Teatrlar futbol oynadılar...

Foto: Arxiv

-
Dövlət Gənc Tamaşaçılar Teatrının kollektivi Azərbaycan Mədəniyyət İşçiləri Həmkarlar İttifaqının Respublika Komitəsinin təşkil etdiyi mini-futbol yarışmasında iştirak edib.

Xəbəri AzadlıqRadiosuna Gənc Tamaşaçılar Teatrının mətbuat xidməti verib.

Yarışma Heydər Əliyevin 90 illik yubileyinə həsr olunub.

Üç gün davam edən yarışmaya Gənc Tamaşaçılar Teatrı ilə yanaşı, Akademik Milli Dram Teatrı və Opera və Balet Teatrı da qoşulub.

Maraqlı oyun nümayiş etdirən Gənc Tamaşaçılar Teatrının oyunçuları yarışmada ikinci yeri qazanaraq diplom və pul mükafatına layiq görülüb.

Yarışmada birinci yeri Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları Assosiasiyası (AHİTA), 3-cü yeri Opera və Balet Teatrının kollektivi qazanıb.

Xəbərdə vurğulanır ki, qalib teatr artıq səfərə hazırlaşır.

Kollektiv bu il mayın 12-dən 19-dək Türkiyə Cümhuriyyətinin Dənizli şəhərində keçiriləcək Beynəlxalq Teatr Festivalında iştirak edəcək.

Teatr tanınmış alman yazıçısı Patrik Züskindin psixoloji dram janrında hazırlanmış «Kontrabas» adlı mono-tamaşası ilə çıxış edəcək.

Tamaşada kontrabasçı rolunu Əməkdar Artist Şövqi Hüseynov ifa edir.

Həmin tamaşa bu ilin aprelində Kolombo II Beynəlxalq Teatr Festivalında nümayiş olunub və festivalın əsas mükafatına layiq görülüb.