Çingiz Hüseynov «xain şairdən» danışdı

Çingiz Hüseynov

Ankara Beynəlxalq 13-cü Hekayə Günlərinə qatılmaq üçün Türkiyəyə dəvət alan yazıçı Çingiz Hüseynov Nazim Hikmətin Moskvada vətən həsrəti çəkdiyi günləri «Habertürk» müxbiri ilə paylaşıb. AzadlıqRadiosu söhbəti Azərbaycan oxucularının diqqətinə yetirir.
-
1947-ci ildə 20 yaşındaykən Moskva Dövlət Universitetində Rus dili və ədəbiyyatı fakültəsinin tələbəsi olan Çingiz Hüseynov doğulduğu Azərbaycan torpaqlarından uzaqda özü kimi türkcə danışanlarla təmas qurur. Ən yaxın dostu özündən 4-5 yaş böyük soydaşı və ədəbiyyat həvəslisi Əkbər Babayev olur. Bu dostluq Hüseynovun Nazim Hikmətin həyatıyla tanışlığına və zaman-zaman onunla söhbətləşməsinə yol açır. 1963-cü il iyunun 3-ə – Nazim Hikmətin ölümünədək çiçəyi burnunda bir yazıçı sayılan Çingiz bir çox olayın da şahidinə çevrilir.

Azərbaycan yazıçısı bir zamanlar Nazim Hikmətin də gedib-gəldiyi Peredelkinoda – Moskvanın 30 km uzaqlığındakı kənddə yaşayır və Türkiyədən gələnləri Nazimin yaşadığı evə apararaq bələdçilik edir.

Hüseynov yaxın dostu Əkbər Babayevin Nazim Hikmətlə yaxınlığından belə söz açır:

«O, Nazim Hikmətin türk dilindəki ilk oxucusu olub... Həm Nazimin oğlu, həm övladı, həm də onu qoruyan adam sayılırdı. Nazimin hər şeyi ilə maraqlanır, ona siqaret alır, nəyə ehtiyac duyub-duymadığını bilirdi. O dönəmlər Babayevin Kommunist Partiyası üzvü olduğunu qeyd edən Hüseynov sonralar sovet rejiminin Nazim Hikmətin azad davranışlarından narahat olduğunu anladır: «Bir müddət sonra Babayevi «ölkə xaricindən gələn adamlarla səmimi münasibətlərinə görə» partiyadan qovdular. Sonra sübut edildi ki, əslində Nazim Hikməti suçlayırlarmış. Düzdür, kommunist partiyasını idarə edənlər bunu boyunlarına almadılar. Amma biz Babayevin Nazim Hikmətlə yaxınlığından rahatsızlıq duyulduğuna inanırıq».

HƏR KƏSİ DOST BİLİRDİ

Habertürk: Sizin – Çingiz Hüseynovun gözündə Nazim Hikmət necə bir adam idi?

Ç.H.: Sözün dəyərini çox uca tuturdu. Ağzından çıxan hər sözün qəlbindən gəldiyini düşünürdü. O üzdən fərqli fikir söyləyənlərlə fərqli davranmalarını anlaya bilmirdi. Çox yaxşı bir insan və ürəyiaçıq, hər kəsi dost bilən adam idi. Mən də bunu ondan öyrənmişdim...

Habertürk: Sizcə, zaman-zaman iddia edildiyi kimi, Nazim Hikmət ruslara işləyirdi?

Ç.H.: Yo-ox, casusluq iddiası tam bir yalandır. Sadəcə, təbliğatdır. O, bəşəri dəyərlərə inanırdı. Nazim üçün o mərhələdə olmaq lazım idi. İrəliləmək üçün kommunist olmaq lazım idi. Türkiyə əleyhinə yazmaq istəmirdi, amma Rusiyada gördüyünü də bəyənmirdi. Stalin haqqında birinci o yazdı. Ancaq Türkiyənin əleyhinə tənqid yazmadı. Bununla bağlı bir xatirəmi söyləyim: İllər öncə Türkiyəyə gəlmişdim. Çox həyəcanlıydım. İstanbulda taksiyə mindim. Sürücü «haralısan?» – deyə soruşdu.

Nazim Hikmət

«Rusiyadanam» – cavabını verincə, «Orada xain bir şair yaşayır» – dedi. O cavabı eşidincə, «Mən düşürəm, səninlə getmək istəmirəm... Onu tanımırsan, eşitdiklərinlə təbliğat aparırsan. Nazim Hikmət, Türkiyənin ən böyük oğludur» – dedim. Belə söyləyincə, sürücü məni düşürmədi və sonra xeyli söhbətləşdik.

