Əli Həsənov Rusiyadakı azərbaycanlıların yeni təşkilatından danışdı

Əli Həsənov

-
Rusiya səfərindən qayıdan Prezident Administrasiyasının şöbə müdiri Əli Həsənov ANS-ə müsahibəsində yeni yaradılan Rusiya Azərbaycan Təşkilatları İttifaqından danışıb.

«Biz bütün təşkilatlara, o cümlədən Rusiyada yaranan yeni və köhnə təşkilatlara birmənalı yanaşırıq. Hər kimsə Azərbaycan vətəndaşıdırsa, Azərbaycan dövlətinə bağlıdırsa, çalışmalıdır ki, yaşadığı ölkə ilə Azərbaycan arasında münasibətlər normal olsun. Bu, qarşılıqlı maraqlara xidmət etsin. Azərbaycana əsassız təzyiqlər meydana çıxmasın. Həm daxildəki, həm də xaricdəki vətəndaşlar ona çalışmalıdırlar ki, Azərbaycan dövlətinin müstəqil siyasətinə təsir göstərən rıçaqlara xidmət etməsinlər», - deyə Ə.Həsənov bildirib.

Rusiya Azərbaycan Təşkilatları İttifaqını Rusiyada yaşayan bir qrup tanınmış azərbaycanlı yaradıb. Bu sırada Prezident İlham Əliyevin qudası Araz Ağalarov, Baş nazirin sabiq müavini Abbas Abbasov, dramaturq Rüstəm İbrahimbəyov, iş adamları Vahid ƏləkbərovTelman İsmayılovun da adı çəkilir.