ANAR: "Orxan Pamukun bu bəyanatı düşmən dəyirmanına su tökür"

Orxan Pamuk və Anar, 525-ci qəzet

-

Mənəvi cəhətdən səbatsız olan bir qrup, xüsusilə tez şöhrət qazanmağa düşkün bəzi gənc yazıçılar üçün postmodernizm əsas cazibə obyekti olmuşdur...

O.Pamukun bütün dəlillərini asanlıqla təkzib etmək mümkündür. Türkiyə bir çox illərdir ki, bütün arxivləri, həmçinin başqa əlaqədar ölkələrin arxivlərinin açılmasını təklif edir ki, 1915-ci ilin həqiqi səbəbləri, miqyası və nəticələri aydınlaşdırılsın, bu məsələnin müzakirəsi siyasi müstəvidən tarixi araşdırmalar müstəvisinə keçsin...


ANAR


Orxan Pamukun şəhəri və dünyası


2004-cü il mayın 21-də Azərbaycan yazıçılarının XI qurultayı oldu.

Başqa qonaqların sırasında mən türk yazıçısı Orxan Pamuku da dəvət etmişdim. O, dəvətimizi məmnuniyyətlə qəbul etdi və məşhur jurnalist, rəhmətlik İrfan Ülkü ilə birlikdə ilk dəfə Azərbaycana gəldi. O zaman Orxan hələ Nobel laureatı deyildi, lakin bundan qabaq da Türkiyədə onu çoxları sevmirdi. Mükafat aldıqdan sonra onların sayı təbii ki, artdı. Şöhrətin bədəli budur.

Yadımdadır, Meksikada oradakı yazıçılarla söhbət zamanı söz Markesin “100 ilin tənhalığı” romanından düşdü, nasirlərdən biri “bu əsər Nobel mükafatı alanda çox təəccübləndim” dedi. “Sonra romanı bir də oxudum və Nobel komitəsinin qərarına daha çox təəccüb qaldım” deyə davam etdi.

Türkiyədə Orxan Pamuka qarşı bəzi həmkarlarının münasibəti bir qədər soyuq və hətta qısqanc idi. Nəinki onun romanlarının bədii əhəmiyyətini danır, hətta özünü də lovğa, təkəbbürlü, son dərəcə ambisiyalı adam kimi qələmə verirdilər. Orxan Pamukun əsərlərini oxuduqda gördüm ki, onun yaradıcılığına belə münasibət ədalətsizdir. Onunla şəxsən tanış olduqdan sonra isə əmin oldum ki, lovğalığı iddiası da əsassızdır. Əslində, Orxan çox sadə, ünsiyyətə açıq adam imiş, heç də özündən müştəbeh, özündənrazı deyilmiş. Baxmayaraq ki, hələ Nobel mükafatı almamışdan qabaq da məşhur və bütün dünyada əsərləri nəşr olunan yazıçı idi. Bizim yaş fərqimizə görə mənə “abi” deyə müraciət edirdi. Biz onu “Azərbaycan” mehmanxanasının lüks otağında yerləşdirdiyimizdə dünyanın yarısını dolaşmış Orxan ömründə belə təmtəraqlı nömrədə yaşamadığını dedi.

O bizim qurultayda çıxış etdi. Bir gün dostcasına söhbətimiz zamanı mən soruşdum:
– Orxan bəy, bizdə bəzən iddia etdikləri kimi siz postmodernistsizmi?
– Əlbəttə ki, yox – deyə dərhal cavab verdi.
– Bizdə adətən yaza bilməyənlər özlərini postmodernist elan edir – dedim.
– Bizdə də eynən elədir – dedi.

Təkcə bizdə yox, dünyada bəzi dəbdə olan yazıçıları, məsələn Umberto Ekonu, M.Paviçi, P.Zyuskindi, X.Murakamini və başqalarını postmodernistlər sırasına daxil etdiklərinə görə bu barədə öz mülahizələrimi bölüşmək istəyirəm. Bu mövzuya mən hələ “Gecə düşüncələri”ndə toxunmuşdum.

Mənəvi cəhətdən səbatsız olan bir qrup, xüsusilə tez şöhrət qazanmağa düşkün bəzi gənc yazıçılar üçün postmodernizm əsas cazibə obyekti olmuşdur. Kifayət qədər geniş tarixi, mədəni və ədəbi görüş dairəsinə malik olmayan, rus dilini yetərincə bilməyən, illah da başqa xarici dilləri heç bilməyən, postmodernizmlə yalnız üzdən, səthi tanış olan, bəzən o barədə ancaq ordan-burdan eşidən adamlar yazdıqları səfsəfəni yenilik, dünya standartlarına uyğun, ədəbiyyatımızda yeni mərhələ kimi sırımağa çalışırlar. Onlardan əvvəl yazılan bütün əsərləri, əlbəttə ki, inkar edirlər. Yəni bizdən qabaq ümumiyyətlə, heç bir ədəbiyyat olmayıb, hər şey bizdən, hətta bizim hələ yazılmamış əsərlərimizdən başlayır.

Bizim bu əldəqayırma “postmodernistlər” bir qırağa dursun, demə bu problem rus ədəbiyyatında da gündəmdədir.
Bu barədə yunan yazıçısı Nikos Zavraç belə yazır: “Həyasız, kəmsavad jurnalistlərə öz ordusunu alçaltmağa, vulqar postmodernist “yazıçılara” əzəmətli rus ləyaqətini təhqir etməyə, rus məktəblərinin müdir və müəllimlərinə hər cür zibil və çirkabı təqdim etməyə icazə verən xalqı görmək xəcalət gətirmirmi?

Postmodernizm şöhrətpərəst, həyasız, özündənrazı və ifrat dərəcədə pafosludur. Çünki naqislik və günah həmişə aqressivdir. Homoseksualizm pafosu, kobudluq pafosu, bayağı rişxəndçilik pafosu”.

