Əlillərin sualı var

Əvvəllər Azərbaycandan Ukraynaya gedən əlillərin müalicəsi 45 gün çəkirmiş

-
40 yaşlı Telman Əsgərov birinci qrup əlildir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin göndərişi ilə bir neçə dəfə Krımda Burdenko adına Əlillərin Bərpa Mərkəzində müalicə olunub. Deyir ki, həmin mərkəzdə əvvəllər Azərbaycandan gedən əlillərin müalicəsi 45 gün çəkirmiş. Son iki ildə həmin müddət 28 günə endirilib. Onun fikrincə, müddətin azalması tam müalicəyə imkan vermir:

«Bütün MDB dövlətlərindən gələnlər 45 gün müalicə alırlar. Bizdə 28 gündür. Bunun da 4 günü bazar gününə düşür. Şənbə günləri də qısa iş günləridir. Səkkiz gün belə gedir, qalır 20 gün. Bizdə deyirlər ki, müalicə alan əlilin sayını çoxaltmışıq, ona görə günlərin sayını azaltmışıq. Elə olub ki, 60 nəfəri bir gündə göndəriblər kardioloqa, 60 nəfəri də rentgenə. Analizlərdən keçmək üçün 3 gün vaxt verirlər ki, bundan sonra müalicə təyin olunsun».

YOLUMUZ UZANIR...

Krıma gedən əlillər deyirlər ki, bir başqa problem də müalicə olunduqları yerə birbaşa yox, dolanbac yollarla getmələridir. Telman Əsgərovun dediyinə görə, əvvəlki kimi birbaşa Bakı-Simferopol reysi ilə yox, İstanbuldan keçməklə gedirlər:

Telman Əsgərov

«Əlil adamlarıq, düşürdülər ora-bura. Sağlam adamlar üçün bəlkə belə rahatdır. Axı biz əlilik. Ora-bura dəyirik, zədələnirik. Zədələnməyimiz aylarla yataq xəstəsi olmaq deməkdir. İşimizi yüngülləşdirməkdən daha da çətinə salıblar».

Şikayətə gəlmiş birinci qrup əlil İlham Məhərrəmovun fikrincə, müalicə müddətinin azalması onlara psixoloji baxımdan da pis təsir edir:

«45 günlük müddəti indi 28 gün ediblər. Söhbət təkcə müalicədən getmir. Əlil insanıq. Nə qədər evdə oturmaq olar? Oranın da bir ab-havası var, gedirik, havamızı dəyişirik. Əhvalımız nə qədər yaxşı olsa, bir o qədər bizə də müsbət təsir edir».

İlham Məhərrəmov

NAZİRLİK: «REYS BİZDƏN ASILI DEYİL, MÜDDƏT İSƏ KİFAYƏTDİR»

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əlillərin sosial müdafiəsi siyasəti şöbəsinin müdir müavini Saday Abdullayev deyir ki, əlillərin birbaşa reyslə getməmələri onlardan asılı deyil:

«Bakı-Simferopol reysi iyunun sonu, iyulun əvvəlində olur. Həm də Bərpa Mərkəzindən Azərbaycana nə qədər yer ayrılırsa və hansı ayda ayrılırsa, biz də həmin müddətdə göndəririk. Biz həmişə çalışmışıq ki, bu, yay ayına düşsün. Bu il bizə aprel ayında yer ayırıblar. Bu, bizdən asılı olmayan bir şeydir. İradları Türkiyədən getməklə bağlıdır. Kiyevdən getsələr, 8-10 saat gözləməli olacaqlar. Biz hələ ən yüngül variantı götürmüşük ki, Türkiyədən olsun. Orada cəmi üç saat gözləyirlər.

Saday Abdullayev

Düzdür, çətinlikdir, ancaq ən yaxşı variant budur. Müddətə gəldikdə, əvvəlki illərdə adamlar az olub. İndi xəstəliyin dərəcəsinə görə müalicə müddəti 28 gün aparılır. Özü də bu müddət bəs edir».

Bəs müddətin qısaldılmasına həkimlər necə baxır? Həkim Mehdi Mehdiyevin fikrincə, bu, xəstəyə görə dəyişir:

«Reabilitasiya fərdidir. Elə xəstəliklər var ki, orda 15 gün də kifayət edər, elə xəstəliklər var ki, bərpa müddəti aylarla davam edər. Ona görə bunların hamısı nisbidir».

Birinci qrup əlil Telman Əsgərov 60 manat müavinət aldığını, bunun heç bir dərdinə dərman olmadığını deyir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bildirirlər ki, indi 60 manat alanlar əvvəllər 35 manat alırdı və vəd edirlər ki, müavinətlərin artırılması məsələsinə yenidən baxılacaq.