AYB 2 min manatlıq mükafatlar elan etdi

AYB-nin binasl

-

Azərbaycan Yazıçılar Birliyi (AYB) ədəbi mükafatlar elan edib.

Birliyin ədəbi mükafatlar komissiyasından "Oxu zalı"na daxil olan məlumata görə, "Azərbaycan ədəbiyyatının gələcək inkişafı və yazarlara dəstək məqsədi ilə" aşağıdakı nominasiyalar üzrə mükafatlar təsis edib:

l. Ən yaxşı nəsr əsərinə görə – Yusif Səmədoğlu mükafatı.

2. Ən yaxşı poetik əsərə görə – Əli Kərim mükafatı.

3. Ən yaxşı tənqid və esseistik əsərə görə – Yaşar Qarayev mükafatı.

4. Ən yaxşı tərcümə əsərinə görə – Abbas Səhhət mükafatı.

5. Azərbaycanda və ölkənin hüdudlarından kənarda Azərbaycan haqqında yazılmış ən yaxşı publisistik əsərə görə – Nəcəf Nəcəfov mükafatı.


Mükafatların hər birinin dəyəri 2000 (iki min) manat müəyyən edilir.

Azərbaycan Yazıçılar Birliyinin mükafatları iki ildə bir dəfə (2013-cü ildən başlayaraq) son iki ildə yaranmış ən yaxşı əsərlərə verilir.

Əsərlər kitab formasında (əlyazma şəklində və elektron variantda qəbul edilmir) Bakı şəhəri S.Rüstəm küç.,25 ünvanında yerləşən Bakı Slavyan Universitetinin “Tərcümə problemləri” elmi-tədqiqat problemləri laboratoriyasına 31 dekabr 2012-ci il tarixinə qədər təqdim olunmalıdır.

Təqdim edilməlidir:

1. Əsər (3 nüsxə)

2. Qısa ədəbi bioqrafiya

Hər müəllif yalnız bir nominasiya üzrə əsər təqdim edə bilər.

Mükafatlar Novruz bayramı ərəfəsində – ilaxır çərşənbə günündə Azərbaycan Yazıçılar Birliyinin “Natəvan” klubunda təqdim ediləcək.

Mükafatlar barədə daha geniş məlumatla Azərbaycan Yazıçılar Birliyinin ədəbi mükafatları haqqında əsasnamədə tanış ola bilərsiniz.

Mükafatlar haqqında suallarınızı musabiqe-2013@mail.ru elektron ünvanına göndərə bilərsiniz.

Əlaqə telefonu: (012) 441-50-62 (daxili nömrə: 2-64), (050) 499-90-42 Fərid Hüseyn (komissiyanın katibi).

Azərbaycan Yazıçılar Birliyinin
ədəbi mükafatlar komissiyası

Tarix: 16.XI.2012



Azərbaycan Yazıçılar Birliyinin ədəbi mükafatları haqqında

ƏSASNAMƏ

I. Ümumi müddəalar

1.1. 2013-cü ildən başlayaraq Azərbaycan Yazıçılar Birliyi Azərbaycan ədəbiyyatının gələcək inkişafı və yazıçılara dəstək məqsədi ilə aşağıdakı mükafatları təsis edir:

l. Ən yaxşı nəsr əsərinə görə – Yusif Səmədoğlu mükafatı.

2. Ən yaxşı poetik əsərə görə – Əli Kərim mükafatı.

3. Ən yaxşı tənqid və esseistik əsərə görə – Yaşar Qarayev mükafatı.

4. Ən yaxşı tərcümə əsərinə görə – Abbas Səhhət mükafatı.

5. Ölkəmizdə və ölkəmizin hüdudlarındən kənarda Azərbaycan haqqında yazılmış ən yaxşı publisistik əsərə görə – Nəcəf Nəcəfov mükafatı.

Mükafatların hər birinin dəyəri 2000 (iki min) manat müəyyən edilir.

1.2. Azərbaycan Yazıçılar Birliyinin mükafatları Azərbaycanda və onun hüdudlarından kənarda yaşayan azərbaycanlı yazarlar üçün nəzərdə tutulmuşdur.

1.3. Azərbaycan Yazıçılar Birliyinin mükafatları iki ildə bir dəfə (2013-cü ildən başlayaraq) son iki ildə yaranmış ən yaxşı əsərlərə görə xüsusi komissiya tərəfindən verilir.

1.4. Əsərlərin mükafata təqdim olunması barədə elan və əsasnamə Azərbaycan Yazıçılar Birliyinin ədəbi orqanları, Azərbaycan Yazıçılar Birliyinin rəsmi saytı (www.azyb.net) və digər kütləvi informasiya vasitələri ilə çatdırılır. Elanda əsərlərin mükafata təqdim edilməsinin bütün şərtləri və müddəti göstərilir.

1.5. Qısa siyahıya düşmüş ilk 20 əsər açıqlanaraq təsisçinin ədəbi orqanlarında müzakirə ediləcək.

II. Təsisçi və mükafatı təyin edən komissiya

2.1. Ədəbi mükafatların təsisçisi Azərbaycan Yazıçılar Birliyidir.

2.2. Qaliblərin müəyyənləşdirilməsi və mükafatların təqdimi ilə bağlı gedən proses və tədbirlərin təşkilatçısı Azərbaycan Yazıçılar Birliyidir.

2.3. Ədəbi mükafatları təyin edən komissiya 11 nəfərdən ibarətdir və Azərbaycan Yazıçılar Birliyi üzvləri arasından müəyyənləşdirilir.

Komissiyanın heyəti Azərbaycan Yazıçılar Birliyinin rəyasət heyətində təsdiq olunur.

2.4. Komissiyanın heyəti:

1 Kamal Abdulla yazıçı komissiyanın sədri
2 Azər Mustafazadə yazıçı-tərcüməçi komissiyanın üzvü
3 Vaqif Səmədoğlu xalq şairi komissiyanın üzvü
4 Mövlud Süleymanlı xalq yazıçısı komissiyanın üzvü
5 Ramiz Rövşən şair komissiyanın üzvü
6 Əjdər Ol yazıçı komissiyanın üzvü
7 Salam Sarvan şair komissiyanın üzvü
8 Bəsti Əlibəyli tənqidçi komissiyanın üzvü
9 Səlim Babullaoğlu şair-tərcüməçi komissiyanın üzvü
10 İlqar Fəhmi yazıçı komissiyanın üzvü
11 Fərid Hüseyn şair komissiyanın katibi

III. Yekun

3.1. Komissiya hər hansı namizədin əsərini lazım bildikdə gizli rəyə göndərə bilər. Bunun üçün komissiya tərəfindən ekspertlər qrupu təşkil edilir.

3.2. Mükafatların təyin edilməsi məsələsi mükafat komissiyasının yığınca¬ğında yekunlaşdırılır. Qərar gizli səsvermə və sadə səs çoxluğu ilə qəbul olunaraq Azərbaycan Yazıçılar Birliyinin rəyasət heyətində təsdiq edilir.

3.3. Mükafatlar Novruz bayramı ərəfəsində – ilaxır çərşənbə günündə Azərbaycan Yazıçılar Birliyinin “Natəvan” klubunda təqdim edilir.

IV. Mükafatların maliyyələşdirilməsi

4.1. Azərbaycan Yazıçılar Birliyinin cari fəaliyyəti müddətində mükafat fondunun və digər xərclərin maliyyələşdirilməsi nəzərdə tutulur. Hər bir hüquqi və fiziki şəxs mükafat fonduna maddi-texniki dəstək göstərə bilər.