Çində türkcə kitabə tapıldı

Monqolustan, Orxon yazılı daş abidələrindən (Arxiv)

-

Çinin şimalındakı köhnə paytaxt yeri olan Xian-da göytürk hərfləri ilə və çincə yazılmış kitabə tapılıb.

Miladın 795-ci ilində qələmə alınmış abidə Uyğurıstan şahzadəsi Karı Çor-a (çincə Ge Çor) aid edilir.

Türkiyə mediasının yazdığına görə, bu münasibətlə Xian-dakı muzeydə türk, çin, fin və Avropalı alimlərin qatıldığı toplantı keçirilib.

Yazını ilk dəfə Türkiyəli prof. Dr. Cengiz Alyılmaz oxuyub. Türkcə mətnin yanında çincə yazının olmasını da o üzə çıxarıb.

İki dildə yazılmış bu kitabə 40 sm ölçüsündə kvadrat şəklindədir.

Yazı 19 yaşında ölən şahzadə Karı Çor-un cənazə mərasimi üçün hazırlanıb.

Türkiyəli alimin sözlərinə görə, kitabə o dönəmlərdə uyğur-çin əlaqələrinin yaxınlığını da göstərir.

Yazıda cənazə hazırlıqlarının Çin hökmdarı tərəfindən düzənləndiyi vurğulanır və türkcə-çincə mətnlər bir-birini tamamlayır.

Xatırladaq ki, daş kitabənin tapıldığı Xian şəhəri Shaanxi əyalətinin mərkəzidir və burada Qin xanədanın məzarlığı da var.

Tarix qoxan bu şəhər İpək Yolunun da başlanğıcı sayılır.