İstanbul etirazlarının qəhrəmanı - WhatsApp

WhatsApp

-
Mediasevər bir şəhərdə nümayişçilər, təbii ki, Türkiyədə keçirilən etirazlar barədə dünyaya təzə xəbərlər yaymaq üçün «Twitter» və «Facebook»dan istifadə etməli idilər.

Lakin Türkiyədə aksiyaçılar hərəkatın əvəzsiz vasitəsi kimi, qiyməti 1 dollardan da az olan «smartphone app»dən istifadə edirlər.

Nümayişçilər deyirlər ki, 2009-cu ildə yaradılmış «WhatsApp» proqram əlavəsi 3G və ya WiFi vasitəsilə istənilən sayda SMS yollamaq və kiçik qruplar arasında həssas informasiyanı paylaşmaq imkanı verir.

Onlar bildirirlər ki, baş nazir Recep Tayyib Erdoğan-nın sosial mediaya qarşı söz hücumuna keçdiyi bir şəraitdə bu, daha mühüm vasitəyə çevrilir.

Erdoğan bu həftə «Twitter»i «qorxulu yalan yuvası» adlandırıb. İzmir şəhərində sosial mediada «böhtan» yaymaq ittihamı ilə 25 nəfər saxlanıb.

«WhatsApp»da əlaqə nömrələri olan telefonlara informasiya çatdırılır. Onun vasitəsilə 50 nəfərlik qrup yaradaraq informasiyanı, foto və videonu paylaşmaq olur. Bu mesajları alan şəxslər isə onları öz qrupları daxilində yaya bilərlər. Lakin «Twitter» və «Facebook»dan fərqli olaraq, bu mesajlar yalnız əlaqəli şəbəkələr vasitəsilə yayılır. «WhatsApp»da axtarış aparmaq mümkün deyil.

TEZ VƏ BİRBAŞ ÜNVANINA

Könüllülük edən həkimlər və tibb tələbələri daim ötən həftə başlanmış etirazların ürəyi olan «Taksim» Meydanındadırlar. Əyinlərində ağ xələt olan bu şəxslər 4-5 nəfərlik qruplarla yaxınlıqda dayanır və lazım gəldikdə, izdihamı yararaq gözyaşardıcı qazdan xəsarət almış etirazçılara

Könüllü həkimlər

yardım göstərirlər.

23 yaşlı Cağatay Nuhoğlu birinci ildir ki, həkimlik edir və Türkiyə Tibb Birliyinin üzvüdür. O deyir ki, «WhatsApp» onlara «Twitter»də yayılan dezinformasiyalardan yan keçmək və məhz lazım olan yerlərdə mövqe tutmaq imkanı verir:

«Çox dezinformasiya yayılır. Biz həqiqi informasiya və həqiqi dostlar üçün «WhatsApp» qruplarından faydalanırıq».

Yerli bloqqer və sosial media eksperti Arzu Geybulla «WhatsApp»i vacibliyinə görə «Twitter» və «Facebook»la eyni səviyyədə görməsə də, düşünür ki, bu proqram əlavəsi informasiyanın müstəsna qruplar arasında yayılması üçün mühümdür.

Nümayişlərin ilk günlərində ona göndərilən «WhatsApp» mesajında etirazçılara təmənnasız yardım göstərmək istəyən həkimlərin və ilk tibbi yardım avadanlığı olan mənzillərin siyahısı vardı:

«Adamlar xahiş edirdilər ki, məlumatı qruplar arasında yayaq, «Facebook»a qoymayaq ki, polis etirazçıların adlarını öyrənə bilməsin».

İstanbulda etirazlar

SAXTA TƏHLÜKƏSİZLİK

«Hürriyet» qəzetinin jurnalisti Erdem Güneş deyir ki, əlaqə məlumatının «WhatsApp»da olması ona informasiyanı hələ sosial mediada yayılmazdan əvvəl əldə etmək imkanı verir. «WhatsApp», həmçinin, etirazların təşkilində yardımçı olur:

«Tanımadığım kimsə yazırdı ki, Gezi Parkda kiminsə nəyəsə ehtiyacı var və bir başqa kimsə bunu ora çatdırır».

«WhatsApp»i yaratmış şirkət qürrələnir ki, bir gündə onun şəbəkəsindən 18 milyard mesaj keçib. Məhz buna görə də bu proqram əlavəsi bəzi ölkələrdə hökumətlərin qeyri-sağlam marağına səbəb olub.

Səudiyyə Ərəbistanında Kommunikasiyalar və İnformasiya Texnologiyaları Nazirliyi «WhatsApp»a bənzəyən, lakin ondan daha yığcam «Viber» şəbəkəsini bağlayıb və xəbərdarlıq edib ki, «WhatsApp»a qarşı da müvafiq tədbir görülə bilər.

«WhatsApp», həmçinin, şəxsi sirlərin müdafiəçiləri tərəfindən tənqid edilir. Onlar deyirlər ki, bu şəbəkə saxta təhlükəsizlik təsəvvürü yaradaraq şəxsi istifadəçiləri risk altında qoyur.