TÜRKCƏNİN OĞLU

Habertürk: Sizcə, Nazim Hikmət Sovetlər Birliyində Türkiyəni necə təmsil edirdi?

Ç.H.: O, türkcənin oğluydu. Məsələn, 2 dəfə bərabər Azərbaycana – Bakıya getdik. O zamanlar Füzulinin doğum ildönümü bayram edilirdi. Bütün məclislər rus dilində keçirilsə də, Nazim kürsüyə çıxdı və «Əziz qardaşlarım» deyincə salon yerindən qalxıb alqışlamağa başladı. Axı Azərbaycan dilini və türk ləhcəsini dinləmək bizim üçün çox önəmliydi. Sanki oturanları yerlərindən qopardılar. Hər kəs ayağa durmuşdu. Bir də onu Sovetlər Birliyində böyük bir şair saysalar da, tam anlamırdılar. Məsələn, Puşkin də elədir. Ruscası gözəldir. Nazim Hikmət də tərcüməyəgəlməz yazardır. Ruscaya çevrilmiş şeirlərində türkcədəki zənginlik çox da duyulmur.

Habertürk: Türkiyə həsrətiylə bağlı özəl bir xatirəniz varmı?

Ç.H.: Bir yazar yoldaşımız Rusiya səfirinin qonağı kimi Türkiyədə olmuşdu. Geri dönəndə hamımız onun evinə toplaşmışdıq. Nazim Hikmət də oradaydı, türkcə qəzetlərə, yeni çıxan kitablara baxa-baxa, çaşıb-qalmışdı... Səfərdən qayıdan yoldaşımız təəssüratlarını danışır, İstanbuldan söz açırdı. Diqqətlə baxdım və gördüm ki, Nazim Hikmət çox təəssüflənir, dinlədikcə üzülürdü. Sonra Nazim Hikmət o yoldaşdan – «Mənə bir kitab verə bilərsən?» – deyə soruşdu. Amma yoldaşımız – «Bilirsən, mən səfər qeydlərimi yazacağım, kitabları verə bilmərəm» – dedi.

Alman yazarı Stefan Hermlin və Nazım Hikmət, Berlin, 1952

Bunu içinə saldı Nazim. O dəqiqə ayağa qalxıb getdi. Fikirli olduğundan günəş gözlüyünü də unutdu. O zaman Rusiyada günəş gözlüyü tapmaq çox çətin idi, axtarsan da tapılmazdı. Ardınca gedib gözlüyünü verdim. İndi bəzən düşünürəm ki, kaş o gözlüyü bir xatirə kimi saxlayaydım. Ondan xatirə qalardı. Amma o zaman günəş gözlüyü qiymətli sayılırdı. Nazim Hikmətin gözlüksüz qalmasını da istəməzdim.

NAZİM HİKMƏTİN QAÇIŞLARI...

Habertürk: Nazim Hikmətin həyatı üçün özəl bir şərhiniz var – «Qaçışlar hekayəsi». Nədən belə yozursunuz onun yaşamını?

Ç.H.: Mən deyirəm ki, Nazimin həyatında 4 qaçış var. Birinci qaçışı Türkiyədən Sovetlərə, yəni məhbəsdən məhbəsə, yəni əsarətdən əsarətə qaçış oldu. Əvvəlcə ümid dolu bir qaçış kimi görünürdü, amma Sovetlər Birliyində yavaş-yavaş ümidlərini itirməyə başladı. Bir insan kimi xoşbəxt anları olurdu, ancaq əzab çəkir, içini yeyib-tökürdü. İkinci qaçışını deyim: KQB ona bir qadın təhkim etmişdi. Dilanlamaz, amma çox gözəl həkim idi – doktor Qalina. O, KQB-yə də bilgi ötürürdü. Nazimin ürəyi xəstəydi deyə, həkimə ehtiyacı vardı. Sonra Qalina onun qadını oldu. O, Nazim Hikmətin dışarı çıxmasını əngəlləyirdi. Sanki ona yapışmışdı, yalnız buraxmır, kiminlə danışsa, yanından əl çəkmirdi. Türkcə bilməsə də, hər şeyi dinləyirdi. Bax, o dönəmlərdə Nazim bir qadına vuruldu – Vera Tulyakovaya... Bilirsən ki, hər şairin bir ilham pərisi olmalıdır. Şair qəlbi sevgiyə möhtacdır. Amma Qalinadan necə qaçacaq, onu necə tərk edəcəkdi? Nazim Əkbər Babayevi çağırır və bir axşam onu ötürmək bəhanəsiylə ayağında çəkələk evdən çıxır. Əkbər Verayla Nazim üçün qatara bilet də alıbmış. Eləcə, hələ evlənmədən qaçıb gedirlər... Və... Nazimin üçüncü qaçışı... Əzab dolu bir həyat sürdü.

