Dəmir çarpayıda qızdırma (Seçmə şeirlərdən)

Könül Həsənqulu

-

Bu şeirlər son həftələrdə "Oxu zalı"na göndərilmiş əsərlər arasından seçilərək çap olunur. Bütün əsərlər imzası göstərilmədən Münsifə göndərilb.


Könül Həsənqulu


TÜTƏK NƏĞMƏSİ VƏ SIX ZƏMİ

Mən özümdən çıxmaq istərkən
Yalnız evimdən çıxa bildim, çoban.
Eynən o, məni düşünərkən
Siqaret qutusundan bir-bir çıxdığı kimi...

Arxamca qapıları çırpdığım zərblə
Ölçülməz qəzəbim indi...

Kaş ki, çıxarkən al yaylığım kimi
Başımı da qoparıb asılqana asa bilsəydim...
İndi nə var idi sənin
Uzaqdan gələn tütək səsinə
Burdan nəğmə söyləməyə?..

Bütövlüklə özümdəyəm –
Əllərim boş
Biləklərim cızıq-cızıq...

Hasarın bu tayında yerə çöküb sonrama baxıram –
Sıx zəmi
Müqəvvalar...
Zəmidən uzaq səmada
Uçuşurlar qarğalar...
Sünbüllərin qoynunda
Sarı-qəhvəyi buğdalar...

Yaşıl dağlar
Qoyun quzu...
Rəngbərəng damlar
Və yol...
Nə yaxşı ki, yollar dünyanın hər yerində var.

Yox!
Hələ kürəyimi ayırmıram
Evimin hasarından...

Sən uzaqdan çal tütəyi, qara çoban.
Mən o nəğməni
Eynən zəmini sevdiyim kimi
Elə uzaqdan sevərəm...


DƏMİR ÇARPAYIDA QIZDIRMA

Sevgili Moskva və ordakı uşaqlığım – qırmızı çantalı qızcığaz

Qızdırmanın içində otuz üç yaşa kürəyiüstə uzanmışam çarpayıda
Gözlərimi yumub addımlayıram üzü “Voykovskaya” metrosuna
Tavandan özünü asan sapsarı lampa arsızca gözlərimin içinə dolur
Canlandırdığım küçəni sakinlər qarışıq narıncı un tək qovurur
Sonra var gücü ilə üfürür qovurduğu un yığınını göz qapaqlarıma
Hər tərəf sapsarı şüa – bir əzəmətli küçə bir andaca yanıb sovrulur

22:16. Otuz doqquz dərəcə qızdırma.
18:30-dan bəri bu dar otağa gur işıq saçan
Kiçik elektrik lampasıyla savaşmaqdayam.

...

00:23. Sevgili Moskva...
Sənə qaçmaqda ayaqlarım kimi gözlərim də acızdır indi
Qızdırma güllə yarası kimi yıxıb məni bu dəmir çarpayıya
Üstəlik də tanavdan baxan 150 voltluq elektrik lampa...

Səni sayıqlamaq kimi canlandırmaq da var qırx dərəcə qızdırmada:
“Alnımı pəncərəyə yapışdırıb qaranlıq tunelə baxıram metro qatarında
Uşaq gözlərimlə gözləyirəm bu dəqiqələrdə qatarın meşəyə çıxmasını
Meşədən mənə əl eləyən gülərüz Olimpiada Ayısı hələ də ordadırmı?”

Qırmızı binalarının üstündə bulud kimi görünən ağappaq qar topaları
Qar adamlarına isti papaq geyindirən yumşaq ürəkli sarışın uşaqların
Ağaclardakı dələlər, yolqırağı meşələrində qaçışan məsud çöl dovşanları Qovaqlardan, küknarlardan sırğa kimi sallanan sırsıraların da yadımdadı.

Anasının təzəcə bəxş etdiyi sevimli çantasını bir andaca yerə atan
Şaxta vurmuş sərçəni qarın üstündən qaldırıb əlcəyinin içinə salan
Onu ağ əllərinin arasında tumarlayan körpə qızcığazın da yadımdadı.

Bunları Qafqazda unutmaq çətindir, Moskva!..
Mən o qırmızı çantamı və toxunma əlcəklərimi
Yalnız o kiçik sərçəyə görə sevərək xatırlayıram...

Mən burda qırx dərəcə qızdırma içində dəmir çarpayıya düşdüyüm kimi
Orda ağaclarından yerə – qarın içinə şaxta vurmuş sərçələr düşüb itirmi?..

İndi bu yüngül ədyalı üstümdən bir ağır dünya kimi qaldırıb sağ tərəfə atır
Ayaqlarım sənin soyuq, ağappaq qar örtüklü küçələrinə doğru addımlayır...