Az qalmışdı şair olmağıma, getdin...

-

Bu şeirlər son həftələrdə "Oxu zalı"na göndərilmiş əsərlər arasından seçilərək çap olunur. Bütün əsərlər imzası göstərilmədən Münsifə göndərilb.


Elçin Aslangil


ANAMA DEDİM Kİ...

Anama dedim ki,
əllərini ver mənə,
sığal çəkim şeirlərimin başına.
"Al" - dedi,
Şeirlərim uşaq kimi sevindi.

Anama dedim ki,
deyirsən, -
məni saçlarınla böyütmüsən...
Ona görəmi
yarı ağ, yarı qaragünəm mən?

Anam nə dedi?
Dedi ki,
dedi ki... -
saçlarım süpürmədimi
ömrünün ağlı-qaralı günlərin?

Susdum, susdum...
bir söz deyə bilmədim.
Qadın düz deyir...

Ana,
Hələ də
əllərinlə, gözlərinlə, sözlərinlə
Elçin əvvəlki Elçindi.
Dəcəldi, şuluqdu, şirindi.
Hər nədirsə,
sən deyəndi.

Bir az saçlarına ağ düşüb,
görməzlikdən gəl bir az.
Bir az dili dolaşır,
"Yar yaramdı" - deyəndə,
Bilməzlikdən gəl bir az
Fikir vermə.
Sən, o saçlarının ağı, fikir vermə.
Sən, o əllərinin sığalı, fikir vermə.
Sən, o başının qara yaylığı,
Fikir vermə,
fikir vermə.
Bax,
balaca Elçindi:
duruşu həmənki,
baxışı həmənki...
Şeirləri sən ətirli.
Nə olsun ki,
ayaqqabılarının ölçüsü böyüyüb bir az.
Nə olsun ki,
nə olsun ki...

Anama dedim ki,
dedim ki...
...Anam çox sevindi.


AZ QALMIŞDI ŞAİR OLMAĞIMA, GETDİN…

Sənin gözlərindən şeir tökülərdi,
Mən də bənd olub baxışlarına düşərdim arxanca,
Dilimin altına gözlərindən söz yığa-yığa.
Az qalmışdı,
az qalmışdı şeir olmağına,
getdin...

İndi şeirlərim dönüb sən olub,
Gah güzgü tutur üzünə,
Gah da daraq çəkir misralarının ucuna.
Gah qələmin dodağında rəng olur,
Gah da başmağının dabanı kimi,
Gün-gündən böyüyür
boy-buxunda keçir köhnə şeirlərimi.

Bu aralar dənizə də getmirəm
yazam dənizdən.
Bu aralar anama da yanaşmıram
anamdan yazam.
Bu aralar...
nəysə ...
Sən mənə fikri vermə,
Hərdən olur belə ...

Bir də,
Bir təbəssümün vardı,
Çevrənə sevgi dağıdardı,
Ürəyimi fərah tutardı.
Bilirsən səni xatırlayanda ən çox nəyə gülürəm?
Şeirlərimi şairlər kimi pafosla söyləmənə.
Nəysə ...
Sən mənə fikir vermə,
Hərdən olur belə ...

Tüstülər qanad açdı küçədə bulud-bulud,
Hamı yatdı yuxu-yuxu,
Hamı yatdı adam-adam,
Bu axşam,
mən yuxulara yoxam.
Bu axşam şeirlərim başını alıb gedib sənə,
Bu axşam Allahla təkəm yenə,
Nəysə ...
Sən bizə fikir vermə,
Hərdən olur belə ...

Sənin gözlərindən şeir tökülərdi,
Mən də bənd olub baxışlarına düşərdim arxanca,
Dilimin altına gözlərindən söz yığa-yığa.
Az qalmışdı,
az qalmışdı şair olmağıma,
getdin ...


AĞAC

Soyunmuş özünü tənhalar kimi,
Bir ağac üşüyür bu qışı yenə.
Küləkdə bir yannan düşmüş canına,
Di gəl bu ağaca “mən ölüm” demə.

Ay ağac, məndə bir adamlıq ola,
Bir yorğan gətirəm çiyninə atam.
Ay ağac, məndə bir adamlıq ola,
Nə ola bir gecə yorğansız yatam?!

Üşümə, sən Allah, üşümə belə.
Göy üzün göyərər qışın gödəkdi.
Düşünmə, sən Allah, düşünmə belə,
Torpaq yaxşılara qara köynəkdi.

Bir anam var, ağac, sənə oxşayır
Lal dinməz, qəmini gizlədir məndən.
Bir anam var, ağac ikiyə bölmüş
Saçını bir para dərdim üzündən.

Bu qışı birtəhər dözəcəm vallah,
Dərdimin sağ əli torpağa ağac.
Mən sənə qoşulum, sən mənə qoşul,
Ağlayaq hər düşən yarpağa, ağac.


GÖYLƏR ADAMI

Bu adam başını alıb gedəcək,
Qoymayın yağışlar aparsın onu.
Deyin arakəsmə pərdələriylə,
Qoy, Allah özündən qoparsın onu.

Adamsan adamlar düzünə qayıt,
Bir şeir nədir ki, belə uzaqsan?
Sən, özü havalı ay adam oğlu,
O göylərdə bir şeirlik qonaqsan.

Bir damcı su üzü, su üzü bulud,
Su adam, yaş adam - mənə, qulaq ver.
Bir gün yalvararsan arada qalsan,
Mənə bir kəfənlik qara torpaq ver.

Bir ana laylası köçündən sonra,
Bu şeir adamı yükünə ağır.
Bir ana dilində şeirləşəndən,
Bu adam göylərdən özünə yağır.

Gəl, adam bir az da, gəl, Elçin olaq,
Payızı, şəhəri gəl verim sənə.
Gəl, anam yazıqdı gözümdən uzaq,
Qısılar bir küncə ağlayar yenə.