Şəhriyar del Gerani
"Facebook janrı"
1 – hər gün qapınızdan bir uşaq boylanır,
hər gün də
elə bilirəm
uşaqlığındı...
2 – gedəndə də qatar kimi gedəsən, hamı sənə gecikə...
3 – Qəbul otağında:
sizinləyəm, xadimə xanım, bu qapının ağzında çiliklənmiş adamları niyə süpürmürsüz...?
4 – Sənin kölgən quş kölgəsi kimidi, sığınmaqçün gərək əvvəlcə qaçasan...
5 – bu gündən səninçün üzü qibləyə darıxacam,
heç olmasa allah qəbul eləsin...
6 – bu yalnızlığın tam o üzündə,
o yorğun kərpic evin çartlaq
və mürgülü pəncərəsində
gülümsəyən uşaq,
anamın yeganə oğludu. . .
7 – səni elə unudaram, hamının yadından çıxarsan...!
8 – o yol səni aparıb düüü.....z mənə çıxardacaq,
çatmamış sola dönərsən
9 – bir küçəlik deyil ki yolumuz
gedib axırına çıxasan...
bir də aramızda anlaşılmaz uçurumlar var,
qorx ki sağ qalarsan...
10 – bir sevimli ayrılığın vardı, onu da qayıdıb öldürdün...
11 – sevgiyə payız gələndə əvvəlcə barmaqlar tökülər saçlarından. Sonraysa öpüşlər qəribsəyər nigaran dodaqlarında...
12 – qəfildən qapı döyülə,
açıb görəsən özünsən...
13 – ömründə bircə dəfə də olsun kişi olmayan adamdan qadını başa düşməsini tələb eləmək heç kişilikdən deyil.
14 – Kor qadına:
sən heç vaxt necə qocaldığını görməyəcəksən, buyur, bu da səadət...
15 – sən məndə üzməyi öyrənəndə artıq mən səndə çoxdan boğulmuşdum...
16 – sonunda bütün kədərlər qatar yoluna düzülən sərçələr sayaq pırıltıyla uçuşurlar dostum...
17 – cavabı susmaq olan bütün suallar gözəldi...
18 – yumurta puluyla böyüyən uşaqlar heç vaxt Vətən sevgisiylə Toyuq sevgisini ayırmazlar...
19 – bir gün unutduğun dostun gəlib deyə: "bağışlayın, siz məni itrməmisiz"?...
20 – Adəm cənnətdən qovulmağa bəhanə axtarırdı. Çünki darıxırdı...
21 – güzgü sındı...
bəzədiyi üzü
ayaqlarının altına töküldü
qadının...
22 – sən kərpic ev kimi uçdun,
mən kəpənək kimi gözləyirdim...
23 – əgər yeriyə bilirsənsə, o demək deyil ki, mütləq kimdənsə getməlisən...
24 – yardım edən əllər dua oxuyan ağızlardan daha müqəddəsdi...
25 – sən hardan biləsən küçük həsrətim
hər gün qapınıza baxıb ulayır...
27 – görüm səni kəndinizin itləri də unutsun...
28 – biz oyuncaqlarımızı bir dilim çörəyə dəyişmiş uşaqlarıq, dostum...
29 – gedəndə elə gedəsən qayıdacağına anandan savayı kimsənin ümidi olmaya...
30 – al bu baltanı, haramda unudulmusansa elə ordan vur getsin...
31 – bir divara söykənib də xoşbəxt ola bilərsən,
inan... guya bu doğurdan da belədi...
32 – itin olsaydım, ancaq özümə hürərdim. Sənin bütün yadların mənəm deyəsən...
35 – Qadınlar səssiz ağlayarlar, eynən balıqlar kimi...
36 – səni bu gün o qədər düşünmüşəm...yorğunsansa, bil ki, bu, sənin günahın deyil əslində...
37 – sən məndə yoxa çıxırsan,
gəl özünə yiyə çıx...
38 – müsəlman qadına sevdiyini sübut eləmək - şahmatı zərlə oynamaq kimi bir şeydi...
39 – adamların heç vaxt özlərinə qarşı etdiyi haqsızlıqlara görə özlərindən üzr istəməyə vaxtları olmur...