Masallıda icra başçısı jurnalistlərə «dərs keçdi»...

Rafil Hüseynovun jurnalistlərlə görüşü

-

Masallı rayon icra hakimiyyəti başçısı Rafil Hüseynov bu günlər bölgədə fəaliyyət göstərən jurnalistlərlə görüş keçirib. Görüş «süfrə» arxasında keçirilib və orada 10-dan çox KİV-in nümayəndəsi iştirak edib. İcra hakimiyyəti başçısı görülmüş işlər barəsində məlumat versə də, həllini gözləyən problemlərdən də danışıb. O, mətbuatla bağlı fikirlərini bildirib. Bir növ «dərs keçib»:

İCRA BAŞÇISINA GÖRƏ MƏTBUAT NƏDİR?

«Əvvəllər mətbuat sayla olardı, indi saysızdır. İnternet səhifələri açılıb, hərə bir sayt açır. Əslində mətbuatın məramı başqadır. O oxunmursa mətbuat deyil. 5 adam, 2-3 adam hansısa sayt yaradır, hansısa nazirin adını yazmalı olur. Ağına-bozuna baxmadan, icra başçısının adını yazır orda. Bu, mətbuat deyil. Mətbuat odur ki, səhər gələndə onu vərəqləyəsən, açasan, axşam evə gedəndə özünlə aparasan, kimsə oxusun. Sonra başqasına verəsən. Hansısa sensasiya, bir dəfə, iki dəfə sonra heç kim oxumur. Eyni məsələdən yazırlar. Hansısa nazir yola salınır. Mətbuat da yalançı bir şey olub».

Başçının fikrincə, mətbuat cəmiyyətə düzgün istiqamət verməlidir. Onun sözlərinə görə, Cənub bölgəsinin sərhəddə yerləşməsi neqativ halların meydana gəlməsinə şərait yaradıb:

«BİZİM SƏRHƏDDƏ YERLƏŞMƏYİMİZ, DİNİ ƏHVAL RUHİYYƏNİN YÜKSƏK OLMASI...»

İcra başçısı ilə jurnalistlərin görüşü

«Şəraiti mürəkkəb olan rayonlardan biri Yardımlıdır, biri isə Masallı. O dərəcədə bilməzdim. Bizim sərhəddə yerləşməyimiz, dini əhval ruhiyyənin yüksək olması, burda mərkəzləşməsi, vaxtı ilə narkotik yolunun buradan keçməsi problem yaradır».

İcra başçısı hesab edir ki, bütün bunlar rayonun inkişafını ləngidən hallar olub. Bununla belə bölgədə inkişaf getdiyini qeyd edib:

«İnkişaf gedir, qurulur, tikilir. Bizim Masallıda da, Lənkəranda da, Cəlilabadda da bu proses gedir. Respublikanın inkişafı fonunda, region sürətlə inkişaf edir».

BAŞÇI TƏKLİFLƏR VERİR...

Başçı deyir ki, Masallı aqrar rayondur. O, hesab edir ki, kənd təsərrüfatının inkişafı istiqamətində görüləsi işlər çoxdur. Birinci növbədə, istehsal edilmiş kənd təsərrüfatı məhsulları üçün bazar lazımdır, kəndlərdə yollar çəkilməlidir. Onun fikrincə, kənd təsərrüfatı məhsulları üçün ən yaxşı bazar Rusiyadır:

«Keçid dövründə köhnə əlaqələr itib. Masallı az torpaqlı rayondur. Respublikanın bəlkə də ən az torpaqlı rayonudur. Əhalisi həddindən artıq çoxdur. 210 min əhaliyə 30 min hektara qədər yararlı torpaq düşür. Onun yarısı da 23 min hektarı əkin altında olan torpaqlardır».

Masallı rayonu

Başçının bildirdiyinə görə, rayonda kifayət qədər iş yeri var. Tikinti-abadlıq işlərini görmək üçün rayona 300 milyon manatdan çox vəsait yönəlib. O deyir ki, mənzil üçün onlara müraciət edənlərin sayı artmaqdadır. Başçının bildirdiyinə görə, ev üçün rayon icra aparatına 212 nəfər müraciət edib. Rafil Hüseynov deyir ki, onlara mənzil tikintisi üçün vəsait verilmir.

Rayonda fəaliyyət göstərən siyasi partiyaların yerli təşkilatlarının nümayəndələri isə icra hakimiyyəti başçısının sürətli inkişafla bağlı fikirləri ilə razılaşmırlar. Müsavat partiyasının rayon təşkilatının sədri Xasay Səfər oğlu hesab edir ki, son 20 ildə heç bir problem köklü sürətdə həllini tapmayıb. Onun sözlərinə görə, kəndlərin qazlaşdırılması, demək olar ki, dayanıb. Rayonun elektrik təsərrüfatı 20 il öncə necə idisə eləcə də qalıb. Külək əsəndə, qar yağanda rayonun əksər yaşayış məntəqələrinə işığın verilməsi dayandırılır. Xasay Səfər oğlu deyir ki, iş yerlərinin olmadığından sakinlər Rusiyaya üz tuturlar. Onun deməsinə görə, elə kəndlər var ki, işlək əhalinin hamısı Rusiyadadır. Üstəlik Masallı Cənub bölgəsində yeganə rayondur ki, onun ərazisində qul bazarı fəaliyyət göstərir:

«BIR NÖMRƏLİ PROBLEM DƏ İŞSİZLİK PROBLEMİDİR»

Masallı bazarı

«Xüsusi ilə iş yerləri ilə bağlı dediyi fikirlər reallığı əks etdirmir. Bu gün Masallının 210 minə yaxın əhalisi var. Bir nömrəli problem də işsizlik problemidir. Xüsusən gənclər arasında. Onların «iş görürük» demələri isə daha çox kosmetik xarakter daşıyır. Küçələrə bir az metlax yapışdırmaq, asfalt döşəmək, binaların fasadlarının rənglənməsi, bunları deyirlərsə, düz deyirlər».

AXCP rayon təşkilatının sədri Əlişir Bəşirli də icra hakimiyyəti başçısı ilə razılaşmır. Onun deməsinə görə, neftlə zəngin ölkədə ailə qura bilməyən, yaşı keçməkdə olan minlərlə gənc var. O deyir ki, rayonda kənd təsərrüfatı məhsullarını saxlamaq üçün soyuducu anbar inşa edilib. Baha başa gəldiyi üçün bu anbarlardan istifadə edə bilmirlər. Hər il tonlarla kənd təsərrüfatı məhsulu zay olur.