İsa Qəmbərin 2013 strategiyası… [Video]

Müsavat başqanı İsa Qəmbər ölkənin siyasi həyatında baş verənlər və özünün 2013-cü il strategiyası haqda fikirlərini açıqlayır
http://www.youtube.com/embed/XEHGNO0x9p0?rel=0
-
Müsahibəni qısa formada oxucuların diqqətinə çatdırırıq:

- Deputat yerlərinin satılması ilə bağlı videoları görmüsünüz. Bir vaxtlar Sizin də partiyanın nümayəndələri həmin parlamentdə təmsil olunurdu.

- Əvvəla, Müsavatdan söhbət gedirsə, 1995-ci ildə partiyamız ümumiyyətlə seçkilərə buraxılmayıb. 2000-ci ildə buraxmamaq istəyirdilər, son anda məcbur olub buraxdılar. Məni isə bu illər ərzində hər bir parlament seçkisində öz dairəmdə qalib gəlməyimə, 2000-ci ildə siyahı üzrə də qaliblərin siyahısında olmağıma baxmayaraq, parlamentə buraxmayıblar. Bu, bəllidir. 2005-ci ildən 2010-cu ilə qədər Müsavat deputat qrupu parlamentdə fəaliyyət göstərib. 4 nəfərimizi parlamentə buraxmışdılar. Yəqin ki, AzadlıqRadiosunun hər şeyi şübhə altına alan jurnalistləri o fikirdə olmaz ki, müsavatçıların o qədər pulu var ki, parlamentdəki deputat kürsülərini pulla alsınlar. Onların hər biri öz dairələrində qalib gəlmişdilər. Bu, onların halal deputat yeri idi. Mübarizədə qalib gəlmişdilər, xalqı inandırıb, xalqın səsini qazanıb deputat olmuşdular.

- Deyirsiniz ki, Müsavat üzvlərinin o qədər pulu yoxdur ki, deputat kürsülərini pulla alsınlar. Amma belə bir fikir də var ki, yuxarıdan razılıq yoxdursa, heç kimin parlamentdə oturmağa ixtiyarı yoxdur. Deputat kürsülərinin pulla alınıb satılması barədə söhbət gedən videonun müəllifi - Elşad Abdullayevin yerinə Sizin partiyanızın üzvü - Arzu Səmədbəyli qalib elan olunmuşdu. Sonradan həmin videolarda Sizin və Arzu Səmədbəylinin adı hallanırdı. Buna münasibətiniz?

- Mən çox təəccüb edirəm. Əvvəla, həmin videodan aydın şəkildə görünür ki, Arzu Səmədbəyli öz dairəsində qalib gəlib. Bunu deyirlər də. Protokolları dəyişdirəcəyik, filankəslərlə danışmışıq, arxayın ol, hər şey yaxşı olacaq. Xüsusən də o xanımın tez-tez «qorxma, qorxma, hər şey yaxşı olacaq» deməsinə xeyli güldüm. Aydın məsələdir ki, həmin video da Arzu Səmədbəylinin seçilmiş olduğunu təsdiq edir. İkincisi də, Elşad Abdullayev orda çox gözəl sözlər deyir. Əvvəla deyir ki, Arzu Səmədbəyli axı sadə adam deyil, onun arxasında Müsavat Partiyası var. Burda partiyanın gücünü hər halda o adamlardan daha yaxşı qiymətləndirir. Eyni zamanda, bu adam deyəndə ki, Arzu Səmədbəyli Elçibəyin yadigarıdır...

- Bu sözləri guya ki, Hacıbala Abutalıbov deyib...