Orxan Pamuku bəzən türk Umberto Ekosu adlandırırlar, məncə bu da düz deyil. İtalyan yazıçısı özü postmodernizm haqqında belə yazır: “Təəssüf ki, postmodernizm hər şeyə yarayır. Mənə elə gəlir ki, bizim zamanda bütün bu sözdən istifadə edənlər onu hər dəfə kimi isə tərifləmək istədiklərində işlədirlər. Həm də onu inadla keçmiş əsrlərə aparıb çıxarırlar. Əvvəl o yalnız axır 25 illiyin yazıçıları və rəssamlarına aid edilirdi, yavaş-yavaş o əsrin ibtidaisinə qədər uzandı, sonra daha qabaqlara gedib çıxdı, görünür bununla kifayətlənməyəcək, tezliklə postmodernizm kateqoriyası Homeri də özünə aid edəcək. Postmodernizm – modernizmə cavabdır. Madam ki, keçmişi yox etmək olmur və ya onun məhv edilməsi heçliyə gətirib çıxarır, o zaman onu yenidən ironiya ilə şəbədəyə, lağa qoyaraq təqdim etmək lazım gəlir”.

Umberto Ekonun bu dəyərləndirməsini rus və bizim Azərbaycan ədəbiyyatından misallarla da təsdiq etmək olar. Əgər postmodernizm parodiyalaşdırmaq, klassik mətnlərin istehzalı şəkildə aşağılanmasıdırsa, hələ “postmodernizm” termininin yaranmasından çox-çox əvvəl Mayakovski bunu Puşkinin Tatyanasının məktubunu
Yaxşı” poemasında satirik tərzdə parodiyalaşdırmışdı. Bizim ədəbiyyatda isə Sabir Füzulinin lirik qəzəlləri ilə bağlı belə üsluba əl atmışdı. Lakin nə Mayakovski, nə də Sabir bunu məqsəd sayırdı. Mayakovski bu üslubu siyasi təbliğata tabe etmiş, Sabir isə bundan gerilik, cəhalət və maarif düşmənləri ilə mübarizə üçün istifadə etmişdi.

Bəs müasir postmodernistlərin məqsədi nədir, yalnız adamların mənəviyyatını qıcıqlandırmaqmı, epatajmı?
Yeri gəlmişkən, bu da dünya ədəbiyyatında yeni bir şey deyil, elə Mayakovskinin ilk dövrünü yada salaq.
Umberto Eko yazır: “Doğrusu, mənə elə gəlir ki, biz daima müzakirələrimizdə mövcud olan bu gizli fikirlərdən əl çəkməliyik – o fikirlərdən ki, hay-küy əsərin qiymətinin yeganə meyarıdır”.

Umberto Ekonun “Qızılgülün Adı” romanından məni heyrətləndirən bir sitat da gətirim: “Elə vaxt gələcək ki, – deyə Xorxe yenidən danışdı – qanunsuzluq yayılacaq, oğullar valideynlərinə əl qaldıracaq, arvadlar ərlərinə xəyanət edəcək, ər arvadını hakimlərin qarşısına çıxaracaq, ağalar öz təbəələrilə insafsız davranacaq, təbəələr ağalara itaət etməyəcək, böyüklərə hörmət qalmayacaq, yetkinləşməmiş gənclər hakimiyyət tələb edəcək, iş, əməl faydasız, zəhlətökən bir şeyə çevriləcək, hər tərəfdə günahın, qüsurun, bütün əxlaq qaydalarının pozulmasının şərəfinə mahnılar oxunacaq”.

Bu fikir məni təkcə orada sanki postmodernizm estetikasının ifadə olunması və bütün bu deyilənlərin zəmanəmizin həqiqətlərinə tuş gəlməsi ilə deyil, həm də bu mətnin qədim “Oğuznamə”lərin birində ailə bağlarının qırılması, yaş iyerarxiyasının pozulması, hakimiyyət hərisi olan “südəmər” gənclərin hərcimərclik və qanunları tapdaması haqqında şikayətlərilə tam eyniliyiylə heyrətləndirdi. Həqiqətən dünyada heç bir şey yeni deyilmiş.

Bəs keçən əsrin müxtəlif ölkələrinin dəbdə olan yazıçıları – italiyan Umberto Ekonu, serb Milorad Paviçi, almandilli Patrik Zyuskindi, yapon Xaruki Murakamani və türk Orxan Pamuku birləşdirən nədir? Ən tutumlu və dəqiq tərif yenə də Umberto Ekonun sözlərindədir: “Ömrüm boyu hesab etmişəm ki, roman, hər halda həm də öz iti süjeti ilə oxucunu cəlb etməlidir”.
Meduavist-alim, Avropanın orta əsrlər tarixinin dini cərəyanlarının, xristian təriqət və cəmiyyətlərinin mükəmməl bilicisi öz böyük elmi bilik ehtiyatını dedektivə çox meyl edən, belletristik janrda yazılmış “Qızılgülün adı” romanında təcəssüm etdirmişdir. Qəhrəmanlarından birinin adını Vilhelm Baskervil qoyan müəllif aydın şəkildə Konan Doylun “Baskervillərin iti” dedektivinə işarə edir.

Orxan Pamuk da başqa tarixi materialda və coğrafi məkanda islam, sufilik, hürufilik, osmanlı ənənələri, Şərqin orta əsr minatürçü rəssamlıq məktəbləri və s. haqqında geniş məlumatlarından gərgin süjet xəttinə malik romanlarında istifadə edir.

