Yetər striptiz, düş zaldan gedək... (Seçmə şeirlərdən)

Dalğa Xatunoğlu

-

Bu şeir son həftələrdə "Oxu zalı"na göndərilmiş əsərlər arasından seçilərək çap olunur. Bütün əsərlər imzası göstərilmədən Münsifə göndərilb.


Dalğa Xatunoğlu


UZAN SONUNA QƏDƏR


Yetər striptiz, düş zaldan gedək,
Bizə nə dəxli var ömür boyu kayfını qovub
Gətirib barda tutmaq istəyənlər?

Bu gecə bizim,
Uzanaq sahil qumlarında,
Uzanaq - sənsiz gecələrimin uzunluğu qədər uzun...

Bizə nə gündüzü çörək dərdi çəkənlər?
Qalx işə, sağa-sola işə! Haydı varına-yoxuna işə.
Bağışla, coşdum, ama doğrusu bizə nə?

Bizə nə açılmaqçün səhərin açılmasına tələsən güllər?
Mən heç tapmadım səbəbini -
Bənövşənin bükük boynu,
Xrizantemin toppuş, yumşaq yanağı,
Və lalənin bağrındakı qaranın!

Yanaq demişkən, yanağın heç yuyulmamış istəkan,
Türlü-türlü dodaq izləri var üstündə,
Yaxşı, üzülmə, sevsəm, keçib gedər.
Amma doğrusu bizə nə?
Bizə nə dünyada neçə yüz min gül növü var?
Amma süsən gülünə əminəm, inanıram bir tür,
İnanıram Həvva boylukən göz yaşından bitdiyini,
Miflərdən inandığım təkcə bu.

Yaxşı utanma, utanmağa hər zaman səbəb var,
Ama mən heç tapa bilmədim,
İnsan vücudu 70 faiz sudursa, öyünməyin səbəbin.

Yaxşı unut, susdum artıq, uzan,
Uzan - xoşbəxtliyə aparan ömüryetməz yollar qədər uzun.
Uzan sənsiz gecələrin uzunluğu qədər.
Ayparaya əlin çatana qədər uzan,
Bax saqimizdir fırlanan kainat,
Zəngi rəqqasəsidir göy, əlində gümüş piyalə,
Bax, qarşında əyilib göy,
Bax milyon-milyon ulduzlara,
Bizimçündür gözvurma yarışları dayanmadan
Fərq etməz, sən oğlansan, mən qız
Bax, milyon-milyon sevənimiz var,
Fərq etməz, mən oğlanam, sən qız.

Bu da bizim bar,
Tamaşa qurub bizə dayanmadan fırlanan zəngi rəqqasəmiz,
Hələ tələləsmə, hələ gecədir, tələsmə a qız,
An gəlir striptiz də görsədər, o da son tamaşamız,
Hələ tələsmə səhərin açılmasına,
Günəş başını qaldırıb,
Kölgəmizin bizdən uzun olduğunu göstərmədən, utandırmadan -
Hələlik uzan, uzan qumlar üstə, sonsuza qədər uzan.