya qanunvericiliyini tətbiq etməyə, vətəndaşlara bu sahədə həqiqətən də uğur olduğunu göstərib, imkanları açmağa təşviq etmək üçün əlimizdən gələni etməliyik. Mən inanıram, və bunu əvvəllər də demişəm, məncə, Azərbaycanın gələcəyi gənclərdir. Gənclər inansa ki, onların açıq, şəffaf ölkədə daha yaxşı təhsil, inkişaf imkanları var, Azərbaycanın gələcəyi parlaq olacaq.
Amerika şirkətləri də Azərbaycanda korrupsiya ilə üzləşirmi?
Yaxşı sualdır. Bunu belə ifadə edək. Mənim enerji məsələləri ilə məşğul olduğum yeddi il və səfir olduğum yeddi həftə ərzində mən Amerika şirkətlərinin birbaşa korrupsiya ilə üzləşməsi barədə şikayət eşitmədim. Hərçənd ki, həmişə lisenziyalar, icazələrin alınması ilə bağlı məsələlər və s. ortaya çıxırdı. Mənə elə gəlir ki, böyük beynəlxalq şirkətlərin iştirak etdiyi böyük layihələrdə, xüsusilə də enerji layihələrində müəyyən qədər şəffaflıq var. Amma bu o demək deyil ki, başqa bir çox sahələrdə korrupsiya yoxdur. Ola bilsin ki, bu, beynəlxalq şirkətlərdən yan keçir.
Mən böyük Amerika şirkətlərindən birbaşa şikayət eşitməmişəm. Amma mən eşidirəm ki, qeyri-neft sahəsində işləyən xüsusilə də kiçik və orta çaplı şirkətlər, onların arasında Amerika şirkətləri də var, bəzən belə problemlərlə üzləşirlər. Bir az böyüməyə başlayan kimi bu şirkətlər rəqabətdə təzyiqlə üzləşirlər, daha böyük şirkətlər onları almağa çalışır.
Azərbaycandakı daha böyük şirkətlər?
Bəli, Azərbaycan şirkətləri. Bir sözlə, açıq danışaq. Problem var. Aydındır ki, var. Amma beynəlxalq, Amerika şirkətlərinin burdakı təcrübəsi barədə daha spesifik suallara gələndə, mən enerji şirkətlərindən şikayət eşitməmişəm, mənə elə gəlir ki, başqa sahələrdən belə şikayətlər ola bilər, amma mən cəmi 7 həftədir burdayam.
Tənqidçilər deyir ki, hökumət antikorrupsiya proqramlarında səmimi deyil, çünki prezidentin özü və ailəsi də korrupsiyadan xeyir götürür. Tənqidçilər həm də hökumətin qeyri-legitimliyindən danışırlar. Yəqin ki, parlament kürsülərinin qiyməti ilə bağlı bazarlığı əks etdirən video qalmaqalından xəbərdarsınız. Amerika diplomatı olaraq, hakimiyyətin legitimliyi ilə bağlı mənzərəni siz necə görürsünüz?
Bu çox çətin məsələlərdir. Amerika diplomatı olaraq, biz, konkret şəxslərin günahını qiymətləndirmirik. Bizim üçün bu, çətin olardı.
Haqqında danışdığınız video ilə bağlı məsələni yaxından izləyirik. Bizim edə biləcəyimiz yalnız bu ola bilər ki, belə məsələlər ortaya çıxanda hökuməti məsələni diqqətlə araşdırmağa və qanunun aliliyindən irəli gələn nəticələr çıxarmağa təşviq edək. Bunu etməyə çalışırıq, əlbəttə ki, bunu nə qədər uğurla elədiyimiz mübahisə doğura bilər.
Biz ədalətli prosesi təşviq edə bilərik, amma bu barədə mühakimə yürütmək bizim işimiz deyil. Biz nə vəkil, nə də hakim deyilik. Biz bütün bu məsələlərin ədalətlə, şəffaf və qanun çərçivəsində araşdırılmasına təşviq etməliyik. Mənim fikrimcə, Azərbaycan bu video ilə bağlı nə edəcəyinə qərar verməlidir.
Amma Azərbaycan hökumətini həm də məhkəmə sisteminin müstəqil olmamasında günahlandırırlar.
