Rafiq Əliyev: «Rasim Balayevi Nəsiminin dərisinin soyulduğu dövrə qaytarmaq nonsensdir»

Rafiq Əliyev

-
Ziyalılar Forumunun üzvü Rafiq Əliyev AzadlıqRadiosunun suallarını cavablandırıb.

- Rafiq müəllim, bir müddət Azərbaycanda olmadınız. Geri qayıdanda, ölkədə əsgər ölümü ilə bağlı etiraza, Rüstəm İbrahimbəyovun başçılıq etdiyi Kinematoqrafçılar İttifaqının vergidən yayınmaqda suçlanmasına şahid oldunuz. Necə qarşıladınız bunları?

- Öncə Rüstəm İbrahimbəyov və Rasim Balayevlə bağlı danışmaq istəyirəm. Baş verənlər məni çox mütəəssir etdi. Belə görürəm ki, hər şey zorla həll olunmaq istənir. Amma tarixdən dərs götürmək lazımdır, zor heç zaman nəticə verməyib. Azərbaycan mədəniyyəti tarixini yazan, Azərbaycan tarixində qalacaq Rüstəm İbrahimbəyov, Rasim Balayev kimi adamlarla Nəsiminin dərisinin soyulduğu dövrə qayıtmaq nonsensdir. Bu, məni xeyli mütəəssir etdi. O iddialar ki, qoyulub... Baxsınlar, Azərbaycanın çox təşkilatlarında mühasibatlıq «iki dəftər»lə aparılır. Bunlar neyləyib ki, belə münasibət var?.. Məni mütəəssir edən həm də əsgər ölümü oldu...

- Sizcə, bu vergi yox, siyasi davadır?

- Vergi davası olsaydı, onda olardı. İnsanları eşitmək, onların fikirlərini dinləmək lazımdır. Rüstəm İbrahimbəyov iki ildir nə deyir? O deyir ki, islahatlar keçirilsin, demokratik cəmiyyət yaransın, insana insan kimi baxılsın. Ayrı nə deyir ki? Mən əsas səbəbi onda görürəm ki, özgəfikirliliyə tolerant yanaşma yoxdur.

- Dediniz ki, Sizi mütəəssir edən hadisələrdən biri də əsgər Ceyhun Qubatovun ölümü olub. Bu ölüm Sizi niyə belə mütəəssir etdi?

- Əsgərlikdə olanda bəzən elə cəzalar verirlər ki... Gərək orduda insana insani münasibət olsun. İndiki dövr başqadır. İnsanlarla münasibətdə tolerant olmaq lazımdır, hikkə, iddia lazım deyil. Başa düşürəm ki, hər şey burdan qaynaqlanır. O əsgər bu vətənin keşikçisidir. O ki qaldı gənclərə, bir yazımda da demişdim ki, vaxt gələcək, gənclər liderlərin üzünə qayıdacaqlar: «Daha biz belə yaşamaq istəmirik». Gənclərin keçirdiyi aksiya da onu göstərdi ki, daha dözmək istəmirlər. Bugünkü Azərbaycan bir il qabaqkı Azərbaycan deyil.

- Baş verənlərə seçki ilinin təsiri var?

- Şübhəsiz, təsiri ola bilər. Amma düşünmürəm ki, tək seçkilərlə bağlıdır. Biz dəyişməsək, dəyişən dünya bizi qəbul etməyəcək. Bunu hamı anlamalıdır. Bütün sistemdə dəyişiklik getməlidir. Ədalət olmayan yerdə nəticə alınmayacaq.

- Prezident seçkiləri zamanı Ziyalılar Forumu kiməsə dəstək verə bilərmi? Üçüncü qüvvənin ortaya çıxacağından, hərəkat yaradılmasından danışılır.

- Mənim bildiyimə və çıxardığım nəticələrə görə, Ziyalılar Forumunun bir nömrəli amalı budur ki, Azərbaycanda demokratik qüvvələr ortaq məxrəcə gəlsin. Ancaq Forum siyasətlə məşğul olmayacaq, heç bir siyasi iddia yoxdur.

- Bəs Rüstəm İbrahimbəyovun danışdığı hərəkat haqda...

- O hərəkat öz-özünə yaranmalıdır. Forum hərəkat yaratmır. O gün gəncləri gördüz, bu hərəkatdır da.

- Müsahibədən əvvəl danışanda dediniz ki, elmi işlərinizlə bağlı xaricə gedirsiniz. Günün birində Azərbaycanı tərk etmək istəmirsiniz?

- İki səbəbdən getmək istəmirəm və getməyəcəyəm də. Xahiş edirəm, məni əyalətçilikdə günahlandırmayın. Mənim 10-cu babam da Qarabağdandır. Qarabağı bu vəziyyətdə qoyub getməyi özümə qəbahət sayıram. İkincisi, mən istəyirəm ki, nəvələrim, millətim azad cəmiyyətdə yaşasın. Ona görə də getmək fikrim yoxdur.