«Memarlıq Nobeli» 6-cı dəfə yapona verildi

Toyo Ito

-
2013-cü ilin ən nüfuzlu memarlıq mükafatı olan Pritsker mükafatının (Pritzker architecture prize) qalibi bəlli olub.

Bu, 71 yaşlı yapon memar Toyo Ito-dur.

Xəbər mükafatın rəsmi saytına istinadən yayılıb.

Postmodernist memar Toyo Ito dünyaca ünlü «Nobel»in bənzəri sayılan bu mükafata «zamanı aşan» binalar yaratdığına, əsərlərini «mənəvi ölçülər»ə saldığına və «Ito tikililərinin hamısına hopan poeziyaya» görə layiq görülüb.

Münsiflər heyətinin yaydığı bilgiyə görə, Toyo Ito 40 il boyunca konseptual yenilikləri möhtəşəm mühəndis-texniki çözümlərlə tamamlayan bir sıra layihələrə imza atıb.

Toyo Ito-nun ən tanınmış işləri Yaponiyanın Sendai şəhərindəki mediateka (2000), Londonda Serpentayn Qalereyasındakı yay pavilyonu (2002), Tokiodakı TOD’s dükanı (2004), Barselonadakı «Porta Fira» otelidir (2009).

İndiyədək bir çox mükafatlar alan Toyo Ito-nun işləri ABŞ-da, Böyük Britaniyada, Danimarkada, İtaliyada, Çilidə və vətəni Yaponiyada göstərilib.

Pritsker mükafatı Toyo Ito-ya mayın 29-da Bostonda Con Kennedy Muzey- Kitabxanasında veriləcək. Mərasimdə ona 100 min dollarlıq qrant və bürünc medal da təqdim ediləcək.

Toyo Ito 1979-cu ildən bəri verilən Pritsker mükafatı alan 6-cı yapon memardır.

Mükafatın təşkilatçıları hər il təqdimat mərasimi üçün yeni yer seçirlər. Mükafatın təqdim olunacağı məkanın memarlıq tarixində xüsusi yeri olmalıdır.

«Küləklər qülləsi» - Yokohamada Toyo Ito-nun yeni həyat verdiyi köhnə bina.