Bu sahədə işi davam etdirməliyik. Azərbaycanda şəffaf məhkəmə sisteminin inkişafına çalışılmalıdır. Bizim hakimlər üçün təlim treninq layihələrimiz var. Amma əlbəttə ki, bütün məsələlərin qanunun aliliyi çərçivəsində həllinə nail olmaq vacibdir. Bunların bir qismi nəsil məsələsidir. Mən yenə də gənclər məsələsinə qayıtmaq istəyirəm. Azərbaycanda çoxlu sayda gənc hüquq təhsili alır, bir qismi bu təhsili xaricdə alır. Biz hökumətlə işlədiyimiz kimi, onlarla da işləməliyik ki, daha çox şəffaflığa nail olaq.
Gənc nəsil köhnə sistem – bununla ölkədə inkişafa nail olmaq olarmı? Anladığım qədər siz problemin yaşlı nəsildə olduğunu deyirsiniz.
Mənim özümün 67 yaşım var...
Amma siz heç vaxt SSRİ-də yaşamamısız...
Mən sadəcə deyirəm ki, hakimlərin qanunun aliliyi, məhkəmə müstəqilliyi və şəffaflığa köklənməsinə nail olmaq üçün lap əvvəldən, gənclərdən, gələcəkdə daha açıq cəmiyyət qurmaq ümidində olan universitet tələbələrindən başlamaq lazımdır. Mən demirəm ki, yaşlı nəsildən ümidi kəsmək lazımdır. Özüm yaşlı nəsildənəm. Amma onların bir çoxu sovet illərində təhsil alıb, təcrübə toplayıb. Onların münasibətinin dəyişməsinə ehtiyac var.
Amma Gürcüstanda da belə idi. Burda adamlar Gürcüstanla Azərbaycanı müqayisə edirlər, onların korrupsiya ilə mübarizədə uğuru müzakirə olunur. Necə oldu ki, Gürcüstan daha fərqli yol getdi, daha yaxşı nəticə göstərdi? Beynəlxalq ictimaiyyətin münasibəti fərqli idi?
Ölkələr müxtəlifdir. Beynəlxalq ictimaiyyətin illər boyu Gürcüstanda da, Azərbaycanda da layihələri olub. Mən deyə bilmərəm ki, hansısa ölkə 100 faiz korrupsiyaya uğrayıb, başqası 100 faiz korrupsiyadan azaddır. Hər şey nisbidir.
Nə Minsk Qrupunun, nə də bir başqasının sehrli çubuğu yoxdur ki, məsələnin həllinə nail olsun. Bütün tərəflərdən çətin qərarların qəbulu üçün siyasi iradə lazımdır.
Məncə Gürcüstan rəhbərliyinin korrupsiyanın xüsusilə dağıdıcı növlərini aradan qaldırmaqla bağlı siyasi iradəsi vardı və bu kömək elədi. Bu, insanlara imkanların tanınması baxımından yardımçı oldu.
Azərbaycanda hökumətin öz marağındadır ki, korrupsiya ilə mübarizə aparsın və gənclərə nümayiş etdirsin ki, gələcək var.
Bilmirəm, prezidentin özünə korrupsiya ittihamları və ailəsinin bundan yararlanması ilə bağlı araşdırmalarla tanışsınızmı, amma sualım belədir ki, şəxsi marağının olması Azərbaycanda korrupsiya ilə səmimi mübarizənin getməsi üçün maneədirmi?
Əlbəttə ki, bəzi araşdırma işləri ilə, o cümlədən sizin araşdırmalarınızla tanışam. Amma mən hökumətdəki şəxslər barədə danışmaq durumunda deyiləm. Bu, mənim işim deyil. Deyə biləcəyim budur ki, ümumiyyətlə korrupsiya problemdir və bu problemlə lap yuxarıdan aşağıya qədər məşğul olmaq lazımdır. Bu, prioritetdir.
Belə məlumatlar dolaşır ki, siz şəxsən Azərbaycan hökuməti ilə müxalifət arasında dialoq qurmağa çalışırsınız. Bu doğrudurmu?
