Naxçıvan müxalifətçiləri: «Qərargahımız var, fəaliyyət imkanımız yox»

Naxçıvanda siyasi fəallar

-

Naxçıvandakı siyasi şərait Azərbaycanın digər bölgələrindən seçilir. Azərbaycanın əksər bölgələrindən fərqli olaraq Naxçıvanda müxalif partiyaların qərargahları var. Həm AXCP-nin, həm də Müsavatın. Ancaq bununla belə muxtar respublikada fəaliyyət göstərməyə çalışan müxaliflər digər bölgələrlə müqayisədə onlara daha çox basqıların olmasından şikayətçidir. Naxçıvandakı siyasi mühiti dərindən bilməyən insanlarda bu hal sual doğura bilər. Əgər muxtar respublikada başqa bölgələrlə müqayisədə müxalifətə təzyiqlər daha güclüdürsə, onda onlara nədən qərargah verilib? Naxçıvan şəhərindəki müxalif partiyalara məxsus qərargahlar bir binada - muxtar respublika Daxili İşlər Nazirliyinin yaxınlığında yerləşir. Müxalifət fəalları hesab edirlər ki, hakimiyyətin bu addımı hüquq-mühafizə orqanlarının onlara daha ciddi nəzarət həyata keçirməsinə imkan yaradır.

AXCP Naxçıvan Şöbəsinin sədri Yaşar Bağırsoy deyir ki, yerli şöbə ofislə təmin olunsa da ora hər hansı tədbirdə iştirak üçün gələn şəxslər təzyiqlə üzləşirlər:

«SİYASİ FƏALİYYƏTƏ QADAĞA QOYULURSA, BU QƏRARGAH NƏYƏ LAZIMDIR?»

Yaşar Bağırsoy

«Boş bina baxımından şərait yaradılır. Müxalif partiyaların üzvləri, həmin qərargaha gəlib hər hansı tədbirdə iştirak edəndə həmin şəxsin özünə, ailəsinə təzyiq edirlər. Siyasi fəaliyyətə qadağa qoyulursa, bu qərargah nəyə lazımdır? Qərargah versələr də sivil qaydada siyasi fəaliyyət aparılmasına imkan vermirlər. Müxalifətçiləri işdən çıxarmaqla qorxudurlar. Hakimiyyətin bizə qərargah verməkdə digər məqsədi də var. Məqsədləri fürsətdən istifadə edib, ora gəlib-gedənləri təsbit edib, müxalifəti tamamən silməkdir. Buradakı hakimiyyət nümayəndələrində belə bir fikir formalaşıb ki, Naxçıvanda müxalif fikirli insanlar olmamalıdır. Naxçıvanda müxalifətçilərin əksəriyyəti işsizdir. Partiya üzvlərinin təsərrüfatla məşğul olmasına da imkan vermirlər. Mənim qardaşım Zeynal Bağırzadənin təsərrüfat fəaliyyətinə qadağa qoyulub. O, hansısa tədbirdə iştirak edən kimi gedib bir problem çıxarırlar. Gah əkilmiş yerini sürdürürlər, gah da suyunu kəsirlər. Tətbiq olunan bu qadağa və əngəllər sonunda bir partlayışa səbəb olacaq».

Müsavat Partiyası yerli təşkilatının sədri Sabir Vəliyev ötən ay yaşadığı Babək rayonunda naməlum şəxslərin hücumuna məruz qalmışdı. O, bu hücumu siyasi sifariş sayır. Sabir Vəliyev Naxçıvanda fəaliyyət göstərən müxalifət partiyalarının ofislə təmin olunmasını gözdən pərdə asmaq kimi qiymətləndirir:

«BURDAKI MÜXALİFƏTÇİLƏR KASIBLIQ HƏDDİNDƏ YAŞAYIRLAR»

Müsavat partiyasının loqosu

«Yalnız mərkəz Naxçıvan şəhərində qərargah var. Bizim 7 rayonda təşkilatımız var. Bir neçə dəfə müraciət etsək də həmin təşkilatlara qərargah vermirlər. Belə olan halda da fəallıq azalır. Təkcə qərargahla olmur axı. Qərargah var, yerli hakimiyyətin aqressivliyi də. Bu yaxınlarda mənə qarşı hücum oldu. Baxdılar ki, son dövrlər Naxçıvanda Müsavat bir az aktivləşir, dedilər Sabiri vuraq, qarşısı alınsın. Naxçıvanda QHT-lər olsa da təzyiqlərdən dolayı onların fəaliyyətləri də hiss olunmur. Onları da əzirlər, qorxu xofu yaradırlar. Müsavat partiyasının üzvləri işdən çıxarılır, gedib Bakıda fəhlə işləyirlər. Bu yaxınlarda üzvümüz Əfqan Məmmədov işdən çıxarıldı, daha sonra təzyiqlər oldu, o da çıxıb getdi burdan. Məqsədləri seçki ilində müxalifəti əzməkdi. Burda qalan müxalifətçilər də kasıblıq həddində yaşayırlar. Bizim üzvlərin çoxu müəllimdir. Onların da müsavatçı olduqlarına görə dərs saatlarını elə azaldıblar ki, bu maaşla dolanmaq mümkün deyil».

YAP RAZILIQ EDİR...

YAP Naxçıvan Muxtar Respublika Təşkilatı isə şəhərin mərkəzində, üç mərtəbəli, geniş binada yerləşir. Təşkilat sədri Rail Tağızadə onlara yaradılan şərait haqda danışmaq istəməsə də, müxalifətçilərin üzləşdikləri təzyiqlərlə bağlı deyilən ittihamları qəbul etmədi. YAP Naxçıvan şəhər təşkilatından isə onlara yaradılan şəraitdən razılıq etdilər.

Həkimeldostu Mehdiyev

Hüquq müdafiəçisi Həkimeldostu Mehdiyev də deyir ki, Naxçıvanda partiyaların qərargahlarının olması hələ onların hüquqlarını tanımaq demək deyil:

«Nə olsun ki, ofis veriblər. Binanın tam qarşısında DYPİ-nin kamerası var. Nazirliyin pəncərəsindən baxanda da həmin binaya kimlərin gəlib-getdiyi bəlli olur. Binaya girən bütün şəxslər nəzarətə götürülür və onlara təzyiqlər olunur. Ona görə də partiyaların ofislərinə yalnız bir qrup fəal gələ bilir. Digərləri isə təzyiqlərdən çəkinərək ofislərə yaxınlaşa bilmirlər».

Son prezident seçkilərinə qədər isə Naxçıvandakı müxalifət partiyaların ayrı-ayrı binalarda qərargahları var idi. Sonradan Naxçıvan rəhbərliyi onları bir binaya köçürərkən bunu həmin qərargahların qəzalı vəziyyətdə olması ilə izah etdi.