-
Şaxanım Zülfüqarova Azərbaycanda qədim sənət növlərindən sayılan xalçaçılıqla məşğuldur. İlmələr vasitəsilə xalça üzərində portretlər toxuyan Şaxanım Zülfüqarovanın yaşadığı Astara rayonun Kijabə qəsəbəsindəyik. Onun yaşadığı ev qəsəbənin mərkəzindədir. Bu evlərə hökumət evləri də deyirlər, onları 60-cı illərdə Lenin sovxozu inşa edib. Binaların çoxu vaxtilə anbar olsa da, indi burda insanlar yaşayır və qəzalı vəziyyətdədirlər.
«BU, MƏNİM SƏNƏTİMDİR»
Şaxanım Zülfüqarova ilə elə qapıdaca rastlaşdıq. Bizi birotaqlı, darısqal mənzilinə dəvət edir. Eyvanda, əl ilə düzəldilmiş dəzgahı göstərərək soyuq da olsa, arabir burda işlədiyini deyir və dəzgahın arxasına keçərək işini nümayiş etdirir:
«Bükürəm özümü, paltar geyinirəm, hərdən otururam, hərdən evə girirəm. Bu, mənim sənətimdir. Bu, mənə güc verir, bu, mənə həvəs verir. Ona görə də soyuğa, qara, yağışa baxmıram. Bunu işləməmiş, mən darıxıram. Çox darıxıram. Cavanlıqda qonşular, başqa adamlar sifariş kimi sap gətirərdilər, o vaxtları mənim haqqımı verərdilər. İndi balaca-balaca işlər görürəm. Sərgilərdə, festivallarda iştirak edirəm. Mükafatlar çox almışam, fəxri fərmanlar almışam. Mən anadangəlmə şikəstəm. 8-ci Ümumi Respublika Festivalı keçirildi, mən orda 3-cü yeri aldım. Diplom aldım, yüz manat mükafat verdilər. 2002-ci ildən tədbirlərdə iştirak edirəm. Bakıdan təzəlikcə qayıtmışam. Yanvarın 25-də orda respublikada əl işləri ilə bağlı tədbir keçirildi, mən də iştirakçı idim».
«İKİ MİLLƏ NƏ OLURSA OLSUN TOXUYURAM»
Şaxanım Zülfüqarova deyir ki, həyat yoldaşı ilə bir yerdə yaşayır, övladları yoxdur. Ancaq xalçalarına övladları kimi baxır. Şaxanım Zülfüqarova deyir ki, sifariş əsasında əsasən yay aylarında toxuculuqla məşğuldur. İndi bir nəfərin xahişi ilə kilim toxuyur:
«Bu, kilimdir. Ancaq mən xalça da toxuyuram, mən tikmə də tikirəm. İki millə - paltar olsun, corab olsun, yaylıq olsun - nə olursa olsun, mən onları toxuyuram. Yun da darıyıram. Bütün iş mənim əlimdən gəlir, ancaq bəxtim gətirmir. Rayonda məni görmürlər. İndiyə kimi rayonda məni çağırıb deməyiblər ki, gəl, sənin üçün bir yubiley keçirək».
Şaxanım Zülfüqarovanın dediyinə görə, əvvəllər rayonda xalça toxuyanlar daha çox olub. Adamlar xalça üçün mağazalara az müraciət edirmişlər. Nişanlı qızlar üçün cehizləri elə evlərdə də hazırlayarmışlar:
«Onda vəziyyət yaxşı idi, qoyun, mal saxlaya bilirdilər. Rəng tapa bilirdilər. Həvəs var idi, satırdılar. Hökumət sap verərdi. Mənim yadımdadır, bizə də gətirdilər bir kisə verdilər. Evlərdə corablar toxuyurduq, dövlətə verirdik. Dövlət yığardı, aparardı. Ona görə var idi həvəs. Mənim əlimdən hər şey gəlir. Bu xalça ilk işlərimdəndir. Üstündə yazmışam bu xalça Şaxanımındır, 1981».
«MƏNİM ÜÇÜN 510 MANAT GÖNDƏRMİŞDİLƏR»
Şaxanım Zülfüqarova deyir ki, dolanışıq çox pisdir. Baxmayaraq ki, yaxşı sənətkardır, qazancı çox cüzidir. Əsasən pensiyanın ümidinə qalıb.
O, bizi otağa dəvət edir. Hər yerə səpələnmiş əl işləri diqqəti cəlb edir. Heydər və İlham Əliyevin, Zeynəb Xanlarovanın xalça üzərində çəkilən şəkilləri yuxarı başda qoyulub. Suvağı tökülməkdən olan divarda müxtəlif əl işləri gözə dəyir. Bu balaca otaq xalça və əl işləri hazırlayan sexi xatırlayır. Şaxanım Zülfüqarova deyir ki, əl işlərindən alanlar da olur. Lakin bu, çox az hallarda baş verir:
«Xəritədir - 2009-cu ildə tikmişəm. Suvenirdir. Kim istəsə haradasa qoya bilər. Xanlarovadır, çox istəyirəm onu. Bu, diplomdur, Bakıda təzə almışam. Mənim işlərimi də götürdülər. Mənim üçün 510 manat pul göndərmişdilər. Telvizor aldım, xeyri bu oldu».
Eyvanda soba qoyulub. Şaxanım Zülfüqarova deyir ki, yeməklərini burada bişirir.
Qaz kəsiləndə sobanı odunla qızdırır.
ƏL İŞLƏRİ İNTERNETƏ YERLƏŞDİRİLƏCƏK
Qəsəbənin yararsız ara yollarından geri qayıdırıq. Ən qəribəsi bu idi ki, 10 minə yaxın əhalisi olan qəsəbədə tək-tük adam gözə dəyirdi. Sakinlərdən biri bizə bildirdi ki, qəsəbənin işlək əhalisi Rusiyaya və digər yerlərə çörəkpulu qazanmağa gediblər.
Astara Rəsm Qalereyasının direktoru Naibə Əliyeva deyir ki, əslində Şaxanım Zülfüqarovanın əl işlərinə böyük maraq var. Qalereyanın saytı yaradılandan sonra onun əl işləri burda yerləşdiriləcək. Bütün dünya onun əl işləri ilə tanış olacaq. Direktor da Şaxanım Zülfüqarovanın yaşayış və iş şəraitinin yaxşı olmadığını dilə gətirdi. Onun dediyinə görə, imkan daxilində onun üçün yer ayıracaqlar.