Bu, məndən əvvəl olub. Biz hökuməti vətəndaş cəmiyyəti ilə dialoqa təşviq edirdik və prezident aparatında yüksək vəzifəli bir rəsminin QHT-lərlə bir görüşü olmuşdu. Bu dialoqun davam etdirilməsi ilə bağlı vədlər də var ki, biz onu dəstəkləyirik.
Amma istənilən dialoqun real dialoq olması vacibdir. Doğrusu, bəzi QHT-lər deyir ki, ilk görüşdə müəyyən irəliləyiş olub. Bəziləri isə başqa fikirdədir. Sözümün məğzi budur ki, dialoq xətrinə dialoq lazım deyil. Formal olub, qulaq asmamaq heç bir nəticə verə bilməz. İstənilən hökumətin öz vətəndaşlarına qulaq asması vacibdir. Vətəndaş cəmiyyəti ilə dialoq da hökumətin onları narahat edən məsələlərə diqqət yetirmək məqsədi və bu problemləri həlli yolu ilə bağlı müzakirəni ehtiva etməlidir.
Əslində mən hökumətlə müxalifət partiyaları arasında danışıqlar barədə şayiələri nəzərdə tuturdum.
Yox, mən hökumətin müxalifət partiyaları ilə dialoqunun təşviqi ilə məşğul olmamışam. Müxalifət partiyaları ilə görüşmüşəm. Onların nə düşündüyünü eşitmək istəyirəm, necə ki, Azərbaycan cəmiyyətində başqalarının fikirlərini eşitməyə çalışıram.
Mütəmadi görüşləri davam etdirəcəyəm. Amma konkret olaraq, müxalifətlə iqtidar arasında hər hansı dialoq üçün nəsə etdiyimi xatırlamıram. Onlar arasında real dialoq olsaydı, onlar bir-biri ilə ideyaları müzakirə etsəydilər, çox yaxşı olardı. Amma hər halda indiyə kimi bununla bağlı hər hansı dəstəyim olmayıb.
Sizcə, ümumiyyətlə siyasi proses varmı? Bəzi tənqidçilər deyir ki, Azərbaycanda ümumiyyətlə siyasi proses yoxdur. İdeyaların müzakirəsinin, yarışının mümkün olacağı siyasi proses varmı?
Məncə, dediyiniz o siyasi prosesin olması lazımdır. İstənilən hökumətin, istər yaxın dövrdə, istər uzaq perspektiv üçün uğur qazanması üçün onun öz vətəndaşlarını dinləməsi, bu və ya digər formatda ideyalar mübadiləsi lazımdır. Belə dialoq Azərbaycan üçün çox vacibdir. Sualınız belə idi ki, siyasi proses – dialoq varmı? Biz mübahisə edə bilərik ki, var, ya yox, amma məncə belə bir dialoqun olması olduqca vacibdir.
Bir neçə sorğu nəticəsinə nəzər saldım. Hər birində Amerikanın populyarlığının aşağı düşdüyünü görürük. Sizcə, Amerikanı dost görən azərbaycanlıların sayının azalması üçün bir səbəb varmı?
Bilmirəm. Mən o sorğu nəticələrini görməmişəm. Mən özümə qarşı yalnız dost münasibəti görmüşəm. Mən yalnız deyə bilərəm ki, biz Azərbaycanla güclü əməkdaşlığın olması üçün əlimizdən gələni edirik. Buraya, haqqında danışdığımız bir çox məsələlərlə bağlı Azərbaycanla gördüyümüz iş də daxildir. Azərbaycanın açıq və şəffaf bir cəmiyyətə çevrilməsi kimi.
Fərqi yoxdur, hökumətyönümlü, yaxud müxalif... Müxtəlif məsələlərdə fərqli mövqeyə malik azərbaycanlıların hamısı Qarabağ məsələsinin həllini gözləyən ağrılı bir problem olduğunu düşünür.
Azərbaycanda insanlar nədənsə narazıdırlarsa, bunun günahını başqalarında, ola bilsin ki, elə Amerika Birləşmiş Ştatlarında axtarmaq çox asandır.
Mən gərək əvvəl o sorğuları görüm. Dedikləriniz məni şoka salmır, amma özüm görsəm, yaxşı olar.
