Əyyub Qiyas "Şəkilli kitab" (Hekayə)

Əyyub Qiyas

-

Əyyub Qiyas


ŞƏKİLLİ KİTAB
Kinorejissor Oleq Səfərəliyevə ithaf olunur.


Dünya soyumuşdu…

Ovuclarının içini qızdıra-qızdıra topuğa qədər batdığı qarın içində görünməz olan ayaqlarını tez-tez yerdən ayırıb dəyişirdi. Rəngi gömgöy idi, gözləri narahatçılıqla nəsə axtarır, hürkürmüş kimi tez-tez qıyılırdı. Yoldan ötüb keçənlər soyuqdan donan baxışlarını ondan çəkmirdilər. Bu baxışların şaxtası onun heç nə ilə qızına bilməyən vücudunu titrədirdi. Hər baxış bir söz deyirdi…

Əyninə, boş bədənə geyindiyi pamazı köynəyinin düymələrinin çoxu yox idi. Vıyıltı ilə şütüyən külək arabir onun vücudunda dolaşır, onu qujaqlayırdı. Bütün bədəni tir-tir əsirdi. Pencəyəni özünə bürüdü. Başını yerə dikib corabsız ayaqqablarına, qısa şalvarından görünən yalın ayaqlarına baxdı. Titrədi. Yoldan ötən yaşlı bir kişidən saatı xəbər aldı. Kitab mağazasının açılmasına hələ yarım saat qalırdı.
Mağazada şəkilli bir kitab görmüşdü. Kitabın üz qabığındakı şəkil xəyalında güclə canlandırdığı anasına oxşayırdı. Bəlkə də elə anasının şəkli idi. Kitabı almaq istəsə də pulu çatmamışdı. Kitab ona çox lazım idi. O kitabı alıb evə aparacaqdı, bazarda yük daşıyan, axşam da qazandığı qəpik-quruşu içkiyə verib evə sərxoş qayıdan, oğlu ilə demək olar ki, maraqlanmayan atasının evinə. Evdə köhnə çarpayının baş tərəfindəki stolun üstünə qoyacaqdı, hər gün parkdan iki çiçək dərib kitabın önünü bəzəyəcəkdi və beləcə evlərində olan sakitliyi, soyuğu, qaranlığı əridib öz aləminə qapılacaq, anası ilə tək qalacaqdı. Anjaq pulu çatmırdı. Başqa kitab olmuş olsaydı, onu oğurlaya da bilərdi. Amma anasından utanırdı. Anasının oğurlanmış ömrünün solğun əksini oğurlamağa əli gəlmirdi. Dünən kitaba çox baxmışdı, əlinə götürüb özünü ovutmuşdu. Və onu da öyrənmişdi ki, qalan kitabın sonuncu nüsxəsidir. Əlinə aldığı bu kitabı, pulu çatışmadığından qaytarıb yerinə qoymuşdu. Axşam atasından pul istəsə də bir şey qopara bilməmişdi. Kişinin ciblərini ələk-vələk edəndən sonra boş əllə yerinə girib yuxulayana qədər ağlamışdı.
Mağazanın açılmasına on dəqiqə qalırdı.
Dünya ölü bədənindən də soyuq idi. O isə yerini belə dəyişmədən gözləyirdi. Soyuq onun zəif bədəninə hopmuşdu. İndicə mağaza açılacaqdı, o da iri gözləri ilə doymaq, yorulmaq bilmədən həmin şəkilli kitaba baxacaq, onu kitabların arxasında gizlədəcəkdi ki, görüb alan olmasın. Sonra tezliklə pul düzəldib o kitabı alacaqdı. Anası onu belə yüngül paltarda görsəydi, yəqin ki, danlayardı. Çünki dünən qonşunun oğlu həyətə ev paltarında çıxdığı üçün anası onu az qala döyəcəkdi. Amma onun anası onu tez evə aparaıb üst-başını dəyişəcək, ona isti çay verəcək, əyninə qalın paltar geyindirib peçin yanında oturdacaq və gözlərinə baxıb gülümsəyəcəkdi. Arabir də qımışa-qımışa saçlarını qarışdıracaqdı. Bədəni qızışdı, ayaqlarını yerdən ayırıb bir-birinə sürtdü.
