Norveç ancaq Statoildan və mühacirlərdən ibarət deyil

  • Ayaz Əhmədov

Norveç bayrağı

Norveçdə yaşadığımı biləndə dost-tanış məndən ancaq bir məsələni soruşur: bu ölkəyə necə gedib, orada necə məskunlaşmaq olar. Bəzənsə, jurnalist həmkarlarım Statoil və ya Norveçin Neft fondu haqda soruşurlar.

Vəssalam? Axı Norveç ancaq neftdən və mühacirlərdən ibarət deyil?

17 may Norveçin milli bayramıdır. 1814-cü ildə Danimarkanın tərkibindən qurtulub İsveçin nəzarətinə keçəndə qəbul olunan ilk Konstitusiya təqvimin məhz bu gününə təsadüf edir.

Norveç haqqında söhbət açıb ürəyini boşaltmaq üçün bundan münasib gün tapmaqmı olar?

Əlbəttə, hər şey nisbidir.

Təxminən eyni vaxtda Norveçin Bergen şəhərində məskunlaşan mənim və Azərbaycanlı dostumun təəsüratları müxtəlif ola bilər. Burada onun 2 dəfə maşınını oğurlayıblar. Mənə isə 2 dəfə pul kisəmi itirdikdən dərhal sonra telefon zəngi gəlib: “Əhmədov? Pul kisənizi tapmışam, filan yerdən götürə bilərsiz”.

Əgər mən Norveç haqqında ancaq bir əhvalat danişmaq seçimi qarşısında dursaydım, mütləq aşağıdakı epizodu seçərdim.

CANAVARIN MƏHKƏMƏ-TİBBİ EKSPERTİZASI

Günlərin bir günü xəbər gəlir ki, hansısa qatarın təkərləri altına bir canavar düşüb ölüb. Məlumat üçün deyim ki, Norveçdə canavar sürüsünün sayı kəskin şəkildə azaldığından bu heyvanın adı qırmızı kitaba salınıb. Onun öldürülməsi isə qəti qadağan olunub.

Bu yasaqdan sağına-soluna faydalanan canavarlar da tez-tez qoyun sürülərinə hücum edib norveç fermerlərinin ən çox nifrət etdiyi məxluqa çevrilib. Fermerlərin lobbisi dəridən-qabıqdan çıxır ki, canavarı heç olmasa sürüyə hücum edəndə vurub öldürmək hüququnu geri qaytarsın. Amma Norveç parlamenti qətiyyətlə yox deyir.

Tərs kimi də söhbətini açdığım qatar qəzasının baş verdiyi ərazi qoyun fermaları ilə dolu idi və həmin ərəfədə canavarların qoyun sürüsünə hücumu haqda xəbərlər yayılırdı.

Jurnalistləri dumanlı şübhə götürmüşdü ki, canavar həqiqətənmi qatarın təkərləri altında ölüb? Bəlkə yerli fermerlər heyvanın axırına cıxıb izi itirmək üçün onu dəmir yoluna atıblar?

Əlqərəz, media hay-küyü bir fakt idi. Qalmaqalın təbii nəticəsi olaraq canavarın cəmdəyini Osloya tibbi ekspertizaya göndərdilər ki, məhkəmə təbabəti üzrə ekspertlər leşi yarıb ölümün səbəbini müəyyən etsinlər. (Epizodun sonu)... Mənim üçün ən maraqlısı elə bura qədər idi: canavarın məhkəmə-tibbi ekpertizası.

BÖYÜK HƏRFLƏ YAZILAN QADIN

Norveç cəmiyyətinin gündəliyində duran ən ümdə məsələ qadın-kişinin bərabərliyidir.

Bir dəfə Azərbaycandan qayıdan Norveç jurnalisti Karl Wilhelmsen İmişli ərazsindəki qaçqın düşərgəsindən bir süjet hazırlamışdı. Çadır şəhərciyinin sakini, orta yaşlı bir kişi şikayət edirdi.

- Ehh – deyirdi, - nə iş var, nə güc. Oturub qalmışıq evdə. Artıq arvadla kişi arasında bir fərq qalmayıb...

Ertəsi gün norveçli bir tanışım mənə deyəndə ki, Azərbaycan çox inkişaf etmiş ölkədir, istər-istəməz onun gözlərinə diqqətlə baxdım: içib-zad eləməyib ki? Sonra izah elədi ki, belə bir TV süjet görüb.

