Elşad Abdullayevin videosundakı hakimlə bağlı araşdırma başladı

Videodan kadr

-
Elşad Abdullayevin yaydığı videoda adı çəkilən Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Ağababa Babayevlə bağlı araşdırmalara başlanacaq.

Bu barədə qərar Məhkəmə-Hüquq Şurasının noyabrın 28-də keçirilən iclasında qəbul edilib.

APA-nın məlumatına görə, müzakirə zamanı videoyazıda göstərilənlər ədalət mühakiməsinin nüfuzuna xələl gətirən, Hakimlərin Etik Davranış Kodeksinin tələblərinin kobud pozulmasına dəlalət edən hərəkətlər kimi qiymətləndirilib.

E.Abdullayev noyabrın 18-də hakim Ağababa Babayev olduğu iddia edilən şəxslə görüşünü əks etdirən video yayıb.

2007-ci ildə çəkildiyi deyilən videoda həmin şəxs E.Abdullayevə itkin düşmüş qardaşı Mahir Abdullayevi tapmaqda «köməyini» təklif edir.

Azərbaycan Beynəlxalq Universitetinin keçmiş rektoru E.Abdullayev bundan əvvəl də qardaşının tapılması üçün dövlət rəsmilərinə rüşvət verməsindən bəhs edən videolar yayıb.