Azərbaycanda həm də dini aktivliyin artması məsələsi var. Bunu həm şəhərdə sayı artan islamla bağlı mallar satan dükanlardan, həm də dini aksiyalarda iştirak edənlərin sayından görmək olar – məsələn, ABŞ səfirliyi qarşısındakı, yaxud hicab qadağasına qarşı aksiyalarda. Sizin bu barədə düşüncələriniz nədir?
Dindarlığın artması pis şey deyil. Amerika Birləşmiş Ştatlarında bizim dini etiqad azadlığımız var ki, bu bizim Konstitusiyada təsbit edilmiş haqqımızdır. Biz inanırıq ki, istənilən adamın istədiyi şəkildə, istədiyi dinə sitayiş etmək imkanı olmalıdır. Bunu deyərkən, qeyd etməliyik ki, istənilən dinin ardıcıllarının öz baxışlarını həyata keçirmək üçün radikallaşaraq, zorakılığa üz tutması ilə bağlı narahatlıq var.
Mənə görə, bunun baş verməməsi üçün, insanları radikallıqdan uzaq tutmaq üçün ən yaxşı yol onlara cəmiyyət içində imkan yaratmaqdır. İnsanlar, xüsusilə də gənclər imkanlar istəyir. İmkanlardan məhrum edildiklərini düşünəndə onların radikal dini, siyasi və başqa elementlərin təsiri altına düşməsi ehtimalı böyüyür.
Sizcə hicab qadağası bu baxımdan necə təsir göstərir – kömək edir, ya əksinə?
Birləşmiş Ştatlarda biz istənilən adama istədiyi yerdə hicab bağlamaq icazəsi verərdik. Bu, ABŞ-da ümumiyyətlə problem olmazdı. Amma müxtəlif ölkələr özlərinin mədəniyyət fərqliliklərinə uyğun şəkildə bu məsələyə müxtəlif yanaşma sərgiləyirlər. Bu, təkcə Azərbaycanda ortaya çıxmış problem deyil. Fransada, Türkiyədə, başqa ölkələrdə də bu məsələ ortaya çıxmışdı. Cəmiyyət və hökumət bu məsələ ilə bağlı ortaq məxrəcə gəlməlidir.
Biz tam şəkildə inanırıq ki, zorakılığa yer verilməməlidir. Kimsə etiraz nümayişi keçirmək istəyirsə, bu, onların hüququdur. Amma heç bir zorakılıq olmamalıdır, heç bir tərəfdən.
Azərbaycan prezidenti BP-ni neft istehsalının azalmasına görə tənqid edib, Dövlət Neft şirkətinə bundan irəli gələn qərarlar verməyi tapşırıb. ABŞ səfirliyi bu mübahisəli durumda çözüm axtarışında hər hansı rol oynayırmı?
Biz əlbəttə ki, çözümün nə olacağında bir rol oynamırıq. Amma bu, çox vacib məsələdir. Mən Azərbaycan hökumətinin məyusluğunu anlayıram. Proqnozlar yerinə yetmir, bu da büdcə planlaşdırmasını çətinləşdirir.
Mən həm də BP-nin nöqteyi-nəzərindən baxanda vəziyyəti anlayıram. Başa düşürəm ki, istehsalın aşağı olmasının səbəbləri olub. Əsas odur ki, məsələ həllini tapmalıdır.
Hökumət, BP, konsorsiumdakı digər tərəfdaşlar açıq və konstruktiv şəkildə məsələni çözməlidirlər. Onların bir-birilə konstruktiv danışmaq imkanı olmalıdır. Məsələnin çözülməsi Azərbaycanın və şirkətlərin öz marağındadır. Çözülə bilər. Bütün tərəflər xoş niyyət nümayiş etdirsə, yaxşı olacaq.
Azərbaycan hökuməti bu mərhələdə tərəfdaşlarını dəyişmək qərarı versə, necə?
Bu sadəcə ehtimaldır. Mən hökumətin partnyorları dəyişmək niyyətini səsləndirdiyi barədə heç nə eşitməmişəm. Ona görə də bu fərziyyə ilə bağlı şərh verməyə çətinlik çəkirəm. Mən gündəlik prosesin iştirakçısı deyiləm. Odur ki, sadəcə bunu deyə bilərəm - məsələdən çıxış yolu tapılmalıdır.