Mənə deyir ki, Norveç az qala 100 ildir bu problemin öhdəsindən gələ bilmir. Neçə-neçə qanun çıxıb ki, məsələn, dövlət məmurlarının azı 40 fazi qadın olsun. Və ya ənənəvi kişi peşələrinə işə adam götürəndə qadın namizədlərə mütləq üstünlük verilsin və əksinə. Amma yenə də Norveç cəmiyyəti, onun dediyi kimi “kişilərin kişilər üçün yaratdığı ictimai üstqurumdan can qurtara bilmir”.

Bu epizoddan sonra həmişə Qarabağ haqqında danışanda deyirdim ki, vaxtilə həmin ərazilərin padşahı Azərbaycanlı qadın Nüşabə olub...

MADAM Kİ, CAMAAT MÜHACİRƏTLƏ MARAQLANIR...

Mühacirət haqqında da gərək kəlmə kəsəsən.

Norveçin ən məşhur mühaciri kral ailəsidir. Onların kökü Danimarkadandır.

1905-ci ildə müstəqillik qazanan Norveç özünə Konstitusiyalı monarxiya üsul-idarəsini seçir.

Norveçlilər Danimarka şahzadəsi Kristian Frederik Karl Georg Valdemar Aksel və ya sadəcə şahzadə Karlı özlərinə kral seçib ölkəyə dəvət edirlər. Dəvəti qəbul edən şahzadə monarx kimi 7-ci Haakon adı altında Norveç tacını qəbul edir və ailəsi ilə Norveçə köçür.

Müxtəlif illərdə Norveçə gəlib çatan mühacir dalğalarına nəzər yetirəndə yeni dünya tarixinin birbaşa əksini görə bilərsən. İlk siyasi mühacir dalğassı 60-cı illərə, Vyetnam müharibəsinə təsadüf edir.

Ikinci dalğa 70-ci illərin əvvələrində Çilidə hərbi xunta qələbə çalandan sonra minlərlə Salvador Aliende tərəfdarını buralara gətirdi.

Sonra, 80-ci illərin əvvələrində Norveç Xomeyni rejimindən qaçan İran mühacirlərini qəbul edirdi.

80-90-cı illərin kəsişməsində Tyan an Mın hadisələrinin Çindən qaçqın saldığı adamlara məskunlaşmağa imkan yaradıldı .

Yuqoslaviyada, Çeçenistanda, Somalidə, Əfqənasıtan və İraqda alovlanan müharibələr mütləq Norveçə mühacir dalğası gətirirdi.

NORVEÇİN MÜHACİRƏT SƏNAYESİ

Hər il BMT-nin kvotalarına uyğun minlərlə insanı qəbul edən Norveçin mühacirlərlə işləyən əməlli-başlı dövlət “sənayesi” əmələ gəlib. On minlərlə miqrasiya agenti, sosial işçilər, psixoloqlar, həkim və müəllimlər məhz mühacir axınının tənzminlənməsi ilə məşğul olur. Onların maaşı yerli bələdiyyələrin və dövlətin büdcəsindən verilir.

Tez-tez sual qalxır ki, niyə Norveç sakinlərinin vergi pulları dünya problemlərinin həllinə yönəlməlidir? Ona görə də az qala hər gün yerli medianın xəbər lentlərində mühacirlərlə bağlı məlumatlar özünə yer tapır.

Məsəslən, 2003-cü ilin oktyabrında Azərbaycanda prezident seçkiləri zamanı baş verən qarşıdurma haqqında bir müddət susan Norveç mediası ilk dəfə nəzərlərini Bakıya tərəf yalnız o zaman çevirdi ki, hadisələrin gərginliyi Rauf Arifoğlu İlqar İbrahimoğlunu Norveçin Bakıdakı səfirliyinə gətirib çıxardı.

Elə bilirsiz ki, Norveç jurnaslitlərini maraqlandıran Azərbaycandakı siyasi qüvvələr arasındakı münasibətlər idi? Qətiyyən.

Norveç mediası sualı əsla belə qoymurdu ki, o 2 nəfər səfirliyə niyə pənah gətirib? Sual olunurdu ki, onlara siyasi sığınacaq veriləcək, ya yox...

NORVEÇ AZƏRBAYCAN FƏRQLƏRİ

“Bu doğrudur? Oxşayırlar onlar bizə?” Məşhur səyyah, mərhum Thor Heyerdalın Norveç və Azərbaycanın etnik qohumluluğu haqda nəzəriyyəsi Bakıda açıqlanandan sonra telefon zəngləri ara vermirdi.