- Guya. Hər halda videoda bunu xanım deyir. Hacıbala Abutalıbovun da Arzu Səmədbəylini müdafiə etməsi çox qəribə görünür. Mümkün görünmür. Mən seçki prosesini kifayət qədər izləmiş adam kimi deyə bilərəm ki, həmin seçkidə Hacıbala Abutalıbovun həmin dairədə başqa bir müdafiə etdiyi namizəd vardı. Gəlin, dərinə getməyək. Bunlar bəllidir. Amma Elşad Abdullayev həmin videoda daha maraqlı söz deyir. Deyir ki, bu nə cür yadigardır ki, hakimiyyətin, prezidentin istefasını tələb edir. Yəni ki, o, daha sağlam yanaşır məsələyə. Bunun üstündən kiminsə durub, Arzu Səmədbəyli ilə bağlı mövzuya qara rənglər qatmağa çalışması doğurdan da çox gülüncdür və qərəzdən xəbər verir. Mənimlə bağlı da birmənalı şəkildə deyirlər ki, İsa Qəmbəri parlamentə buraxmaq olmaz. Yəni, bizim bildiyimiz bir həqiqətdir ki, bütün seçkilərdə mən qalib gəldiyim halda, Əliyev dönəmində, 20 illik hakimiyyət dönəmində məni parlamentə buraxmayıblar. Bunu növbəti dəfə həmin videoda təsdiq edirlər. Ona görə də, söhbəti bu mövzuya gətirmək mövzunu yayındırmaq kimi bir şeydir. Məsələ hakimiyyətin ifşasıdır, hakimiyyətin ən yüksək vəzifələrində qərarlaşmış insanların parlamenti alver yuvasına çevirməsi, parlament kürsülərini, deputat yerlərini pula satmasıdır. Bu, ifşa olunur və bu da çox önəmli bir ifşadır.

- Bu yaxınlarda 8 müxalif partiya bir yerə toplanmışdı. Amma Siz həmin görüşdə iştirak etmirdiniz. Bundan sonrakı görüşlərdə iştirak etmək fikriniz varmı?

- Burda bir məqama dəqiqlik gətirilməlidir. Həmin 8 şəxsin arasında elə bir insan yoxdur ki, mənim onunla hər hansı bir şəxsi problemim olsun. Hamısı ilə münasibətlərimiz olub, indi də bir çoxları ilə var. Normal insani münasibətlərdir. Sadəcə olaraq, mən həmin tərkibdə və onların təklif etdikləri müəyyən mövzuların - vahid namizəd və s. mövzuların müzakirə olunmasına ehtiyac duymuram. Ona görə də, həmin görüşdə iştirak etməmişəm. Yenə də həmin mövzu ilə bağlı məni müzakirəyə dəvət edəcəklərsə, mən qatılmağı düşünmürəm. Başqa hallar, yeni yanaşmalar, yeni ideyalar ola bilər. Onu da zamanında dəyərləndirəcəyik. Məhz bu tərkibdə və məhz bu mövzunun müzakirəsinə mən ehtiyac duymuram.

- Amma bir vaxtlar, səhv etmirəmsə, AXCP-nin qurultayında Siz müxalifətin birləşməsi istəyini dilə gətirmişdiniz. Bu gün müxalifət vahid birlik mövzusunu müzakirə etmək üçün bir araya gəlir. Ən azından görünən budur. Amma bu görüşə Siz qatılmırsınız. Bunu necə başa düşək?

- Nədən bu yaxın tarixin hadisələr qarışdırılır, yaddan çıxır? Hətta diqqətli jurnalistlər də məkan, zaman məsələlərində bu cür səhvlərə yol verə bilirlər? Mən buna çox təəccüb edirəm. Mən AXCP-nin qurultayında deyil, Müsavat Partiyasının qərargahında keçirilən tədbirdə, səhv etmirəmsə, 2010-cu ilin 16 iyulunda AXC-nin yaranmasının ildönümünə həsr olunmuş tədbirdə təklif etmişdim ki, ölkədə real müxalifət olan, Rəsulzadə - Elçibəy yolunda olan, bizimlə eyni dəyərləri bölüşən qüvvələri bir partiyada, bir təşkilatda birləşdirmək barəsində düşünsünlər. Burda söhbət həm partiyalardan, həm ictimai təşkilatlardan, həm QHT-lərdən, gənclər təşkilatlarından, tanınmış insanlardan da gedirdi. O təklifi etmişdim. O təklif o zaman hamı tərəfindən normal qarşılandı. Amma maraq göstərənlər əksəriyyət olmadı. Əksəriyyətin vahid bir partiyada, təşkilatda birləşməsi mümkün olmadığı üçün biz də o ideyanın üstündə çox dayanmadıq. Amma müəyyən mənada 2010-cu ilin sonunda yaranmış İctimai Palatanı həmin təklifin inikası kimi qiymətləndirmək olar...