Bəzi siyasi təhlilçilər deyir ki, hökumət azalacaq xərclərin məsuliyyətini BP-nin üzərinə atmağa çalışır ki, narazılıq dalğası ona yox, BP-yə yönəlsin. İran təcrübəsini nəzərə alsaq, insanların neft gəlirlərindən yararlana bilməməsinin acığını neft şirkətlərindən çıxarma ehtimalı Azərbaycanda da varmı sizcə? İndiki vəziyyət sizcə, hansısa siyasi riski ehtiva edirmi?
Mənim üçün bu mövzuda şərh vermək çətindir. Məncə hökumət onsuz da neftdən çox böyük gəlir əldə edir. Xüsusilə də neftin qiymətinin 10-15 il bundan əvvəlkinə nisbətdə bu qədər qalxması gəlirlərin artmasına səbəb olub. Amma əlbəttə ki, istehsal aşağı düşməyəcəyi təqdirdə aha çox qazana bilərdi.
Məncə istənilən neft iqtisadiyyatında olduğu kimi, burda da ümumi bir problem var, amma hesab edirəm ki, bunu BP-nin proqnozu doğrultmaması kontekstində müzakirə etməyin yeri yoxdur.
Məncə, bu situasiya əhali üçün problemlər yaratmır. Gəlirlərin nə qədər olmasından asılı olmayaraq, resursların paylanması və xərclərin hansı istiqamətlərə yönəldilməsi problemi var. Düşünürəm ki, hökumət bu vəsaitlərin bütün əhalinin imkanlarının artırılmasına xidmət edəcək istiqamətlərə xərclənməsinə daha diqqətli olmalıdır.
Məncə istənilən neft iqtisadiyyatında olduğu kimi, burda da ümumi bir problem var, amma hesab edirəm ki, bunu BP-nin proqnozu doğrultmaması kontekstində müzakirə etməyin yeri yoxdur.
Minsk qrupu – Qarabağ danışıqları barədə nə düşünürsünüz? Prosesə hələ ümid varmı? Yoxsa dayanıb?
Prosesin davam etməyəcəyini demək üçün indi elə bir səbəb yoxdur. Minsk prosesi davam edir və ümid edirik ki, uğur da olacaq. Bunu əvvəl də demişəm və burda olduğum qısa müddətdə bir də gördüm ki, Dağlıq Qarabağ məsələsi azərbaycanlıların hamısı üçün olduqca ağrılı və vacibdir. Fərqi yoxdur, hökumətyönümlü, yaxud müxalif... Müxtəlif məsələlərdə fərqli mövqeyə malik azərbaycanlıların hamısı bu məsələnin həllini gözləyən ağrılı bir problem olduğunu düşünür.
Biz Minsk qrupundakı nümayəndəmizlə münaqişənin sülh yolu ilə çözümü üçün əlimizdən gələni edəcəyik. Bu, bütün tərəflərdən siyasi iradə tələb edir. Nə Minsk Qrupunun, nə də bir başqasının sehrli çubuğu yoxdur ki, məsələnin həllinə nail olsun. Bütün tərəflərdən çətin qərarların qəbulu üçün siyasi iradə lazımdır.
Ramil Səfərovun əfvi sülh prosesinə necə təsir göstərdi?
Gərginliyi artıran və çətinlik yaradan istənilən addım faydasızdır. Səfərovun əfvinə və başqa hadisələrə reaksiyalar vardı. Biz bunun kimi gərginliyə səbəb olan istənilən addımların əleyhinə idik. Və mən bir daha Dövlət Departamentinin bəyanatındakı fikirləri dəstəkləyirəm. İndiki halda danışıqların yenidən relsə oturdulmasına nail olmaq, və uğur gətirə biləcək məqamlara köklənmək vacibdir.
ABŞ Rusiya və Fransa ən yüksək səviyyədə bəyanatlar verərək, Azərbaycan və Ermənistandan snayperləri atəş xəttindən çəkmələrini xahiş edib. Sizcə bu, niyə baş vermədi?
Arqument kifayət etmədi ki, tərəfləri bunun vacibliyinə inandırmaq mümkün olsun?