“Qara kitab”da məzmun əsas qəhrəman Qalibin öz itmiş (və ya onu tərk etmiş) arvadının axtarışı üzərində qurulur. Lakin Orxan Pamuk romanının dedektiv ədəbiyyatdan fərqi ondadır ki, o macəralı süjetin köməyi ilə müasir Türkiyənin ən mühüm ictimai-siyasi və mənəvi problemlərinə toxunur. Macəralı süjetdən daha artıq məni “Qara kitab”ın “Bosforun suları çəkildikdə” (romanın fəsillərindən biri belə adlanır) İstanbula həsr olunmuş səhifələri maraqlandırdı. Bu fantastik əhvalatı müəllif o qədər dəqiqliklə, əyaniliklə təsvir edir ki, oxucu sanki öz gözüylə əbədi şəhər – İstanbul-Konstantinapol-Bizansı indiyə qədər dənizin dibində gizlənən bütün əşyaları, bir çox əsrlərin qalıqları ilə görür. Yalnız həqiqətən istedadlı yazıçı heç kimin heç zaman görmədiyi dəniz altında qalmış avadanlığın belə canlı sırasını yarada bilər.

Eyni zamanda Orxan real İstanbul haqqında xatirə kitabının müəllifidir. Kitab elə belə də adlanır – “İstanbul”. İstanbul Orxan Pamuk üçün təkcə doğulduğu, böyüdüyü, həyatının çox hissəsini yaşadığı sevimli şəhər deyil, həm də çoxəsrli tarixinin bütün mərhələləri ilə birlikdə tam bir dünyadır, içində müxtəlif mədəniyyətlərin, dinlərin qəribə qarışığı olan bir qazandır. Eyni zamanda, İstanbul onun üçün uşaqlığını xatırladanda gözlərini yaşardan doğma şəhərdir.

O.Pamukun sualtı İstanbulun fantastik mənzərəsini yaratmaq istedadı onun doğma şəhərinin müasir məişətini, əxlaqını, həyat tərzini, zövq və əyləncələrini, ailə əlaqələrini təsvir etmək bacarığına bərabərdir.

“İstanbul” zənnimcə, O.Pamukun ən yaxşı əsəridir. Bu kitabda O.Pamuk ən yüksək dərəcədə özüdür. Ümumiyyətlə, onun xatirə kitabları və romanlarına diqqət yetirdikdə Orxanın çox həssas, hətta bir qədər sentimental insan olması təsəvvürü yaranır. O, kitablar arasında böyümüş və yaşayan, sənət əsərlərinə bağlı assosiasiyalarla, şəhərin keçmişi haqqında nostalji xatirələrlə, eyni zamanda özünün keçmişi, uşaqlıq, yeniyetməlik və gənclik illəri ilə bağlı unudulmaz təəssüratlarla yaşayan insandır.

İstanbul haqqında romanı oxuduqda hiss etdiklərim O.Pamukdan Paris jurnalı üçün müsahibə alan fransız jurnalistinin fikirləri ilə uyğun oldu.

Jurnalist:
– “İstanbul” romanı tənhalıq hissi, sizin tənhalıq hissinizlə doludur – deyir. Tamamilə aydındır ki, Türkiyədə siz yazıçı kimi də tənhasınız. Siz sizi qəbul etməyən dünyada böyümüş və yaşayırsınız.

Orxan Pamuk belə cavab verir:
– Böyük ailədə böyüdüyümə və məni həmişə yaşadığım mühitə hörmət etmək və onu qəbul etmək öyrətdiklərinə baxmayaraq, illər sonra oradan ayrılmaq, qopmaq zərurətini duymağa başladım. Mən çox erkəndən başa düşdüm ki, cəmiyyət mənim xəyal gücümü, nəyi isə uydurmaq bacarığımı boğur. Xəyal gücümün çalışması üçün mənə tənhalıq ağrısı gərəkdir. O zaman yalnızlıqda mən xoşbəxt oluram. Lakin türk olduğuma görə mən bir müddətdən sonra ünsiyyət üçün darıxıram, nəyinsə çatmadığını hiss edirəm.

“İstanbul” romanı anamla əlaqələrimin kəsilməsinə səbəb oldu – onunla daha görüşmürük. Və əlbəttə ki, qardaşımla da çətin ki, görüşək. Türklərə münasibətim isə mənim bu yaxındakı çıxışlarım və dediklərim üzündən pozuldu”.
Bu çıxışlara hələ qayıdacağam, lakin burada mən bir məqama toxunmaq istərdim; Onun altını “Qara kitab”ı oxuyarkən cızmış, indi isə kitabı vərəqləyərkən təsadüf etdim:

“Nəsimi Allahı öz sevgilisinə bənzətmişdi, bunun üçün onu tutub edam etmişdilər – diri-diri dərisini soymuş, çarmıxa çəkmiş, sonra 7 yerə parçalayıb 7 müxtəlif şəhərdə basdırmışlar (dərs olsun deyə).(?-A)

“Mənim adım qırmızıdır” romanında da “Qızılgülün adı”nda olduğu kimi orta əsrlərin tarixi fonunda bir sıra müəmmalı qətllər, adamqaçırtma, qeyb olmalarla rastlaşırıq, bu da, görünür, türk yazıçısının Umberto Ekoyla müqayisə edilməsinə səbəb olmuşdur. Lakin yenə də müəllif dedektiv süjet vasitəsilə Qərb və Şərq mədəniyyətlərinin – təsviri sənət nümunələri əsasında – bir-birinə yaxın və uzaq olması kimi ciddi problemlərə toxunur. İnsanların və mənzərələrin təsvirində Qərb üslublarını təqlid etmək istəyi sonunda Şərqin böyük minatür sənətinin süqutuna gətirib çıxarır. Öz əhvalatlarını müxtəlif insanlar, nəinki kişilər və qadınlar, həm də ağac, it, hətta ölüm adından danışan müəllif sanki bütün varlığın vəhdəti haqqında panteist ideyaları təsdiq edir.

