Yevgeni Yevtuşenko «Şair» (Poet) mükafatına layiq görüldü

Yevgeni Yevtuşenko

-
«Rus Poeziyasının Dəyərləndirilməsi» İB-nin RАО «YeES Rossii» ilə birgə qurduğu «Şair» (Poet) mükafatının 2013-cü il laureatı məşhur rus şairi Yevgeni Yevtuşenko olub.

Rusiya mediasının yaydığı xəbərə görə, ötən il bu mükafatı Yevgeni Reyn alıb.

Müxtəlif illərdə rus dilində yazan şairlər—Sergey Qandlevski, Timur Kibirov, İnna Lisnyanskaya, Viktor Sosnora, Oleq Çuxonsev mükafatın sahibi olublar.

Mükafatın təlimatına görə, şairin harada yaşaması və milliyyəti heç bir əhəmiyyət daşımır. Önəmli olan şairin rus dilində yazması və hazırda yaşamasıdır.

Onu şairin ölümündən sonra vermək və bir neçə nəfərin arasında bölmək olmaz.
Təlimata görə, münsiflər heyəti yeni laureatı ötənilki qaliblə birgə seçir.

«Müasir rus poeziyasındakı ən böyük nailiyyətlərə görə» verilən «Şair» (Poet) mükafatı 2005-ci ildə qurulub.

Onun ilk qalibi Aleksandr Kuşner olub.

«Şair» mükafatının məbləği 50 min dollardır.

Ünlü rus şairi Yevgeni Yevtuşenko 1932-ci ildə Sibirdə doğulub. O, 60-cı illər nəslinin ən parlaq nümayəndələrindəndir.

Hələ Sovetlər zamanında bütün dünyada tanınıb.

Y.Yevtuşenkonun 1966-cı ildə yazdığı ən məşhur misrası-- «Поэт в России больше, чем поэт» («Rusiyada şair şairlikdən artıqdı») yaradıcılığının manifestinə çevrilib və dildən-dilə düşüb.