Zəng səsi onu diksindirdi. Mağazanı açan işçilər dəmir qapını arxadan bağlayıb vitrinlərin araxasına keçdilər.
Şəkil gülümsəyirdi… Görəsən kim çəkib bu şəkili? Kaş mən də belə bir şəkil çəkə biləydim. Onun balaca ürəyində rəssam olmaq və bütün ömrü boyu təkcə anasının şəklini çəkmək istəyi tüğyan etməyə başladı. Anasını xəyalında necə canlandırdısa, eləcə… Ən çox da saçlarını daradığı zaman, güzgü qarşısında, bütün gözəlliklərinin ikiqat görüntüsü ilə. Elə bu şəkildəki kimi, gülümsəyən gözlər, işıqlı, doğma baxışlar, çiyinlərə tökülən qara saçlar, bir də qəribə, uzaqlarda mürgü döyən doğma bir kədər.
-Ay uşaq, kitab alan deyilsənsə nə durmusan burda səhərdən. Bir bunun üst-başına bax… Anan yoxdu sənin?
-Var!
Bu səslər satıcı qadının səsi idi, nə soruşmuşdusa anası ilə bağlı sualdan başqa heç nə başa düşməmişdi. Sanki kimsə onu yuxudan oyatdı. O ayıldı, gözlərini döyməyə başladı və dediyi yalanın həqiqiqətinə qızınmaq istədi. Satıcı qadına baxdı, başı qarışmışdı söhbətə. Deyəsən təzə paltar almışdı özüyçün, rəfiqələrinə göstərir, özünü tərifləyirdi. Kitabı götürüb rəflərə düzülmüş qalın kitabların arxasında gizlətdi. Kənarda durub baxdı rəfə, bir də diqqətlə baxıb qət etdi artıq kitab görünmür. Bir-iki addım atdı, ayaq saxladı, elə bil kimsə onu arxadan səslədi, anasının səsi idi, deyirdi ki, məni burda saxlayıb hara gedirsən, məni niyə evə aparmırsan? O da kitabı gizlətdiyi səmtə baxıb içində - yox, mən səni tək qoya bilmərəm - dedi. Mən səni evimizə aparacağam, mütləq aparacağam.
O donmuş ayaqlarını bir-birinə sürtüb yenə bayıra çıxdı. Mağazadan çıxanda satıcı qadın onun corabsız, yalın ayaqlarını görüb çaşdı və onun getdiyindən bir xeyli ötməsinə baxmayaraq hələ də satıcı qadın onun yalın ayaqlarını düşünürdü və düşündükcə də üşüyürdü.
…Təxminən özü yaşda olan bir oğlan köşkdən isti kökə aldı və ovucladığı xırdaları paltosunun cibinə boşaltdı. Sonra əlindəki əlcəyin birini çıxarıb onu da cibinə dürtdü və kökəni ləzzətlə yeməyə başladı. O, oğlanı gözdən qoymadan izləməyə başladı, iri gözlərini oğlanın cibindən yayındırmadan onun arxasınca addımladı. Oğlan parka çatanda bu yerlərin sakitliyinə arxalanıb həmin yupyumuru, ipisti oğlanı arxadan səslədi:
-Hey , oğlan…
Oğlan kökənin son tikəsini bir az da çətinliklə ötürüb üzünü ona çevirdi.
-Nə var, alə?
Onlar üz-üzə dayanmışdılar, yupyumuru oğlan ona ikrahla, iyrənə-iyrənə baxırdı.
-Bura bax, mənə iyirmi beş qəpik lazımdır, nə olar ver də.
Oğlan kinayə ilə onu altdan yuxarı süzüb qara əlcək geydiyi əlinin baş barmağını iki barmağı arasına salıb:
-Ala, bunu istəmirsən ki? - dedi.
