-
«Sizin son «Dünyada Azadlıq -2013» hesabatınızdan ciddi narahat oldum. Bu hesabat mənim ölkəmə qarşı qərəzli və qeyri-obyektivdir. Hesabat Azərbaycanda insan haqları və demokratiyanın durumunu düzgün göstərmir, bizim bu sahələrdəki mühüm uğurlarımız nəzərə alınmayıb».
«Sizin son «Dünyada Azadlıq -2013» hesabatınızdan ciddi narahat oldum. Bu hesabat mənim ölkəmə qarşı qərəzli və qeyri-obyektivdir. Hesabat Azərbaycanda insan haqları və demokratiyanın durumunu düzgün göstərmir, bizim bu sahələrdəki mühüm uğurlarımız nəzərə alınmayıb».
ƏLİ ƏHMƏDOVUN AÇIQLAMASI VƏ...
İngiliscə yazılmış bu məktub AzadlıqRadiosunun elektron poçtuna Pərvin Mirzəzadə imzası ilə gəlib. Məktub «Freedom House» təşkilatının elektron poçt ünvanlarına da göndərilib.
Bu qurum ötən həftə açıqladığı hesabatda Azərbaycanı «qeyri-azad ölkə» adlandırıb. Əslində Azərbaycanın illərdir oturuşmuş reytinqində dəyişiklik olmasa da, ölkə rəsmilərinin «Freedom House»a soyuq yanaşması daha da soyuyub. Rəsmilər özəlliklə də qurumun tanınmamış Dağlıq Qarabağ rejimini «qismən-azad» adlandırması ilə barışmadıqlarını dilə gətirirlər.
YAP sədrinin müavini Əli Əhmədov yanvarın 17-də yap.org.az saytına deyib ki, «separatçı bir rejimi azadlıq şkalası üzrə necə qiymətləndirməsindən asılı olmayaraq, təkcə bu faktın özü kifayətdir ki, bu təşkilatın mahiyyəti haqqında insanda bitkin fikir formalaşsın».
Əli Əhmədov onu da əlavə edib ki, Azərbaycan ictimaiyyəti həmişə haqlı olaraq qərəzli beynəlxalq təşkilatların qeyri-obyektiv dəyərləndirmələrinə etirazını bildirib:
«İnanıram ki, «Freedom House»un son hesabatı xalqımızın qəti etirazı üçün daha ciddi əsas verir».
Şərhlərdə eləcə də «düşmən dəyirmanına su tökən bəzi qüvvələr» pislənir.
«HEÇ KİMƏ TAPŞIRIQ VERİLMƏYİB»
Bənzər məktublar korrupsiyadan yazan jurnalistləri birləşdirən OCCRP-yə – həmin dəyərləndirməni aparan quruma da göndərilib. Qurumun redaktoru Drew Sullivan «BBC Azərbaycanca»ya deyib ki, ona 4200 etiraz məktubu gəlib.
Onun fikrincə, bəzi məktubların saxta ünvanlardan göndərildiyini düşünməyə əsas verən əlamətlər var, əksəriyyəti, görünür ki, şəxsi elektron poçt ünvanlarından gəlib. «Bizim təhlilimizə görə, məktublar sadəcə kampaniyadır və kütləvi poçt deyil», – deyə o, fikrini açıqlayıb.
«Turan» informasiya agentliyi yanvarın 15-də məktəblərə «zəhmətkeş məktubları»nın təşkili üçün göndərilən təlimatdan yazıb.
Bakı şəhər Baş Təhsil İdarəsinin ictimaiyyətlə əlaqələr bölməsinin müdiri Zəminə Əliqızı AzadlıqRadiosuna deyir ki, bu təlimat barədə eşitməyib:
«Heç kimə belə bir tapşırıq verilməyib. Müəllimlər arasında da belə bir narahatlıq yoxdur».
KAMPANİYA SƏRTLƏŞSƏ...
Politoloq Zəfər Quliyevin fikrincə, prezident seçkiləri yaxınlaşdıqca, hakimiyyət mümkün tənqidlərdən özünü sığortalamağa, tənqidi fikirlərin dəyərini azaltmağa çalışa bilər. Bu hərəkat seçki ərəfəsi güclənərsə, bunu əminliklə siyasi kampaniya saymaq olar.
–Beynəlxalq qurumların əvvəlki hesabatlarında da Azərbaycanın yeri ürəkaçan olmayıb. Niyə hakimiyyət indi daha çox əndişələnib?
«Freedom House»un hesabatlarına ABŞ-da və bütün dünyada etibar edirlər. Bunu AzadlıqRadiosuna müsahibəsində ABŞ Dövlət katibinin demokratiya, insan hüquqları və əmək məsələləri üzrə köməkçisinin müavini, əvvəl həmin qurumda icraçı direktorun müavini çalışmış Thomas Melia da deyib:
«Beynəlxalq dəyərləndirmələrin bu cür üst-üstə düşməsini nəzərə almamaq dəvəquşu davranışı olardı... Yaxşı olar ki, Azərbaycan rəsmiləri bu dəyərləndirmələrə daha ciddi yanaşaraq, ölkənin nüfuzunu yüksəltmək yollarını arasın və bu işdə ciddiyyət göstərsinlər».