«Rüşvətin dalınca gəldilər, vermədim...»

Foto: Arxiv

-
Badamdar qəsəbəsində yaşayan Laçın köçkünü Sahib Mikayılov «Qaynar xətt»ə Səbail rayon İcra Hakimiyyətinin işçilərindən şikayət edib. Deməsinə görə, icra hakimiyyəti işçiləri ondan tikdiyi hasara görə rüşvət tələb ediblər. Tələbi yerinə yetirmədiyinə görə, hasarı söküblər:

«19 il əvvəl Badamdardakı 1 saylı massivdə boş olan 5.5 sot torpaq sahəsini zibillikdən təmizləyib orda məskunlaşdım. İmkan düşdükcə, hissə-hissə ev tikdim, hasara aldım. Evin pəncərələri küçəyə baxdığına görə qarşısındakı boş torpaq sahəsini kələ-kötür daşlarla hasara aldım. 2012-ci ildə pul topladım, usta çağırdım, yöndəmsiz hasarı sökdürüb daş hasar çəkdirdim. İcra hakimiyyətinin Sahib, Natiq və Namiq adlı işçiləri gəlib hasarın sökülməsini tələb etdilər. Hasarın yerində qalması üçün 500 manat istədilər. Noyabrın 15-də pulun dalınca gələcəklərini deyib getdilər. Deyilən tarixdə yenə gəldilər. Mən onlara pulum olmadığını dedim. Gedib traktor gətirdilər, hasarı uçurtdular. Onlara 500 manat versəydim, qanunsuz adlandırdıqları hasar dönüb bir anda qanuni olacaqdı?».

HASARI ÖZÜ SÖKDÜ

Səbail rayon Mənzil Kommunal Təsərrüfat Birliyində sahə nəzarətçisi işləyən Sahib Əliyev bildirib ki, vəzifəsi qanunsuz tikililəri aşkar etmək və qarşısını almaqdır. Badamdar qəsəbəsi də onun nəzarət etdiyi ərazilərdəndir. Laçın köçkünü Sahib Mikayılov evinin ətrafındakı iri sahəni hasara alaraq öz həyətinə birləşdirib. Ondan sənəd istədikdə məlum olub ki, torpağı zəbt edib, sənədi yoxdur. Qanunsuz tikilini sökməsini təklif ediblər, razılaşmayıb. Növbəti dəfə əraziyə gəlib xəbərdarlıq edəndən sonra Sahib Mikayılov hasarı bir tanışı ilə özü söküb.

Sahib Mikayılov Səbail rayon Prokurorluğuna icra hakimiyyəti işçilərinin ondan rüşvət istəməsi ilə bağlı şikayət yazıb. Prokurorluqdan həmin işçilər barəsində cinayət işi başlanmasını tələb edib. Səbail rayon Prokurorluğundan «Qaynar xətt»ə bildirdilər ki, şikayətçinin ərizəsində göstərilənlər araşdırılıb, rüşvət ittihamı təsdiqini tapmadığı üçün cinayət işi başlanması rədd edilib.