Nazim Hikmət və Vera Tulyakova

Bir gün də yaşamdan ölümə qaçdı. Yüz faiz əminəm ki, onu vətən həsrəti öldürdü... Hər səhər poçt qutusundan qəzet götürməyə çıxardı. Məncə, o qutudakı qəzetdə onu vətəninə – Türkiyəyə qaytara biləcək xəbəri axtarırdı. O həyəcanlı axtarışlara, siz də bildiyiniz kimi, bir gün ürəyi dözmədi...

Habertürk: Və Nazim Hikmət, sizin deyiminizlə, beləcə ölümə qaçdı...

Ç.H.: Dördüncü qaçışı da var. Təbii, indi mən belə görürəm. Mən onun dəfninə qatılmışdım. Daha sonra məzarına heykəl qoydular. O heykəli Əziz Nesinlə görmüşdüm. O gün bir xeyli heykəli seyr etdim – Nazim Hikmətin ayaqüstə silueti idi. Sanki Nazim daşdan qopub qaçmaq istəyir. Yəni, ölümdən də, daşdan da çıxaraq bizə doğru gəlmək istəyir. Hələ də vətəninə doğru getmək istəyir. Bunu indi anlayıram.

HÜSEYNOV DA YASAQLI QALIB

Habertürk: Və gələk sizin hekayənizə. Siz də yazar olduğunuz üçün sıxıntılar yaşadınız. Moskvada azərbaycanlı bir yazıçı olmaq necədir?

Ç.H.: Yasaqladılar. 14 il boyunca – 1970-ci illə 1984-cü illər arasında Rusiyadan çıxmağıma icazə vermədilər. Ədəbiyyatla məşğuldum, amma, sən demə, daha öncəki səyahətlərim, Türkiyədəki görüşlərim xoşlarına gəlməyibmiş. İlk romanım «Məhəmməd. Məmməd. Məmiş» nəşr olundu. Bundan öncə xatirələrimi də yazdım. Romanım Azərbaycandakı sovet inqilabından bəhs edirdi. Xaricdə çox maraqla qarşılandı. Həmən ABŞ-da nəşr olundu. Məni oraya kitab təqdimatına da çağırdılar, amma yasaq qoymuşdular deyə, gedə bilmədim. Ardından romanım Fransada çapdan çıxdı.

Kreml

Bu dəfə Fransa Yazarlar Birliyi çox fəal davranaraq məni dəvət etdiklərini bütün rəsmi qurumlara bildirdi. Sonunda Fransaya getməyimə icazə verdilər. Proqram 10 gün üçün nəzərdə tutulsa da, Parisə bir həftəliyə getdim. Fransızlar qalmağımı istədilər, ancaq mənim cəsarətim çatmadı. 1984-cü ildə kim deyərdi ki, Sovetlər dağılacaq. Elə əbədi davam edəcək deyə, düşündüyümüzdən qadağalardan da qorxurduq. Di gəl, Sovetlər Birliyi içəridən dağıldı.

30 İL SONRA TÜRKCƏ...

Habertürk: İndi ilk romanınız 30 il sonra Prof.Dr. Birsen Karacanın tərcüməsində, axır ki, türkcə çap olunub. Yaxşı, ilk yayımlandığı zaman ABŞ və Fransa kimi ölkələrdə maraqla qarşılanan bu roman nədən Türkiyədəki oxuculara bu qədər gec çatdırılır?

Ç.H.: Romanımda Azərbaycanda sovet inqilabını, həyatı göstərmişəm. O dönəmlər əksər insanların düşüncə və davranışları haçalanırdı. Yəni, insan düşündüyünü söyləmir, dediyi kimi davranmırdı. Təbii, romanım kimlərisə rahatsız etdi. Rus dilində də çox çətinliklə nəşr olunmuşdu. Amma ardından qısa müddətdə ABŞ-da çapdan çıxmışdı. Qərb ölkələri çox maraq göstərdi… amma Türkiyədə nəşr edilmədi. O gündən bu günə, mən də elə bunu düşünürəm. Axı 1980-ci illər Türkiyəsi sağçı və solçulara parçalanmışdı. O zaman solçu çevrələr kitabımın türkcə çapını istəmədi. Sovetlərin tənqid olunmasını, Azərbaycanın bu şəkildə göstərilməsini istəmədilər. Sağçılar da elə öncələrdən ümumiyyətlə rus yazarlarına heç bir maraq göstərməzdilər. Yəni, sağçılar rus yazarı saydığı, solçular Rusiyanı tənqid etdiyi üçün məni istəmədilər. Ancaq indi artıq Türkiyədə də məni oxuyacaqlar deyə sevinirəm.