Ən çox oxunan dünya yazıçılarının əsərlərindəki gərgin süjet təkcə estetik deyil, həm də iqtisadi səbəblərlə izah olunur. Axı indiki zamanda ədəbiyyat və incəsənət tez-tez bazar ölçüləri ilə qiymətləndirilir.

Bəziləri yaxşı satılan kitabları bədii cəhətdən də daha dəyərli hesab edirlər. Onlar sanki unudurlar ki, satılmayan insanlar olduğu kimi, satılmayan kitablar da var. Bu isə nə o adamların, nə də o kitabların dəyərini azaldır.

“Həyatdan daha heyratamiz bir şey yoxdur. Sözdən başqa”. Bu fikri Orxan Pamuk özünün uydurduğu İbn Zəhranının kəlamı kimi qələmə verir. Y.Lotman qeyd edir: Umberto Ekonun romanı İohann İncilindən bir iqtibasla başlayır:

“Öncədən yalnız söz vardı” və sonu latınca sitatla bitir: orada deyilir ki, “qızılgül soldu, amma “qızılgül” sözü “qızılgülün adı” qaldı. Əsərin həqiqi qəhrəmanı sözdür. Sözləri insanlar yaradır, lakin sözlər insanları idarə edir.

Sözün mədəniyyətdə yeri, söz və insan arasında münasibəti öyrənən elm- semiotika adlanır. “Qızılgülün Adı” romanı söz və insan haqqındadır – bu semiotik romandır”.
Bu mənada orxan Pamukun romanlarını da semiotik adlandırmaq olar.
Milorad Paviçin “Xəzər lüğəti” əsəri isə sırf semiotik romandır, onun adının altında “1000000 sözlük roman – leksikon” tərifi verilmişdir.

Yeni nəslin yazıçılarının başqa bir xüsusiyyəti də məcaziliyə meyldir. Patrik Zyuskindin “Əttar” romanı geniş vüsətli bir məcazdır. Bu roman xoşuma gəlmədi, onu güclə axıracan oxudum. 200 səhifə ərzində ətirlərin necə hazırlanması və hansı tərkiblərdən düzəldilməsi haqqında təfərrüatlı məlumatlar verilir. U.Ekonun, M.Paviçin, O.Pamukun, hətta Den Braunun “Da Vinçi kodu” kitabından (sonuncu yuxarıdakılardan daha aşağı pillədədir) aldığım sırf elmi məlumatlardan fərqli olaraq, Zyuskindin ətriyyata aid bilgiləri məni cəlb etmir. Əgər mənə bu sahədə biliklər lazım olsaydı, mən müvafiq elmi ədəbiyyata müraciət edərdim.

Bu romanda ətriyyatın incəlikləri və sirlərindən başqa nə var? Əsas qəhrəman çoxdan hamını bezdirən freydist motivləri – nakam xəsarətli uşaqlıq, ana ilə əlaqə problemi, gizli seksual doyumsuzluğu və s. ilə yoğrulmuşdur. “Əttar” dedektiv kimi də maraq doğurmur. Əvvəlcədən qətlin səbəbləri də, qatil də məlum olan əsər nə sayaq dedektivdir? Bəs ortada nə qalır? Ən geniş mənada məcaz – məsələn, A.Kamyunun “Taun” əsəri kimi. Şər qüvvə, burada hakim olmaq ehtirası ilə deyil, qoxular ideyasına tutulmuş və “qoxular hakimiyyətinə” çatmaq üçün cinayətə hazır olan məcazi “şər dahisi” obrazının təsviri. Beləliklə insan həyatının öz-özlüyündə heç bir qiyməti yoxdur, hər adam yalnız müəyyən maddələrin toplusudur (Osvensimdə bu materiallar – saçlar, dişlər, insan dərisi olduğu kimi). Romanda məcazi zirvə nəqtəsi – Hitlerəbənzər “şər dahisinin” cazibəsi və təsirinə uyaraq kütlənin onun iradəsinə (bu halda qoxuya) ram olmasıdır.

Bu da Corc Oruelin “1984” antiutopiyasını xatırladır, orada qurbanlıq adam sonda – diktatoru, “Böyük qardaşı” – sevməyə başlayır. Əlbəttə ki, meyidin (mütləq meyid olmalıdır) qoxusunu əldə etmək – fantastik ehtimaldır, lakin bu yenə də məcazi mənada qəbul edilir – şeytan ram edilmiş insanın ruhunu aldığı tək. Daha bir məcazi məqam – qəhrəman özünün qoxusu olmamasından, yəni o, özəlliksiz adam olmasından əziyyət çəkir: Bu tərif başqa bir Qərb romanının adın xatırladır “Özəlliksiz insan”. Qoxusuz, özəlliksiz, xüsusiyyətsiz insan təkcə adi, istedadsız adamın deyil, həm də (bunu biz XX əsrin sonunda müşahidə etdik) bütün dünyaya hakim ola bilən şəxsiyyətsizliyin məcazi obrazıdır. Məcazı təfəkkür Orxan Pamukun romanlarına da xasdır. Lakin nə Umberto Eko, nə Milorad Paviç, nə Patrik Zyuskind Nobel mükafatına layiq görülmədilər. Bu mükafatı türk yazıçısı aldı. Qərb yazıçıları öz oxucularına maraqlı şəkildə də olsa, onlara az-çox tanış olan Avropa tarixindən süjetlər təqdim edirlər.

