-
Bu hekayə son həftələrdə "Oxu zalı"na göndərilmiş əsərlər arasından seçilərək çap olunur. Bütün əsərlər imzası göstərilmədən Münsifə göndərilb.
Ülviyyə Heydərova
SÜKUT
Soyuq fevral ayı idi.
Bir həftə idi günümüzü evimizdə yox, yarıqaranlıq və üstəlik boş bankalarla, kisələrlə dolu olan zirzəmidə keçirdiyimizdən şaxta iliyimizdə gəzirdi.
Burda olmağımızın səbəbini heç kim mənə söyləmirdi.
Heç bayıra çıxmağa da qoymurdular. Bacımdan soruşanda bircə onu dedi ki, sən hələ uşaqsan! Guya ki, özü böyük idi?! O, beşinci, mənsə üçüncü sinifdə oxuyurdum. Anam nənəmin qulağına pıçıldayanda ancaq onu eşidə bildim ki, şəhərimiz artıq göyə olan ümidini də itirib.
Onda nənəm yavaş səslə dedi ki, yox bala, o ümidi zorla əlimizdən aldılar. Dedi və buz kimi əli ilə böyük bacımın, qardaşımın deyil məhz mənim ağzımı tutdu. Səsimin ucalmağından çox ehtiyatlanırdı.
O, heç vaxt belə etməzdi.
Nəvələrinin bütün qışqır-bağırtıları ürəyinə yağ kimi yaxılardı. Çünki anam nənəmlə rəhmətlik babamın uzun illərdən sonra dünyaya gəlmiş yeganə övladı idi.
Ona görə də həyətimizdən nəvələrinin, elə qonşu uşaqlarının da səsi əskik olmazdı. İllah da məndən beş yaş böyük olan qardaşım eyvanda əlini qulağının dibinə qoyub zildən oxuyanda nənəm önlüyünün ucu ilə çüxura düşmüş gözlərinin yaşını silərdi.
Qəribədir, zirzəmiyə köçəndən təkcə qardaşımın deyil, elə qonşularımızın da səsi kəsilmişdi.
Hər yer sinif müəlliməmin sus kəlməsindən sonra yaranan sükuta oxşayırdı.
Atamın gəlməyini səbirsizliklə gözləyirdim. Neçə gündü ondan xəbər yox idi.
Anam deyirdi ki, o, babamın tüfəngi ilə meşəyə ova gedib. Nədənsə, atam son zamanlar tez-tez ova yollanardı. Qayıdanda da torbasından özü demişkən «Məmmədnəsir» çıxardı.
Həmişə bunu deyəndə anam və nənəmdən başqa hamı gülərdi. Son zamanlar anamla nənəmə elə bil nəsə olmuşdu. Daha əvvəlki kimi bir-biriləri ilə deyib-gülüb, zarafat etmirdilər.
Yəqin bütün bunlar atamın uğursuz ovlarına görə idi. Amma ürəyimə dammışdı ki, atam tezliklə gəlib nəinki sükutumuzu pozacaqdı, üstəlik həyətimizdəki manqalda ovladığı quşlardan kabab da hazırlayacaqdı.
Həyətimizin darvazası açılanda sevincdən dik atıldım. Amma qapıdan atam yox, qara saqqallı yekəpər kişiləri, üstəlik çoban itlərini görəndə hamımız şaşırdıq. Hər şey, yəni nənəmin başına, qardaşımın boğazına, bacımınsa qarnına dolan güllələr bir göz qırpımında baş versə də, anamın gözü qarşısında balta ilə hissələrə bölünüb, tikələrimin itlərə atılması böyük vaxt apardı.
Sonra anam da güllə və bıçaq zərbələrinə tuş gəldiyindən qanı qan selimizə qoşuldu.
İndi burda nə günümüz var, nə də ilimiz. Hamımız eyniyik. Ailəmiz yenə də hər şeyi məndən gizlədir.
Ona görə son saatlarımızdakı sükutu tez-tez xatırlayıram, öldürülməyimizin səbəbini, hətta xarabalığa dönən şəhərimizi belə düşünürəm.
Bilirəm, yerdəkilər də hər zaman «Xocalıya ədalət», «Xocalı şəhidlərini bir dəqiqəlik sükutla yad edək!» deyir.
Bir dəqiqəlik sükuta dönmüşük…