Mən də istərdim bu sualın cavabını bilim. Deyə bilmərəm. Bəlkə də daxili siyasi məsələlərin çox böyük təsiri olub. Hər halda, biz əlimizdən gələni etməliyik ki, irəliləyiş olsun və insan itkilərinin qarşısı alınsın. Minsk qrupu hesab edir ki, snayperlərin geri çəkilməsi və atəşkəs pozuntularının araşdırılması kömək edə bilərdi, amma yenə də əsas olan münaqişənin tam olaraq sülh yolu ilə həllinə nail olmaqdır.
Və sonda insan haqları barədə. Azərbaycan hökuməti ilə bu mövzuda danışırsınızmı – jurnalistlərə olan təhdidlər, azadlıqların məhdudlaşdırılması, siyasi məhbuslar məsələsi? Bu mövzulara toxunursunuzmu? Uğur varmı?
Əlbəttə ki, biz bütün bu mövzulara toxunmaqda davam edirik. Əlbəttə burda uğur təcrübəmizin çox olduğunu deyə bilmərəm. Bəzən uğur da olur. Amma əlbəttə ki, mükəmməl nəticə yoxdur. Hər halda, biz məsələləri qaldırmaqda davam edirik.
Dövlət katibi Clintonun dediyi kimi, Birləşmiş Ştatların ən yaxın dostları insan haqları sahəsində yaxşı təcrübəsi olan ölkələrdir. Mən həm də bilirəm ki, haqqında danışdığınız problemlər stabillik yaratmır. Hökumət üçün də stabillik yaratmır. Əksinə, daha artıq müxalifət, daha artıq narazılığa səbəb olur.
Siz bloggeri təqib, yaxud həbs edirsinizsə, məncə, siz sadəcə daha on bloggerin ortaya çıxmasına səbəb olursuz. Jurnalisti təqib, təhdid edirsinizsə, digər jurnalistlərin də tənqidçi mövqeyinə səbəb olursunuz.
...bloggeri təqib, yaxud həbs edirsinizsə, məncə, siz sadəcə daha on bloggerin ortaya çıxmasına səbəb olursuz. Jurnalisti təqib, təhdid edirsinizsə, digər jurnalistlərin də tənqidçi mövqeyinə səbəb olursunuz.
Daha açıq mövqe, daha çox şəffaflıq hökumətin marağında olmalıdır. Hökumət dinləməsi, ölkədə internetin yayılmasında maraqlı olması vacibdir. Hökumət xalqı dinləmək üçün internetin imkanlarından, şəffaflıqdan yararlanmalıdır.
O həm də özü sosial şəbəkələrdən istifadə edərək, insanları inandıra bilər ki, onlar üçün bu ölkədə imkanlar mövcuddur. Bunun hökumətə də faydası da olardı. Bu çox vacib mövzulardır.
Bizim ortaq maraq kəsb edən mövzularımız çoxdur. Bizim güclü münasibətlərimiz var, amma dediyiniz mövzular üzərində işləməliyik.
Şəffaflıq demişkən, Azərbaycan da ABŞ-ın Açıq Hökumət təşəbbüsünə qoşulan ölkələrdən biridir. Amma o vaxtdan bəri əksinə, qanunlara dəyişiklik edərək, informasiya əldə edilməsini çətinləşdirib. Bu necə olur?
Problem ondadır ki, təşəbbüsə qoşulmaq təşəbbüslə bağlı başqa qərarlara təminat vermir. Azərbaycan və başqa ölkələr bu təşəbbüsə qoşula bilərlər. Amma bundan sonra şəffaflığın artırılması artıq ölkələrin öz iradəsinə bağlıdır.
Siz yəqin ki, şirkətlər barədə məlumatların kommersiya sirri hesab edilməsi barədə qanunvericiliyə edilən dəyişiklikləri nəzərdə tutursunuz. Hansı məlumatların sirr, hansı məlumatların açıq olması ilə bağlı mübahisəli məsələlər var. Bütün ölkələr bu barədə qərar verməli olur. Amma bu kimi qanunlar şəffaflığın təmin olunması üçün maneəyə çevrilməməlidir. Ancaq bu, mübahisəli məsələlərdən biridir və biz bu istiqamətdə də işi davam etdiririk.
Müsahibə üçün çox sağ olun. Azərbaycanda daha uzun müddət keçirəndən sonra Sizinlə bir daha söhbətə ümid edirəm.
Sizə də təşəkkür edirəm.