Orxan Pamukun romanlarının fakturasını isə Qərb oxucusunun alışmış olduğu biçimlərdə Şərqin ona az tanış olan ekzotik həyatı təşkil edir. Türk-Şərq məhsullarından O.Pamuk Avropa ədəbi təamı hazırlayır. Həm də bunu parlaq, istedadlı, “dadlı”, başlıcası isə uğurla edə bilir. Onun romanları məzmununun zənginliyi ilə ədəbi elitanın

Pamuk Türkiyədə məhkəməyə çəkilir, 16 dekabr, 2005

iqqətini cəlb edir, dedektiv süjetləri isə sıravi oxucularda maraq oyadır. “Qar” romanında da cinayətlə bağlı süjet müasir Türkiyənin siyasi panoramını əhatə edir – sollar, sağlar, kommunistlər, millətçilər, kamalistlər, islamçılar – müəllif ölkənin şərqindəki kiçik əyalət şəhəri Qarsda məmləkətinin tam siyasi mənzərəsini əks etdirir. Mən bir dəfə İstanbulda qarslıların keçirdiyi gecədə iştirak etdim. Çıxış edənlərdən bəziləri şəhərlərinin belə təsvirinə görə O.Pamukdan narazılıqlarını bildirirdi. Sonralar romanı oxuyanda mən orada Qars sakinlərinə toxunan bir şey tapmadım. Hadisələrin baş verdiyi yeri seçməyinin səbəbini izah edərək Orxan Pamuk deyir:

– Bu Türkiyənin ən soyuq şəhərlərindən biridir. Həm də ən kasıblarındandır. 1980-ci ilin əvvəlində Türkiyənin ən aparıcı qəzetlərindən biri nömrəsinin tam səhifəsini Qarsdakı kasıblığa həsr etmişdi. Mən oraya getməyi qərara aldıqda ölkədəki siyasi vəziyyət heç də normal deyildi. Şəhərin ətrafında əsasən kürdlər məskunlaşmışdı, şəhərdə isə kürdlərə, azərbaycanlılara, türklərə və bəzən də ruslar və almanlara rast gəlmək olurdu. Etnik problemlərdən əlavə, şiə və sünnülər arasında da dini ixtilaflar mövcud idi. “Qara kitab” və “Mənim adım qırmızı” kimi, “Qar” da mükəmməl və maraqlı romandır, amma əsas qəhrəmanın əhvalının tez-tez dəyişməsi – o gah xoşbəxt, gah bədbəxt olur – yeknəsikliyi ilə oxucunu bir qədər yorur. “KA”nın (müəllif qəhrəmanı belə adlandırır) daim səbəbli və səbəbsiz ağlaması adamı bezdirir. Lakin üstünü qar basmış kiçik şəhərin mənzərəsi və mühiti çox gözəl canlandırılmışdır. Məharətlə təsvir edilmiş canlı, parlaq surətlər yadda qalır.

Gərgin süjetli “Qar”la müqayisədə yazıçının o biri romanı “Məsumiyyət muzeyi” öz amorfluğu ilə qəribə təsir bağışlayır. Sanki o, O.Pamukun məşhur romanlarından qabaq yazılıb, lazımsız, artıq şeyləri atıb yalnız vacib şeyləri saxlaya bilməyən müəllifin qələmindən çıxıb. Bu əsər nə haqdadır?

Keçmiş illərdəki sovet tənqidinin quru üslubu və birmənalı qiymətləndirməsinə üz tutsaq, bu əsər, necə deyərlər “şadlığından şitlik edən” avara bir zənginin anlaşılmaz və son dərəcə uzun-uzadı hekayəsidir. Sanki bir boşluqda, kəskin ictimai problemləri olan Türkiyənin müasir ictimai-siyasi mühitindən kənarda yaşayan Kamal adlı bu personaj öz mənasız həyatını Don Kixota bənzər şəkildə (lakin onun romantik heyranlığından xali) özünə bir Toboslu Dulsineya (hətta bir yox, iki Dulsineya) uydurur ki, sonda onları məhv etməsə də, cəmiyyətin gözündə biabır etsin.

Sosyeteninsə – yəni kübar təbəqənin (romana əsasən) bu qızların bakirə olub-olmamalarından başqa problemi yoxdur. Həm də bu həmin qızların öz həyatlarını hörmət-izzətli və rahat qurmalarına mane olmur. Kamal qətiyyətsiz, iradəsiz adamdır, eyni zamanda fetişist və hətta kleptoman, yəni əşyalara tapınan və həm də əşya çırpışdırandır. “Əttar”ın qəhrəmanı kimi o da qoxuları, təkcə qoxuları deyil, həm də saçları, sancaqları, sırğaları, üstündə sevgilisinin dodaq boyasının izləri qalan siqaret kötüklərini yığıb kolleksiya toplayır, özünün qəribə “məsumiyyət muzeyi”ni – “xoşbəxtlik muzeyi”, “kədər muzeyi”, “ümidsizlik muzeyini” yaratmaq istəyir. Lakin Kamalın ümidsizlik, qüssə, kədər vəziyyətindən sevinc və xoşbəxtlik, məmnunluq halına keçməsi anidir. Dulsineyanın (yəni Füsunun) əlinə bir toxunuşdan və ya onun bir xoş baxışından asılıdır. Xoşbəxtlikdən bədbəxtliyə və əksinə olan bu keçidlər, yırğalanmalar romanda dəfələrlə təkrarlanır və müəllif, görünür unudaraq hər belə dəqiqəni qəhrəmanın həyatında ən fərəhli an elan edir.

Lakin gəlin vulqar-sosioloji tənqid üsulunu kənara qoyub istedadlı yazıçının öz romanında nə ifadə etmək istədiyini anlamağa çalışaq. Müəllifin fikrincə, bu, məhəbbət hekayəsidir, lakin bu məhəbbət olduqca qəribədir. Məhəbbət hekayəsinin məcazi səpgidə izahına realistik təfərrüat, realistik əsər kimi qavranmasına isə onun qeyri-inandırıcı xronologiyası əngəl törədir.

Füsun və onun əri Firudinin 8 il evli olduğu halda bir dəfə də ər-arvad münasibətlərinə girməməsinə necə inanmaq olar?

