8 il ötsə də, məmurlar gəlir və xərclərini bildirmirlər

Foto: Arxiv

-
Hər il yanvarın 1-dən yüksəkvəzifəli məmurlar gəlir bəyannaməsi verməlidirlər. Söhbət prezidentdən, Milli Məclisin sədrindən, baş nazirdən, nazirlər və komitə sədrlərindən, müavinlərdən, baş prokurordan, Prezident Administrasiyasının şöbə müdirlərindən və başqalarından gedir. Onların ailə üzvləri də illik gəlir və əmlakları haqda məlumatları açıqlamalıdırlar.

Bu qanunun qəbulundan 8 il ötsə də, yüksək vəzifəlilər gəlir və xərclərini bildirmirlər. Niyəsi? Nazirlər Kabineti prezidentin tapşırığına əməl etmir, yəni gəlir bəyannamələrini açıqlamaq qaydalarını hazırlamır. Prezident 8 il öncə bunun üçün hökumətə 3 ay vaxt versə də.

«BİZİM PARLAMENTİN O GÜCÜ VARMI TƏLƏB ETSİN?»

İqtisadi Təşəbbüslərə Yardım Mərkəzinin rəhbəri Azər Mehtiyev:

«Prezidentin fərmanında göstərilmişdi ki, 3 aya qaydalar hazırlanıb təsdiqlənsin. Ancaq bununla bağlı 2005-ci ildən yeni heç nə yoxdur. Əslində, dövlət idarəetmə sistemində korrupsiyanın qarşısının alınmasına cəhd göstərilirsə, ilk gözə çarpan alət budur: məmurlar gəlir bəyannaməsini təqdim etməlidirlər. Bu praktikadan dünyanın 60-dək ölkəsində istifadə edilir. Təbii ki, məmur şübhəli qaynaqlardan qeyri-rəsmi gəlir əldə edibsə, bununla bağlı məmur açıqlama verməlidir.

Azər Mehtiyev

Bu da məmurun korrupsiyaya qurşanmasının qarşısını ala bilər».

Azər Mehtiyev deyir ki, Azərbaycanda həmin mexanizmin tətbiq edilməməsi hakimiyyətin korrupsiya ilə mübarizə aparmaq istəyinin ciddi olmadığını göstərir.

«Çünki Azərbaycanda korrupsiya sistemli xarakter daşıyır və dövlət idarəçiliyindən başlayır» söyləyən iqtisadçı fikrini belə yekunlaşdırır:

«Parlamentin gücü çatsaydı, hökumətdən tələb edərdi ki, qəbul olunan qanun niyə tətbiq olunmur? Amma bizim parlamentin o gücü varmı tələb etsin?».

PARLAMENTİN CAVABI

Azər Mehtiyevin sualını Milli Məclisin İqtisadi-siyasət Komitəsinin üzvü Vahid Əhmədov cavablayır və deyir ki,

Vahid Əhmədov

komitə üzvləri də, ayrı-ayrı deputatlar da vaxtaşırı bu məsələni qaldırırlar:

«Bizdən çox bunu qaldıran olmur. Mütəmadi toxunuruq. Hətta son büdcə müzakirələrində də qaldırmışıq. Bir vaxtlar bu, Rusiyada da ciddi problem idi, amma son vaxtlar yoluna qoyulub. İstər parlament olsun, istər hökumət üzvləri, bəyannamə verməlidir. Ola bilər, bu halda neqativ halların qarşısı alınsın».

Məsələ parlamentdə qaldırılırsa, niyə nəticə yoxdur? Bu sualı deputat cavabsız buraxır.

«QANUN VƏ YA QAYDANIN BU QƏDƏR UZANMASINI GÖRMƏMİŞƏM»

Sabiq deputat Nazim Məmmədov deyir ki, parlament istənilən vaxt məsələyə qayıda bilə

Nazim Məmmədov

r:

«Sadəcə, bu qaydaların müəyyən edilməsi ilə bağlı bürokratik süründürməçilik var. Bunun üçün də cənab prezident Nazirlər Kabinetinə bir daha göstəriş verməlidir. Bu göstərişi yerinə yetirməyənlərsə cəzalandırılmalıdırlar».

Nazim Məmmədovun fikrincə, Nazirlər Kabinetinin həmin qaydaları hazırlamaması məmurlara gəlirlərini açıqlamağa mane olmur. O, istənilən dövlət qurumunun sayt və ya qəzeti olduğunu, yüksək vəzifəli məmurların da bu məlumatları ora yerləşdirə biləcəyini deyir:

«Görünür, vəzifəli şəxslərin kirli kampaniyalarda iştirakları, gəlirlərin şəffaf olmaması və başqa suallar olduğu üçün bu bəyannaməni doldurmurlar. Qanunla məmurlar hər il bəyannaməni açıqlamalıdırlar. Qaranlıq suallar olarsa, onlar məsuliyyətə çəkilə və vəzifələrini itirə bilərlər. Yəqin, buna görə də açıqlamırlar. Başqa bir qanun və ya qaydanın bu qədər uzanmasını hələ görməmişəm».

Nazirlər Kabinetinin mətbuat xidmətindənsə bu haqda suala belə cavab verdilər: «Sorğunuzu yazılı göndərin».