«EL» Hərəkatı ofisindən çıxarılır

Eldar Namazov

-
Martın əvvəlində elan olunan «EL» Hərəkatı martın 30-da yerləşdiyi ofisdən çıxarılıb.

Bu barədə AzadlıqRadiosuna Hərəkatın lideri Eldar Namazov məlumat verib:

- Neçə gündür ofisin sahibinə təzyiqlər davam edirdi. Bizim də həmin ailəni zərbə altında qoymağımız düzgün olmazdı, o səbəbdən də ofisdən çıxmalı olduq. O ailəyə elə təzyiqlər edilib ki, buna bir insan kimi dözmək mümkün olmazdı.

- Ailəyə təzyiqlər kim tərəfindən olunub?

- Burda elə dövlət orqanı yoxdur ki, o məsələdə iştirak etməsin.

- Neçə vaxt idi o ofisə köçmüşdünüz?

- 17 gün əvvəl. Hökumət bizim fəaliyyətimizə cəmi 17 gün dözdü.

- Siz hələ Milli Şura yaratmağa hazırlaşırsınız?

- O da olacaq, inşallah... Dünən hesabladıq ki, bir gündə «EL» Hərəkatı əleyhinə 17 məqalə dərc edilib. Görürlər bununla bir şey alınmır, indi hərəkata qarşı ailəyə təzyiq etməklə mübarizə aparırlar.

Eldar Namazov bir çox məsələlərin baş verdiyini və hamısını yaxınlarda keçirəcəkləri mətbuat konfransında açıqlayacaqlarını deyir.