Əgər belə vəziyyət mümkündürsə (dünyada hər şey ola bilər), bu ayrı bir əsərin mövzusudur. Bu patoloji münasibətlərin incə və dəqiq təfərrüatlı əhvalatını onların bütün mürəkkəbliyini, xüsusiyyətlərini və çalarlarını təhlil edən bir romanın mövzusudur. Pamukun romanında bütün bu mürəkkəb durum bircə məlumat cümləsi ilə, adi bir şey kimi qələmə verilir.

Və yaxud realistik mövqedən yanaşılsa, necə inanmaq olar ki, Kamal 8 il ərzində yalnız Füsunun yanında olmaq xatirinə onun evinə gəlir ki, orada televizora baxıb rakı içsin. Bu necə adamı bezdirməyə bilər? Əgər bu olduqca dərin məhəbbətdirsə, o necə belə uzun müddət heç bir konkret hərəkətə, addıma çevrilmədən sürə bilər. Belə olduqda təsir yaranır ki, Kamalın bu cür vaxt keçirməsi onun avaraçılığı və özünü heç nə ilə məşğul edə bilməməsindən doğur. Bəlkə yazıçı elə bunu ifadə etmək, yəni, öz cəsarəti və eşqi uğrunda mübarizə etməyi bacarmayan, yalnız başqasının ailə səadətini iradəsiz şəkildə seyr edən və Füsun və Firudinin gec-tez ayrılacağına ümid bəsləyərək özünə təskinlik verən avara obrazı yaratmaq istəyib.

Həm də məlum olur ki, bu əsl mənada evlilik deyil. Kamalı daima cinsi tələbləri olan bir erkək kimi təsvir edən müəllif, bizi inandırmağa çalışır ki, o müəyyən qadını ehtirasla sevdiyi üçün 8 il ərzində cinsi əlaqədən çəkinmişdir. Amma bu ehtirasdan yanıb kül olma deyil, yalnız közərmədir.

Təkrar edək ki, Orxan Pamuk sözsüz ki, bu romanında da başqa əsərlərində olduğu kimi, çox istedadlı yazıçıdır. Eyni zamanda o, Qərb yazıçılarının – Marsel Prustdan tutmuş Borxesə qədər güclü təsiri altındadır. Prustun təsiri “Məsumiyyət muzeyi”ndə də hiss olunur. Lakin əgər fransız yazıçısının təsviri qəhrəmanların zahiri hərəkətlərini göstərmədən onların daxili hisslərinə yönəlmişdirsə və bu duyğular çalarları, əhval dəyişmələri ilə son dərəcə zəngindirsə, Orxan Pamukun qəhrəmanlarının daxili hisslərini yalnız iki sözlə ifadə etmək olar – xoşbəxtlik, ya bədbəxtlik.

Qəhrəmanın öz həyatı haqqında çıxardığı son xülasə isə tam gözlənilməzdir: “ Qoy hamı bilsin ki, mən çox xoşbəxt həyat sürmüşəm” – deyir.

Bu, həyatını az-çox normal yaşamış və Kamala onun keçirdiyi mənasız həyatına görə yazığı gələn insanlara meydan oxumaqmıdır? Yaxud daha dəqiq fikri Füsun Kamalın onlara gəlməsi haqqında rəfiqəsi ilə söhbət edərkən deyir: “Bizə Kamal bəy gəlir, o çox zəngindir, amma bir az başdan xarabdır”.

Füsunla Kamal arasındakı münasibətlərin açarı bu sözlərdə deyilmi? “Çox zəngindir” – yəni Füsunu kino ulduzu olmaq arzusunu həyata keçirə bilər və “bir az başı xarabdır” – Füsunun onunla xoşbəxt olmasını qeyri-mümkün edən səbəbdir.

Bu, şərh edilərsə, Füsunun avtomobil qəzasında həlak olmasını gələcək birgə xoşbəxt həyatın sanki mümkünlüyü, gerçəkləşməsi ərəfəsində intiharı kimi qiymətləndirmək olar.

Füsunun ölümündən sonra Kamalın yaratdığı “Məsumiyyət muzeyi” isə yəqin ki, yazıçının fikrincə, real dünyada xoşbəxtliyin qeyri-mümkün olmasının metaforasıdır.

Səadəti cəfəng məsumiyyət muzeyinin eksponatlarında təcəssüm etdirilmiş xatirə dünyası əvəz edə bilər.

“Başqa rənglər”də Orxan Pamuk türk və xarici yazıçılar, oxuduğu kitablar, baxdığı filmlər haqqında öz esse və düşüncələrini toplamışdır. Yazıçının öz əsərləri, onları yazması səbəbləri, bu və ya digər romanda ifadə olunması, onun üçün bir müəllif kimi vacib olan motivlər haqqında qeydləri xüsusi maraq doğurur. Kitaba həm də Orxanın Türkiyədə və bir sıra Avropa ölkələrində çıxış və müsahibələri daxil edilmişdir. Bu çıxışların biri üzərində dayanmağa dəyər. Bu onun məhkəmədəki çıxışıdır. O, türk ictimaiyyətinin qəzəbinə səbəb olmuş başqa oxşar fikirlərilə eyni tərzdədir. Yuxarıda bu məsələyə toxunduqda mən həmin problem barəsində təfərrüatıyla danışmağı vəd etmişdim.
O.Pamukun “erməni məsələsi” ilə bağlı 1915-ci il hadisələri haqqında dedikləri Türkiyədə kəskin reaksiya doğurmuşdur. Məhz bu sözlərinə görə o, məhkəmə qarşısında durmalı olub. Dediklərinin məğzini, dəlillərini və mövqeyinin izahını başa düşmək üçün onun məhkəmədəki çıxışından geniş sitat gətirirəm:

Orxan “Məni türk millətini təhqir etməkdə ittiham edirlər” – deyir. – Prokuror mənim 3 il həbsxanada yatmağımı tələb edəcək. Vəkilim kimi mən də inanıram ki, əleyhimə irəli sürülən ittihamlar inandırıcı deyil və düşünmürəm ki, həqiqətən həbsxanaya düşəcəyəm. Hökumət məni həbs etmək qərarına gəlmişdirsə, demək mən axır ki, əsl türk yazıçısı olmuşam – deyənləri başa düşürəm.