O bilmədi ki, oğlanın ağzının üstündən yumruğu nə vaxt ilişdirdi. Oğlanın burnundan qan açılmışdı. Onlar qarın üstünə sərələnib süpürləşirdilər. Birdən onun qulaqları pul cingiltini aldı, oğlanın altından çıxmağa tələsdi, amma bacarmadı. O qarın içində tamam islanmışdı, oğzı, burnu, qulaqları qarla dolmuşdu. O var gücünü toplayıb yumru oğlanı üstündən bir kənara itələdi, bir təhər ayağa qalxdı. Süpürləşdikləri yerə baxdı, pul qarın altında itmişdi. Birdən zindan ağırlığında bir təpik onun qarnına sancıldı. Daha heç nə görmədi.
Gözlərini açanda xəstəxanada idi. Əvvəlcə heç nə başa düşə bilmədi, sonra yavaş-yavaş hər şeyi xatırlamağa başladı. Başının üstündə nur simalı bir həkim durmuşdu, ona göz vurdu, o gülümsündü, birdən çöhrəsindəki gülüş qəribə, özünə yaraşmayan bir kədərlə əvəz olundu. Tələsik dikəlmək istədi, həkim onun çiynindən tutub:
-Olmaz,-dedi.
Bir az keçdikdən sonra həkim otaqdan çıxdı. O cəld başını qaldırıb pəncərədən bayıra baxdı, hava hələ işıqlı idi, deməli mağaza hələ bağlanmamışdı. Parka gedib pulları tapa bilərdi və …
«Bəlkə yumru oğlan pulları tapıb» ? – fikirləşdi.
Dikəldi və başının hərlənməsindən yenidən çarpayıya çökdü. Gözləri tumbanın üstündəki xırda pullara sataşdı. Hər şeyi unutdu və qapının səsinə fikirlərindən ayrıldı . Otağa qayıdan həkim idi.
-Sənə qalxmaq hələ ki, olmaz. Hə, bu pulları sənin yıxılıb qaldığın yerdən tapıblar, bir bax gör hamısıdır?
O çaşqınlıqla:
-Yox,-dedi, sonra özündən asılı olmayaraq bir də,- hə,-deyə cavab verdi.
Onun çaşqınlığından bir şey anlamayan həkim barmaqlarının ucu ilə bu işıqlı gözləri olan oğlanın qıvrım saçlarını tumarladı.
-Uzan, tələsmə qalxmağa.
O qızdırmadan yanan gözlərini güclə aralayıb yazıq-yazıq həkimə baxdı:
-Mənim mağazada işim var, orda məni anam gözləyir. Gedib kitabı alıb qayıdaram.
-Nə kitabı almaq istəyirsən? Anan mağazada işləyir ki? Nə olar, mən bu saat gedib alıb gələrəm.
-Siz onu tapa bilməzsiniz.
-Sən mənə de, taparam.
Hava qaralmışdı, onun vəziyyəti son dərəcə ağırlaşırdı, ciyərləri artıq işləmirdi, sayıqlayırdı. Yavaşca gözlərini açdı. Əvvəlcə hər şeyi torla gördü, sonra tavanı, işıqları , həkimi və atasının göz yaşları içərisində yuyulan tüklü sifətini tanıdı. Başını yana əydi, öskürdü, ağzı qanla doldu. Ağır-ağır:
-Hanı kitab,-deyə xəbər aldı.
Həkim tumbanın üstündəki kitabı götürüb ona verdi. O kitabı güclə həkimdən alıb üstündəki şəkilə baxdı, gülümsündü. Kitabı gözlərinin üstünə qoyub gözlərini yumdu. İndi o anası ilə qolboyun olub arzularının, xəyallarının qoynunda idi.
…Dünya soyumuşdu, dünyanın üzü də onun üzü kimi bumbuz idi. Parkda onun izlərinin üstünə qar yağırdı. Bayırda qar dayansaydı belə, günəş çıxsaydısa belə onun izləri bir daha gözə görünməyəcəkdi. O izlər bu dünyanın izləri deyildi.

son