Məşhur türk səyyahı 17-ci əsrdə Azərbaycanda nə gördü?

“Evliya Çələbi səyanətnaməsində Azərbaycan”

-

Bakıda “Evliya Çələbi səyanətnaməsində Azərbaycan” kitabı çap olundu.

Bu barədə Bakı Kitab Klubu məlumat verir.

Qafqaz Universitetinin nəşri olan kitab məşhur türk səyyahı Evliya Cələbinin “Səyahətnamə” əsərinin müəyyən hissələrinin tərcüməsidir.

Çələbinin Azərbaycana olan səfərləri (1646-1666) əhatə olunan bu kitabda XVII əsr Azərbaycanının tarixi, coğrafiyası, ölkədəki siyasi durum, əhalisi, onun məşğuliyyəti, məişəti barədə qiymətli bilgilər öz yerini tutur. Evliya Çələbi xatirələrinin işığında Orta əsr Azərbaycan xanlıqlarının tam arealı və onların regional siyasətə təsirini bərpa etmək mümkün olur.

Azərbaycan türkcəsinə uyğunlaşdıran: Minaxanım Təkləli.

Bir müddət əvvəl "Oxu zalı"nda Evliya Çələbinin Azərbaycana səfəri haqda yazmışdıq.

Çələbi yazır ki, Bakı camaatı şam əvəzinə lampada neft yandırır. O, Bakı sahilindəki neft quyularını belə təsvir edir:

Neft “Allahın əmri ilə” bulaq kimi yerin səthinə çıxır və “qaymaq kimi suyun üzündə qalır”. Nefi bu kiçik gölməçələrdən - keçi dərisindən düzəldilən tuluqlara doldururlar.

Bakı xanı üçün bu, böyük gəlir mənbəyidir.

Şəhərə Çindən, Rusiyadan və başqa yerlərdən gələn tacirlər öz mallarını satıb əvəzində Bakıdan duz, ipək, neft alıb aparırlar. Neft çox mühüm xammaldır.

Bundan başqa neft Gürcüstan, Kürdistan, Monqolustan, Osmanlı İmperiyası və başqa yerlərə də ixrac edilir.

Neftin 7-8 növü var. O həm də şəhərin müdafiəsi zamanı yandırıcı silah kimi istifadə edilir.

Neft quyularını səhər-axşam əsgərlər qoruyur, “çünki əgər alışsalar, əbədi yanacaqlar”.

Buna görə neft quyularının qıraqlarında qum təpələri yaradılıb ki, bundan yanğınsöndürən vasitə kimi istifadə edilsin...