2005-ci ilin fevralında bir İsveçrə qəzetinə müsahibəmdə mən demişdim ki, Türkiyədə otuz min kürd və bir milyon erməni öldürülmüşdür və narazılığımı bildirirdim ki, ölkədə bu mövzunun müzakirəsi qadağandır. Mən 1915-ci ildə Osmanlı imperiyasında ermənilərin başına gələn hadisələr haqqında danışırdım. Ciddi tarixçilər arasında şübhə yoxdur ki, Osmanlı imperiyasında yaşayan ermənilərin çoxu birinci dünya müharibəsi zamanı etibarsızlıq bəhanəsiylə yaşadıqları yerlərdən köçürülmüş və bu köçmə prosesində çoxusu öldürülmüşdür. Türk Cümhuriyyətinin rəsmi nümayəndələri iddia edirlər ki, həlak olanların sayı çox şişirdilmişdir və bu hadisələri soyqırımı hesab etmək olmaz, çünki ermənilərin məhv edilməsi müntəzəm xarakter daşımamış və ermənilər özləri də müharibə vaxtı bir çox müsəlman öldürmüşlər.

Mən bu məsələni böyütmək istəmədiyim və heç bu haqda eşitmək istəmədiyim üçün əvvəlcə susdum və qəribə bir xəcalət hissi keçirdiyim üçün olanları gizlətməyə çalışdım. Lakin vilayətlərdən birinin qubernatoru mənim bütün kitablarımı yandırmağa əmr verdikdə və İstanbulda mənim əleyhimə məhkəmə işi açıldıqda bu məsələ beynəlxalq əks-səda yaratdı. İndi mən başa düşürdüm ki, bu cəmiyyətdə alovlanan nifrət təkcə mənə qarşı yönəlməmişdi. Və anladım ki, Türkiyədə və onun xaricində baş verənlər haqqında danışmağın vaxtı çatıb- qismən ona görə ki, mən əminəm: millətin şərəfini onun tarixində olan “qara ləkələrin” açıq müzakirəsi yox, əksinə, onların ört-basdır edilməsi çirkləndirə bilər. Müqəddəratıma qarşı beynəlxalq ictimaiyyətin marağı və diqqəti məni təsirləndirdi, ancaq öz ölkəmlə qalan dünya arasında qalmağım mənə heç də xoş gəlmirdi”.

Sonra O.Pamuk söz azadlığına istinad edir, xalqlarının tarixində olan qara səhifələr haqqında yazan bir sıra ölkələrin yazıçılarını yada salır, Türkiyənin Avropa İttifaqına girməsi üçün belə etirafın zəruri olması ilə bu hərəkətlərinə bəraət qazandırmağa çalışır.

Mən Orxanın nəcib niyyətlərinə şübhə etmirəm, lakin obyektiv şəkildə baxılsa, türk yazıçısının belə bəyanatları ölkəsini hörmətdən salır, onun çoxsaylı düşmənlərinin dəyirmanına su tökür. Hələ onu da demək lazımdır ki, O.Pamukun bütün dəlillərini asanlıqla təkzib etmək mümkündür. Türkiyə bir çox illərdir ki, bütün arxivləri, həmçinin başqa əlaqədar ölkələrin arxivlərinin açılmasını təklif edir ki, 1915-ci ilin həqiqi səbəbləri, miqyası və nəticələri aydınlaşdırılsın, bu məsələnin müzakirəsi siyasi müstəvidən tarixi araşdırmalar müstəvisinə keçsin.

Erməni qurbanlarının sayının ildən-ilə artması danılmaz faktdır. Həmçinin danılmaz fakt da odur ki, böyük sayda türk və kürd dinc sakinləri – qadınlar, qocalar və uşaqlar ermənilər tərəfindən qəddarcasına məhv edilmişdir. Dünya bilmir, daha doğrusu, qəsdən bilmək istəmir ki, təkcə Türkiyədə deyil, həm də Azərbaycanda – Bakıda, Şamaxıda, Naxçıvanda, Qarabağda, Gəncə, Lənkəran və Qubada XX əsrin ilk iyirmiilliyində dinc əhali görünməmiş dəhşətli zorakılıqlara məruz qalmışdır. Erməni quldur dəstələrinin törətdikləri vəhşiliklər haqqında oxuduqda damarlarda qan donur. Məgər Orxan Pamuk bu cinayətkarlıqlar barədə heç vaxt eşitməyib? Əgər eşitməmişsə, bu təəssüf doğurur, çünki yazıçı bu qədər həssas məsələ haqqında fikir irəli sürəndə (özü də dost olmayan mətbuatda) hadisələrə hərtərəfli qiymət verməlidir, o biri tərəfin əməllərinə bəraət qazandıraraq yalnız bir tərəfi suçlamamalıdır.

