-
Əkrəm Əylisli
İnsan qorxduğu zaman yalnız geriyə baxır
Gənc yazıçını fərəhləndirmək, qanadlandırmaq asandır, lakin onun qanadını qırmaq da bir o qədər çətin məsələ deyil.
Özünün haçan və haradan zərbə alacağını düşünməklə, müdam səksəkə içində yaşaya-yaşaya insanın uzağı görməyi mümkün deyil. İnsan qorxduğu zaman yalnız geriyə baxır, irəliyə baxa bilmir. Buna görə də gəlin, gənc yazıçılarımızın ətrafında elə bir mühit yaradaq ki, onlar heç olmasa hərdənbir irəliyə də baxa bilsinlər!
Jurnal çıxarmağın iki yolu var:
1-ci yol - tənqiddən möhkəm sığortalanmış, səlahiyyətli müəllifləri jurnalın ətrafına yığırsan, onların yazdığının baş-qulağını bir balaca düzəldib, təcili surətdə mətbəəyə göndərirsən, özün isə, əllərin cibində gəzirsən, ya da telefon dəstəyini götürürsən: «Alo, filankəs müəllim, təzə əsərinizi haçan gətirirsiniz? Tez olun, jurnal yanır!» Deməli, növbəti nömrə də hazırdır. Redaktorun mükafatıyla bir yerdə: bir saz məqalə, yaxud bir mötəbər zəngdən-zaddan (nazirin özü bir yana gedəndə, hər halda müavinlərindən biri, deyilənə görə, həmişə yerində olur). Və tənqiddən möhkəm sığortalanmış, səlahiyyətli müəlliflər həm də çox qayğıkeş insanlardır!
2-ci yol budur ki, millətin, necə deyərlər, əli qələm tutanlarının hamısına eyni gözlə baxırsan; həm də «müştəri gözü ilə». Fikrin-zikrin kağız-kuğuzda, bir də kabinetin qapısının kandarında; ürəyin səksəkədə: «Bəlkə gəldi... Bəlkə gətirdi: şeirin ən yaxşısını, hekayənin ən təzəsini... Bu qovluğun yiyəsi bəlkə də elə gələcəyin Mirzə Cəlilidir?.. Gözləri parıldaya-parıldaya öz ilk şeirlərini sənə oxumağa hazırlaşan bu cavan oğlan bəlkə gələcəkdə Sabir kimi böyük şair olacaq?..» Neçə-neçə qovluğun içində eşələnirsən. Neçə-neçə «Sabirin» gözünün parıltısına tamaşa eləyirsən... Axtarırsan, seçirsən, ölçürsən, biçirsən. Və... nəticədə, jurnalın bir nömrəsi dünyaya gəlir. Özü də hər nömrədə təzə imza olmur. (Təzə imza həmişə risk deməkdir!)
Biz bilə-bilə bu çətin yolu seçdik və buna qətiyyən peşman deyilik.
1983
Ə.Əylislinin "Ədəbiyyat yanğısı" kitabından, Bakı: Yazıçı, 1989