Heyerdalın tarixi faktlarını təkzib etmək fikrim yoxdur. Əlbəttə, Skandinaviya mifoloqiyasındakı müqəddəs Odin (“O” hərfi “U” kimi səsləndiyindən “Udin” deyilir) və ya Azar tayfaları, qədim dövrlərin qaya rəsmiləri kifayət qədər maraqlı faktlardı. Amma, Heyerdalın nəzəriyyəsi doğru olsa belə, illərin axını Azərbaycanlılarla Norveç əhlinin oxşarlığını nəinki yox edib, bir çox hallarda sadəcə olaraq onları əks qütblərə çəkib. Məsələn,

- DİALEKT: Azərbaycanlılar ictimai həyatda öz dialektlərini gizlədib imkan daxilində ədəbi dildə danışmağa çalışırlar. Norveçlilərin dialekti, ərazisindən asılı olmayaraq, onların kimliyinin az qala ən vacib elementidir və hətta bir şəhərdən başqasına köçən ailələrin uşaqları öz valideynlərinin ləhcəsini yerli dialektdən üstün tuturlar.

- MƏNZİL: Azərbaycan mənzillərinin xarici görünüşü bir çox hallarda miskin bir görüntüdür. Lakin evlərin içində qarşına tamam başqa mənzərə açılır: hara getsən dəbdəbə iddialı dizayn görərsən: tavanda gips ornamentlər, büllur çilçıraqlar, Ərəb mebeli stilində divan və stullar. Norveç evlərin xarici görünüşü səliqə, daxili interyer isə zahiri sadəliyə ilə seçilir.

- ARXİTEKTURA SİYASƏTİ: Gigantomaniya xəstəliyindən qurtula bilməyən Azərbaycan arxitektura mədəniyyətində tikilərlə təbiətin uzalaşması amili az və ya qətiyyən nəzərə alınmır. Norveç isə münasibət fərqlidir – buranın təbiəti çox gözəldir, sanki nəhəng bir əraziyə səpələnən Göy göldür. Yerli şəhərsalma fəlsəfəsi də bu təbii gözəlliyi qorumağa, insan əlinin yaratdığı tikilərlə diqqəti təbii mənzərədən yayındırmamağa yönəlib.

ƏN BÖYÜK FƏRQ - ideologiyadır. Azərbaycanda hələ də utopiyalarla ifadə olunan siyasət mövcuddur. Ramiz Mehdiyev tez-tez mətbuatda məqalələrlə çıxış edib hakimiyyətin “elmi” əsaslarından, müxtəlif inkişaf dövrlərindən söz açır. Müxalifət düşərgəsində də avtokratizm, totalitarizm və sair “izmlər”lə silahlanmış və cəlbedici nitq qabiliyyətinə malik siyasətçilər az deyil.

Bu sarıdan Norveçin siyasi hakimiyyətini İDEOLOGİYASIZ üstqurum hesab etmək olar. Dövlətin idarə olunmasının alfa və omeqası dövlət büdcəsidir. Bu qədər pulumuz var, bu problemlərin həllinə ehtiyacımız. Vəssəlam. Hakimiyyət başını aşağı salıb çörəkpulu qazanan və qazandığını ailəsinə xərcləyən bir şəxsə bənzəyir. Hansı alim buna kapitalizm adı verir, hansı jurnalist Skandinaviya sosializmi, siyasi mənsubiyyətindən asılı olmayaraq hakimiyyət sükanı arxasında oturanların belə cəfəngiyyatlara nə vaxtı var, nə də marağı.

PROLOQ

Bir neçə il əvvəlin söhbətidir. Heydər Əliyev adına aeroport. Passport nəzarəti şöbəsi. Mənimlə eyni təyyarədə Bakıya gələn bir Norveçli vizanı yerindəcə almaq istəyir. İnternetdən cap edib doldurduğu blankları öz fotoları ilə birlikdə pəncərəyə təqdim edir. Lakin onun əvvəlcədən Norveçdə çəkdirdiyi fotoları qəbul etmirlər. Təklif edirlər aeroport fotoqrafında yenidən şəkil çəkdirsin. Fotoqraf 1 dəqiqənin içində şəkili çəkib ona təqdim edir və aralarında belə bir dialoq gedir:

- Buyurun, Sizdən 10 dollar.
- Nə! 10 dollar?! Niyə belə baha?
- Əşşi, Norveçlisən də, varlı ölkədi, 10 dollar sizinçün nədi ki?
- Bəlkə elə ona görə varlıyıq ki, hər istəyənə 10 dollar vermirik...