Orxan Pamukun məhkəmədəki çıxışına qarşılıq olaraq akademik Ziya Bünyadovun “Nə üçün Sumqayıt?” məqaləsindən də geniş sitat gətirmək istəyirəm: “Bütün orta əsr erməni müəllifləri onlara kilsə tikməyə və azad sahibkarlıqla məşğul olmağa icazə verən Məsihsevər Səlcuq sultanlarından danışır. Ermənilər Azərbaycanda Atabəylər dövründə, Elxanilər, Cəlarilər, Qaraqoyunlu və Ağqoyunlu sultanları, Səfəvilər (1Şah Abbasın hakimiyyətinin ilk illərindən başqa) və Qacarlar dövründə firavan yaşamışlar. Erməni salnamələrinə əsasən ermənilərə xoş münasibət bəsləyən Ecmiədzin keşişlərinin malikanə və mülklərinin qorunması üçün onlara əsgərlər ayıran osmanlı sultanlarından da şikayətə səbəbləri olmamışdır.

Axırıncı Osmanlı sultanı 11 Əbdülhəmid hakimiyyəti vaxtı da ermənilər, hərhalda üst təbəqə pis yaşamayıb. Hər şey ən parlaq nümayəndələri 11 Əbdülhəmidin sevimlisi, məşhur Akon paşa və Nübar paşa başda olmaqla erməni komprador burjaziyası “Daşnaksütun” partiyasını yaratdıqda dəyişdi. Birincisi, sultanın şəxsi xəzinədarı, ikincisi (Qarabağdan gəlmiş) hətta vəziri idi. İlk dəfə Türkiyədəki erməni millətçi təşkilatları haqqında Avropa 1885-ci ildə məlumat aldı. Bu erməni komitələri 1895-96-cı illərdə Türkiyədə elə şərait yaratdılar ki, tezliklə erməni və türk vətəndaşları arasında nifaq düşdü.

Məhz bu illərdə Qərbdə erməni “ağlaşması”nın təsiri altında “erməni məsələsi” yarandı. Bütün bu həngaməni erməni millətçiləri Türkiyənin Balkanlardakı məğlubiyyətindən sonra, çar ordusununsa Qarsı, Ərzurumu, Bitlisi və Vanı işğal etməsi ərəfəsində qaldırılmışdı. Daşnaklar zənn edirdilər ki, çar ordusunun hücumu qarşısında türklər öz doğma yerlərini tərk edəcək və ermənilər böyük sərvət əldə edəcəklər. Türkiyədəki daşnak başçıları zəhmətkeş erməni əhalisini öz mənfur fəaliyyətlərinə cəlb etmək üçün alçaq üsullara əl atırdılar – erməniləri öldürüb günahı türklərin boynuna atırdılar. Türkiyədə millətlərarası savaşı qızışdırmaqla daşnaklar ümid edirdilər ki, müttəfiqlər İstanbulu işğal edəcək, bu da onlara hədəflərinə çatmağa imkan yaradacaqdır.

Yuxarıda gətirilənlər Van, Bitlis və Ərzurumun baş konsulu general Mayevskinin raportundan əxz edilmişdir”.

Sonra Z.Bünyadov general Nikolayevin 1 iyun 1915 ildə və Bolovitinovun 9 iyul 1915 ildə qraf Vorontsov-Daşkovun ünvanına göndərdiyi raportlara istinad edir. Hər iki general daşnak qətlçilərinin dinc türk əhalisinə qarşı törətdikləri terror və vəhşilikləri çox dəqiq şəkildə səciyyələndirir. 1917-ci ilin yanvarında rus ordusu Trabzon, Ərzurum və Bitlisi tərk etdikdə çeteçilər burada dinc əhaliyə əsl divan tutmuşlar. Buna general Prejevalski və Odinulidzenin raportları dəlalət edir. Kulier familiyalı alman şahidlik edir ki, ermənilər müsəlmanların yaşadığı məhəllələrə soxulur, qarşılarına çıxan hər kəsi qılınclarıyla doğrayır, süngüləriylə deşir, qurbanlarını yandırır, uşaqları alovlanan evlərə atır, özləri isə onların diri-diri yanmalarına tamaşa edirdilər.

Dinc əhaliyə qarşı bu cinayətlərin və vəhşi zorakılıqların daha dəhşətli faktlarını da gətirmək olar, amma ehtirasları qızışdırmaq istəmirik.

Yaxşı olardı ki, Orxan Pamuk bu qədər həssas və ağrılı məsələyə toxunduqda bütün faktlarla tanış olub, sonra Avropa mətbuatında bundan sonra çıxış edəydi. Avropa mətbuatı buna imkan vermirsə, yaxşı olardı ki, yazıçı belə çıxışlardan uzaq durub məsələnin həllini tarixçilərə buraxaydı. Dinc erməni əhalisinə qarşı zorakılıq faktlarına heç bir vəchlə bəraət qazandırmağa çalışmadan tarixin bu faciəvi və qaranlıq səhifəsinə görə təəssüf hissi keçirməklə yanaşı, bu hadisələrin səbəbləri və daşnak çeteçilərinin məhv etdiyi dinc türk və kürd əhalisinin çoxlu sayda qurbanlarını da yadda saxlamaq vacibdir. Türkiyədə ermənilərə qarşı zorakılıqla az-çox əlaqəsi olan hər kəs ittiham və hətta edam edilmişdir, bəs türk, kürd və azərbaycanlıların qanına dirsəyədək bulaşmış erməni başçılarından heç olmasa birisi cəzalandırılmışdırmı? Hər halda Orxan Pamukun bu bəyanatı yazıçının öz xalqından uzaq düşməsinə səbəb oldu.

Təkcə Türkiyədə deyil, Azərbaycanda da böyük etiraza səbəb olmuş bu çıxışdan bir il sonra 2006-cı ildə Orxan Pamuk Nobel mükafatına layiq görüldü. Bu münasibətlə ona belə bir teleqram göndərdim: “Qondarma “soyqırımı” ilə əlaqədar bəyan etdiklərinizdən üzüldüm, amma eyni zamanda bu böyük mükafata türk yazıçısının layiq görülməsindən qürur duyur, Sizi təbrik edirəm”.

sentyabr 2012-ci il
525-ci qəzet